Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-293/2024 17.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi X3 (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi X5 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsini maraqlı şəxs kimi göstərməklə) X6nun ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum əri X2 rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olmuş, Astara rayonunun Maşxan kəndində vəfat etmişdir. Həmin gün təxirəsalınmaz təcili xidmətə müraciət edilmiş və təqdim edilmiş 25 may 2024-cü il tarixli X7 stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd edilir ki, növbətçi briqada çağırış yerinə çatdıqda bioloji ölüm baş vermişdir. Ölüm haqqında arayışının təqdim edilməsi ilə bağlı Astara rayonun Mərkəzi xəstəxanasına müraciət edilmişdir. Arayış verilməməsini səbəbi kimi gec müraciət edilməsi ilə əlaqələndirilmişdir. Bu barədə Maraqlı şəxs1nə də müraciət edilmişdir. Ölüm haqqında həkim şəhadətnamə olmadığından ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsini nəzərə alaraq məhkəməyə müraciət edilməsini xx.xx.2024-cü il tarixli, 3-16-5/8-37/202 saylı məktubda qeyd edilmişdir. Ərizəçinin əri Astara rayonun Maşxan kəndində dəfn edilmişdir. Ərizəçinin rəsmi qeydiyyat yeri Xızı rayonu Yeni yaşma kəndi hesab olunsa da, ünvan 1 ünvanda yaşayır. X6 yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda olmuş, həmin ünvanda 3 il yaşamışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(018)-990/2024 saylı qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmış və ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Astara rayon X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, növbətçi briqada çağırış yerinə çatdıqda bioloji ölüm baş vermişdir. Ölümün ilkin səbəbi ağciyər – ürək çatışmazlığı qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-37/2024 nömrəli məktubdan görünür ki, X9 ölümünün qeydiyyata alınması ilə bağlı qeydiyyat şöbəsinə təqdim edilmiş ərizəyə baxılmışdır. Bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X9 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Xüsusi icraat qaydasında ərizənin məzmunu ilə müəyyən edilir ki, ərizəçinin X6 25 may 2024-cü il tarixdə Astara şəhərində vəfat etmiş, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət etsə də, müvafiq tibb müəssisəsi tərəfindən ona həmin şəhadətnamə verilməmiş, Astara rayon X7 Bölməsi tərəfindən ərizəçiyə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmiş və həmin vərəqədə növbətçi briqada çağırış yerinə çatdıqda bioloji ölüm baş verməsi, ölümün ilkin səbəbi ağciyər – ürək çatışmazlığı qeyd edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən isə ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı Astara rayon Mərkəzi xəstəxanasına müraciət edilməsi və şəhadətnamənin verilməməsinin səbəbinin gec müraciət edilməsi ilə əlaqələndirilməsi göstərilsə də, bu barədə hər hansı bir sübut ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi X3 (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi X4 “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi X3 ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(068)-293/2024
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-293/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver