Məhkəmə qərarları › İş №2(071)-1109/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1109/2025

13.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1109/2025 13.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-045/2025/00492 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi olaraq nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra qətnaməyə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atasının himayəsində qalması təsdiq olunmuşdur. Ərizəçi Maraqlı şəxs ilə birgə razılığa gələrək Mediasiya vasitəsilə övladının saxlanılması üçün hər ay 80 (səksən) manat olmaqla xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonunda Maraqlı şəxs ona aliment ödənilməsinə razılığa gəlmişlər. Bu barədə tərəflər arasında saziş imzalanmış və Maraqlı şəxs alimentin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin hazrda borclu Maraqlı şəxs bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT- 045/2025/00492 saylı “Barışıq Sazişi” ilə üzərinə düşən öhdəliyə əməl etməyərək, onunla rəsmi nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X1 alimentini ödəməkdən qəsdən yayınaraq qəti şəkildə əməl etmir. Odur ki, Ərizəçi hazırda həmin sazişin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırda onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişinin digər şərtləri ilə bağlı mübahisə yoxdur. Odur ki, qeyd edilən barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsini xahiş edir. Bundan başqa, Maraqlı şəxs hazırda digər şəxslə ailə qurmaq məqsədilə çıxıb getmiş, onun hazırda harada olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs və ya onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 2(071)-391/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında Hacıqabul Rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixli 288 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı Ərizəçi yanında saxlanılması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manatın ½ hissəsi olan 50 (əlli) manat iddiaçı Ərizəçi və ½ hissəsi olan 50 (əlli) manat Maraqlı şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul cavabdeh Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Qətnamənin məzmunundan aydın olur ki, aliment tələbi ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə tərəfindən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məsələsinə münasibət bildirilməmişdir. İş materiallarında olan birinci tərəf olaraq Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Şirvan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-045/2025/00492 saylı barışıq sazişinin 2-ci bəndindən görünür ki, “ikinci tərəf - Maraqlı şəxs övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Ərizəçi himayəsində qaldığı müddət ərzində uşağın saxlanılması üçün Ərizəçi hər ay 80 (səksən) manat ödəməyi öhdəsinə götürür. Alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonunda ödəyəcəyinə razıdır. Alimentin Ərizəçi bank kartına ödənilməsinə razıdır.” Sazişlə tərəflər əlavə olaraq razılığa gəlmişlər ki, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur; sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir; bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır; tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Sazişlə tərəflər həmçinin razılığa gəlmişlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; əgər tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı tərəflər şahid qismində iştirak edə bilməzlər; tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 3. sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun, bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; Sazişin 18-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; forsmajor hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə ki, barışıq sazişinin məzmununda birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsi qaydası, uşaqla ünsiyyət qaydası və cehiz-əmlakın qaytarılması qaydası müəyyən edilmişdir. Hazırkı halda isə işin hallarından müəyyən olunur ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan olan uşağın atanın – ərizəçinin yanında qalması qət edilmişdir. Bundan sonra tərəflər arasında bir neçə ailə məsələləri ilə bağlı mübahisə olduğundan, ərizəçi mediasiya təşkilatına müraciət etmiş və aralarında razılıq əldə edilərək barışıq sazişi imzalanmışdır. Ərizəçinin izahatında, həmçinin ərizənin məzmunundan müəyyən olunur ki, hazırda tərəflər arasındakı mübahisə birgə nikahdan olan uşağın saxlanılması üçün alimentin tutulmasından ibarətdir. Odur ki, ərizəçi yetkinlik yaşına çatmayan azyaşlının saxlanılması üçün barışıq sazişinin alimentə dair hissədə təmin edilməsini xahiş etmişdir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş hallarla əlaqədar davam edən münasibətlər üzrə yaranmış mübahisə iddia icraatı qaydasında məhkəməyə müraciət etməklə həll edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçinin təsdiq olunmasını tələb etdiyi barışıq sazişinin məzmunu həm də uşaqla ünsiyyət qaydası və cehiz-əmlakın qaytarılması qaydasını özündə ehtiva edir. Buna baxmayaraq məhkəmə, ərizəçinin məhkəmə iclasındakı ifadəsini, ərizənin məzmunu, hazırda birgə nikahdan olan uşağın faktiki olaraq atanın yanında qalmasını nəzərə alaraq hesab edir ki, barışıq sazişi Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər ay 80 (səksən) manat məbləğində alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi alimentin ödənilməsi hissədə icra etməmiş, həmçinin məhkəmə iclasında tərəflərin izahatları alınarkən onlar arasında uşağın saxlanılması hissəsində mübahisə olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Şirvan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-045/2025/00492 saylı barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməli, barışıq sazişinin alimentin tutulması hissəsində şərti - “1) İkinci tərəf - Maraqlı şəxs övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Ərizəçi himayəsində qaldığı müddət ərzində uşağın saxlanılması üçün Ərizəçi hər ay 80 (səksən) manat ödəməyi öhdəsinə götürür. Alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonunda ödəyəcəyinə razıdır. Alimentin Ərizəçi bank kartına ödənilməsinə razıdır.” hissəsində təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməli və qətnamə dərhal icra edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Şirvan 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-045/2025/00492 saylı barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilsin. Barışıq sazişinin alimentin tutulması hissəsində şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1) İkinci tərəf - Maraqlı şəxs övladı - xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Ərizəçi himayəsində qaldığı müddət ərzində uşağın saxlanılması üçün Ərizəçi hər ay 80 (səksən) manat ödəməyi öhdəsinə götürür. Alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın sonunda ödəyəcəyinə razıdır. Alimentin Ərizəçi bank kartına ödənilməsinə razıdır.” Ərizə qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar