Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-743/2023 04.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə X5 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X3 ölümü haqqında həkim arayışının verilməsi məqsədi ilə “X14” X10 müraciət edilmişdir. Həmin qurumun müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə saat 02:18-də X11 ümumi reanimasiya və intensiv terapiya şöbəsində qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 00:25-də həmin şöbədə vəfat etmişdir. Ölüm hadisəsi haqqında Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş leytenantı Vüsal Əliyevin müşayiəti ilə Məhkəmə-Tibbi Ekspertiza və X2 Nəsimi rayon Şöbəsinə göndərilmişdir. Bu səbəbdən X14 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndinə əsasən hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; zorakı ölümə şübhə olduğu hallarda; ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. X8 9.2-ci bəndində isə qeyd olunur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə əvvəla qeyd edir ki, “X14” X9 vətəndaşın müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubundan açıq aydın görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X7 xx.xx.2023cü il tarixdə saat 00:25-də X11 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölmüşdür. Belə olan halda həmin tibb müəssisəsi Pərviz Nəsirovun ölməsinə dair həkim arayışını təqdim edə bilərdi. Ölüm haqqında həkim arayışının verilməsindən əsassız imtina edilməsi ilə əlaqədar həmin arayışı verməli olan tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, “X14” X9 qeyd edilən müraciətə cavab məktubundan görünür ki, Pərviz Nəsirov öldükdən sonra onun meyidi müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və X2 Nəsimi rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndinə əsasən Məhkəmə- Tibbi Ekspertiza və X4 də şəxsin ölümü haqqında tibbi şəhadətnaməni verə bilər. Lakin, ərizəyə əlavə edilmiş sənədlərdən ərizəçinin Pərviz Nəsirovun ölümü haqqında tibbi şəhadətnamənin (arayışın) verilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və X2 Nəsimi rayon şöbəsinə müraciət etməsi görünmür. Qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun qərarına əsaslanaraq məhkəmə qeyd edir ki, ərizəçi mərhum oğlunun ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün mərhumun meyidinin müayinə olunduğu Məhkəmə-Tibbi Ekspertiza və X2 Nəsimi rayon şöbəsinə müraciət etməsini və həmin şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutlarını ərizəsində göstərmədiyindən və bu cür sübutları ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(071)-743/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-743/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver