Məhkəmə qərarları › İş №2(068)-63/2023

Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-63/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-63/2023 14.02.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, qızı X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Müəyyən edilmişdir ki, ərizədə ölüm faktının müəyyən edilməsi tələbi öz əksini tapmışdır. Belə olan halda qeyd edilən tələblə bağlı ərizə məhkəməyə xüsusi icraat qaydasında verilməlidir. Belə ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılmalı, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılmalıdır. Lakin Ərizəçi özünü ərizəçi kimi qeyd etməmiş, maraqlı şəxsi isə ümumiyyətlə göstərməmişdir. Bununla da Ərizəçi ərizənin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (149.2.2.). Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (306.2.). Bundan başqa qeyd edilməlidir ki, tələbdə X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi məhkəmədən xahiş edilir. Lakin Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınması qeyd olunmaqla, məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi Ərizəçi ilk öncə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etməli, həmin tibb müəssisəsindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə isə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırmalı idi. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 152.1, 152.1.1, 152.1.5-ci, 152.1.7-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar