Məhkəmə qərarları › İş №2(071)-1193/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1193/2024

27.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1193/2024 27.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs X4) “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024/02225 saylı “Barışıq Sazişi”-nin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ona maddi vəziyyəti ağır olduğu üçün köməklik etmir. Müalicələrinin çoxluğunu nəzərə alaraq oğlu Maraqlı şəxs aliment almaq qərarına gəlmişdir və aliment tələbi ilə bağlı Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Belə ki, Sabirabad rayon 1 saylı X1 şəhər üzrə mediatoru N.Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024/-02225 saylı “Barışıq Sazişi” əsasında ərizəçi ilə maraqlı şəxs arasında müqavilə bağlanılmış və tərəflər, yəni maraqlı şəxs üzərinə öhdəliklər götürmüşdür. Lakin bu günə kimi maraqlı şəxs “Barışıq Sazişi”-dən irəli gələn öhdəlikləri yerinə yetirmir. Bu səbəbdən də, ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024/-02225 saylı “Barışıq Sazişi”nin təqsdiqlənməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs ilə alimentin məbləği barəsində qarşılıqlı razılığa gəlinmişdir. Lakin maraqlı şəxs “Barışıq Sazişi” ilə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək əmək haqqının 625 manat və digər qazancının 650 manat olmaqla, cəmi 1275 manat pul məbləğində ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X4 izahatında bildirdi ki, aliment məbləğini qəbul etmir. Barışıq sazişinin təsdiq edilməməsini xahiş edir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs 2024-cü ilin oktyabr ayından başlayaraq, hər ay, ayın 25-nə kimi əmək haqqının əlli faizi yəni 625 (altı yüz iyirmi beş) manatını və başqa gəlirlərin, yəni 650 (altı yüz əlli) manatını, cəmi 1275 (min iki yüz yetmiş beş) manat alimenti X3 4169 7388 9239 7609 kart hesabına vaxtı-vaxtında köçürməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan müəyyən edilir ki, Maraqlı şəxs 2600 manat əmək haqqı alsa da, həmin məbləğdən 1300 manat məbləğində vəsait kredit borcunun ödənilməsi üçün bank tərəfindən tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, iş materiallarında olan bank hesabı çıxarışından müəyyən edilir ki, X4 2600 manat əmək haqqı alsa da, həmin məbləğin 1300 manatı onun kredit borcunun ödənilməsi üçün bank tərəfindən tutulur. Ərizəçi isə maraqlı şəxsdən əmək haqqısının 625 manat və digər qazancının 650 manat olmaqla, cəmi 1275 manat pul məbləğində aliment tələb edir. Maraqlı şəxsin kredit borcu ödənildikdən sonra qalan məbləği nəzərə alaraq qeyd etmək lazımdır ki, X4 tərəfindən 1275 manat məbləğində alimentin ödənilməsi qeyrimümkündür. Dolayısıyla məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə rədd edilsin. Ərizəçi və X4 arasında Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT-023/2024-02225 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar