Məhkəmə qərarları › İş №2(068)-5/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-5/2022

13.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-5/2022 13.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya payın dəyərinin digər mülkiyyətçi tərəfindən ödənilməsi (kompensasiya) tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin naturada hər biri 1/2 hissədən ibarət paylara bölünməsi, bu mümkün olmadıqda, payının dəyəri 35000 manat pulun digər mülkiyyətçi olan cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuşdur. Bundan sonra cavabdeh iddiaçıya qarşı ümumi əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı isə cavabdehə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi əsasında başlanmış mülki işə Siyəzən Rayon Məhkəməsində baxılaraq, 07 aprel 2017-ci il tarixli qətnamə ilə ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunmasına dair hissədə ləğv olunmuş, iddiaçının cavabdehə qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçının yaşadığı ünvan 1-də yerləşən fərdi yaşayış evi ilə yanaşı cavabdehin hal-hazırda yaşadığı Xızı rayonu, Şuraabad qəsəbəsində fərdi yaşayış evi də, tərəflərin birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlakı hesab olunmuş və həmin mənzilin ½ hissəsi üzərində iddiaçının, digər ½ hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Hazırda cavabdehin yaşadığı fərdi yaşayış evinin 70000-75000 manat qiyməti vardır. Bütün bunları nəzərə alaraq paylı mülkiyyətdəki payının naturada bölünməsini, bu mümkün olmadıqda, payının dəyəri digər mülkiyyətçi olan cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, mübahisəli əmlak müvafiq məhkəmə qətnaməsi ilə onunla cavabdehin birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlakı hesab olunmuş və həmin mənzilin ½ hissəsi üzərində iddiaçının, digər ½ hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Hazırda mübahisəli ev onun mülkiyyətindədir. Lakin, həmin fərdi yaşayış evində cavabdehlə birgə yaşamaq mümkün deyildir. Tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə, Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1964-cü ildə, Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. O, hazırda Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Xızı rayonu, Şuraabad qəsəbəsində 0,25 ha ümumi birgə torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 157,4 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2018-ci il tarixli, 2(102)-1912/2018 saylı qərarından görünür ki, mübahisə predmeti olan əmlak - Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin payının müəyyənləşdirilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 157,4 kv.metr olan fərdi yaşayış evinin bazar dəyəri 42500 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli, 10/5584 saylı rəyində göstərilmişdir ki, Xızı rayonu, Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin tərəflər arasında onların payları bərabər olmaqla naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı hazırkı iddia tələbində evin onun mülkiyyətində olan hissəsinin naturada ayrılaraq ona verilməsini, bu mümkün olmadıqda, payının dəyərinin digər mülkiyyətçi olan cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Payın naturada ayrılmasının mümkün olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyində payın naturada ayrılmasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.). Məhkəmə hesab edir ki, əmlakın naturada bölgüsünün mümkünlüyü yalnız konkret sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilə bildiyindən hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmalıdır. Eyni zamanda, mübahisəli fərdi yaşayış evinin digər mülkiyyətçisi olan cavabdeh öz izahatında iddiaçıya məxsus payın dəyərini ödəmək üçün maddi imkanı olmadığını bildirmiş və eyni zamanda məhkəmə iclasında da tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə iddiaçının paylı mülkiyyətdə olan əmlakların dəyərini tələb etmək hüququ olsa da, cavabdehində öz növbəsində bu məbləği ödəmək imkanı olmalıdır. Əks təqdirdə həmin məbləğin cavabdehdən tutulması onu maddi cəhətdən ağır vəziyyətə salmaqla, gələcəkdə mülki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olar. Belə olan halda bu mərhələdə mübahisə predmeti olan əmlakın dəyərinin iddiaçıya ödənilməsi istisna olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-ə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). Ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi və ya payın dəyərinin digər mülkiyyətçi tərəfindən ödənilməsi (kompensasiya) barədə iddiası təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar