Məhkəmə qərarları › İş №2(068)-291/2024

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-291/2024

13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-291/2024 13.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) 12 may 1984-cü il təvəllüdlü X2 01 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 12 may 1984-cü il tarixdə anadan olmuş və 01 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Ərizəçi qeyd edir ki, qardaşının hər hansı xəstəliyi olmamış, qəflətən vəfat etmişdir. Müayinə zamanı da meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar edilməmişdir. Ərizəçi qardaşının vəfatından sonra ölüm haqqında şəhadətnaməsi ala bilməmişdir. Belə ki, həmin sənədin verilməsi üçün iş üzrə maraqlı şəxsə müraciət etsə də, müraciətinin icrasından imtina edilmişdir. İmtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Lakin ərizəçiyə tibbi şəhadətnamə verilməmiş, yalnız ərizəyə əlavə edilən təcili tibbi yardım tərəfindən verilmiş arayış təqdim edilmişdir. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhər Təcili və X3 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1979 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 1209-dа ünvan 2 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü X5 adına “bağlı qapı” səbəbi ilə FHN tərəfindən 13 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda bağlı qapı açılandan sonra evdə arxası üstə uzanmış vəziyyətdə xx.xx.1984-cü il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Ailə üzvləri mərhumun hər hansı bir xəstəlik keçirmədiyini, qəflətən vəfat etdiyini bildirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar olunmamışdır. Çağırış haqqında Polis İdarəsinə məlumat verilmişdir. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx-xx-13248/24 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yaşamış, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmiş, ölüm hadisəsi cinayət xarakterli deyildir. Ərizəyə əlavə edilmiş 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-71-15-650/2024 nömrəli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınması ilə bağlı 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, ərizəçinin qardaşı X5 01 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmiş, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət etsə də, müvafiq tibb müəssisəsi tərəfindən ona həmin şəhadətnamə verilməmiş, yalnız Sumqayıt şəhər Təcili və X3 Bölməsi tərəfindən ölüm barədə arayış verilmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu səbəbdən ərizəçi 12 may 1984-cü il təvəllüdlü X2 01 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar