Məhkəmə qərarları › İş №2(071)-674/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-674/2025

25.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-674/2025 25.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatında mediator X2 iştirakı və möhürü ilə təsdiq edilmiş MŞG/1MT007/01944 nömrəli Barışıq Sazişində göstərilənlərin məcburi icrası ilə bağlı yəni, Maraqlı şəxs 5000 (bes min) manat pulun alınıb Ərizəçi xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2014-cü il oktyabr ayında el adəti ilə toy edib ailə həyatı qurmuşdur. Nikah xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişdir. Maraqlı şəxs ilə birgə nikahdan iki övladı anadan olmuşdur. Maraqlı şəxslə xasiyyəti uyğun gəlmədiyi üçün ayrı yaşayır və rəsmi nikahı Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-48/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan anadan olmuş övladları məhkəmə qətnaməsi ilə ananın himayəsində saxlanılması qət edilmişdir. Hazırda özü və iki övladı Hacıqabul rayonunda valideynlərinin yanında yaşayır. Birgə nikah dövründə maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə 0,02 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində birgə nikah bir mərtəbəli iki otaqlı 32 kv.m fərdi yaşayış evi tikilmişdir. Birgə nikah dövründə inşa edilmiş tikiliyə çəkilmiş xərc tələbinə dair Gəncə şəhər Məhkəməsinə tərəfindən iddia ərizəsi verilmişdir. Məhkəmə hazırlıq iclasında Maraqlı şəxs birgə nikah dövründə inşa edilmiş tikiliyə çəkilmiş xərcin bölünməsi ilə əlaqədar 5000 manat pul verəcəyini təklif etmişdir. Ərizəçi qarşı tərəfin təklifi ilə razılaşdığı üçün məhkəmə barışıq sazişinin bağlanması üçün mediasiya təşkilatına müraciət olunması ilə əlaqədar mülki işə baxılması təxirə salınmışdır. Maraqlı şəxsin təklifi ilə əlaqədar Gəncə 1 saylı Mediasiya Təşkilatına barışıq sazişinin əldə edilməsi üçün hər iki tərəf müraciət etdi və mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müraciətə mediator X3 baxmışdır. Mediasiya iclasında qarşılıqlı razılıq əsasında barışıq sazişi imzalandı. Barışıq sazişinə əsasən iddiaçı cehiz əşyalarını evdən çıxaracaq, maraqlı şəxs Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi, 7-ci küçədə Maraqlı şəxs adına olan evə çəkilən xərcə görə 5000 manat pulun Ərizəçi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu barədə xx.xx.2024-cü il tarixdə MŞG/1MT007/01944 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi hər iki tərəfə təqdim olunmuşdur. İddiaçı həmin gün, yəni xx.xx.2024-cü il tarixdə cehiz əşyalarını həmin evdən çıxarmış və üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi barədə müvafiq aktı tərtib etmişdir. Lakin Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulan müddət ərzində 5000 manat pulu ödəməmişdir. Bu barədə dəfələrlə maraqlı şəxsə müraciət etsə də, vəd verməsinə baxmayaraq, real olaraq ödəməkdən imtina edir. Qarşı tərəfin üzərinə öhdəlik götürdüyü 5000 manat pulu verməməsi nəticəsində maddi cəhətdən çətinlik çəkir. Maraqlı şəxs barışıq sazişini icra etməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək qeyd etmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/01944 saylı barışıq sazişi təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəfdən Ərizəçi ilə ikinci tərəfdən Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanmış və mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/01944 saylı barışıq sazişindən görünür ki, 1. “Tərəflər - Ərizəçi Maraqlı şəxs Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında cehiz əşyalarının çıxarılması və birgə nikah dövründə tikdirdikləri Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə Maraqlı şəxs adına olan evə çəkilən xərcə görə 5000 manat pulun Ərizəçi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi verilməsi ilə bağlı öz aralarında Barışıq sazişi bağlamaq üçün razılıq əldə etdilər. 2. “Ərizəçi G Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evdən özünə aid olan bütün cehiz əşyalarını xx.xx.2025-ci il tarixində çıxarılmasına razılaşdı və öz üzərinə öhdəlik götürdü. 3. Ərizəçi və Maraqlı şəxs birgə nikah dövründə tikdirdikləri sərəncamla olan Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evə çəkilən xərcə görə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 5000 (beş min) manat pulun Ərizəçi Maraqlı şəxs tərəfindən verilməsinə dair razılıq əldə etdilər və öz üzərilərinə öhdəlik götürdülər. 4. Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə tikdirdikləri sərəncamla adına olan Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evə çəkilən xərcə görə 5000 (beş min) manat pulu Ərizəçi verməyə razılaşdı və öz üzərinə öhdəlik götürdü. 5. Hal-hazırda Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü ildə keçirilən TMS-ı zamanı gələcəkdə bir-birilərinə qarşı heç bir tələb və iddialarının olmayacaqlarına dair razılıq əldə etdilər." Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/01944 saylı barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/01944 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərti aşağıdakı kimi müəyyən edilsin:

1. “Tərəflər - Ərizəçi Maraqlı şəxs Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında cehiz əşyalarının çıxarılması və birgə nikah dövründə tikdirdikləri Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə Maraqlı şəxs adına olan evə çəkilən xərcə görə 5000 manat pulun Ərizəçi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi verilməsi ilə bağlı öz aralarında Barışıq sazişi bağlamaq üçün razılıq əldə etdilər.

2. “Ərizəçi G Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evdən özünə aid olan bütün cehiz əşyalarını xx.xx.2025-ci il tarixində çıxarılmasına razılaşdı və öz üzərinə öhdəlik götürdü.

3. Ərizəçi və Maraqlı şəxs birgə nikah dövründə tikdirdikləri sərəncamla olan Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evə çəkilən xərcə görə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 5000 (beş min) manat pulun Ərizəçi Maraqlı şəxs tərəfindən verilməsinə dair razılıq əldə etdilər və öz üzərilərinə öhdəlik götürdülər.

4. Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə tikdirdikləri sərəncamla adına olan Gəncə şəhəri, Şıxzamanov qəsəbəsi 7-ci küçədə yerləşən evə çəkilən xərcə görə 5000 (beş min) manat pulu Ərizəçi verməyə razılaşdı və öz üzərinə öhdəlik götürdü.

5. Hal-hazırda Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü ildə keçirilən TMS-ı zamanı gələcəkdə bir-birilərinə qarşı heç bir tələb və iddialarının olmayacaqlarına dair razılıq əldə etdilər." Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar