Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-834/2025 15.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinın Maraqlı şəxs MMC-yə qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 14 dekabr 2018-ci il tarixdə 57K saylı əmrə əsasən cavabdeh ”Aİ Market” Məhdud Məsuliyyətli Cəmiyyətin departamentinə pərakəndə satış mağaza müdiri müavini vəzifəsinə işə qəbul edilərək orada işləmişdir. Vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə rəhbərlik tərəfindən əmək fəaliyyəti qiymətləndirilərək 18 iyul 2019-cu il tarixdə 216K saylı əmrə əsasən eyni departamentdə mağaza müdiri vəzifəsinə, 03 sentyabr 2019-cu il tarixdə 164Ş saylı əmrə əsasən eyni departamentin birinci satış müdirliyinə mağaza müdiri vəzifəsinə,01 iyul 2020-ci il tarixli 2992K saylı əmrə əsasən Cəmiyyətin Pərakəndə satış departamentinə Bölgə müdiri vəzifəsinə, 10 mart 2022-ci il tarixdə 9212K saylı əmrə əsasən Cəmiyyətin Dərnəgül bölgə direktorluğunda bölgə müdiri vəzifəsinə keçirilmişdir. 11 aprel 2025-ci il tarixli 713K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2c maddəsinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əmək münasibətlərinə xitam verilmişdir. Cavabdeh Maraqlı şəxs ilə arasında mövcud olmuş əmək münasibətləri çərçivəsində əmək hüquqlarının pozulması ilə bağlı bildirmişdir ki, 2025-ci ilin 11 mart tarixində cavabdeh şirkət tərəfindən ona əmək şəraitinin dəyişdirilməsi ilə bağlı rəsmi xəbərdarlıq təqdim edilmiş, həmin bildirişdə Maraqlı şəxs iqtisadi fəaliyyətinin gücləndirilməsi, əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yarandığı qeyd olunmuşdur. Lakin ona təklif edilən vəzifə əvvəlki vəzifə ilə eyni xarakter daşımamış, mahiyyətcə yeni və fərqli bir vəzifə olmuşdur. Bu səbəbdən həmin dəyişiklik əmək şəraitinin dəyişdirilməsi deyil, ştatın ləğvi (ixtisar) kimi qiymətləndirilməlidir. Tərəfindən 17 mart 2025-ci il tarixində cavabdehə yazılı şəkildə müraciət edilərək bu barədə etiraz məktubu təqdim olunmuş və təklif edilən dəyişikliklərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndi ilə əsaslandırılmasının hüquqi baxımdan əsassız olduğu, əslində əmək münasibətlərinə 70-ci maddənin “b” bəndi (ştatın ləğvi) tətbiq edilməli olduğu bildirilib. Buna baxmayaraq, 11 aprel 2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “c” bəndi əsasında xitam verilmişdir. Bu isə hüquqi baxımdan əsassız və düzgün olmayan qərar olmuşdur. Yaranmış mübahisənin həlli məqsədilə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bakı Şəhəri 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində Ərizəçi ilə hazırki iş üzrə Maraqlı şəxs arasında bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişinə əsasən-tərəflər bəyan edirlər ki, onlar arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilməsi barədə 11 aprel 2025-ci il tarixli 713-K nömrəli əmr dəyişdirilməlidir.Birinci tərəfin təklifi əsasında tərəflər arasında olan əmək maqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” maddəsinə əsasən xitam verilməlidir. İkinci tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10(on) gün ərzində müvafiq dövlət orqanına göndərməlidir. Birinci tərəf öhdəlik götürür ki, hazırki tələb ilə bağlı ikinci tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir iddia tələbi və şikayəti olmayacaqdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ifadəsində bildirmişdir ki, məhkəməyə təqdim etmiş olduğu ərizəni müdafiə edir. Onunla Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəfdən Ərizəçi ilə ikinci tərəfdən Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişindən görünür ki, 1. “Tərəflər bəyan edirlər ki, onlar arasında bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 713-K nömrəli əmr dəyişdirilməlidir. 2. Birinci Tərəfin təklifi əsasında Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən xitam verilməlidir. 3. İkinci Tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10 (on) gün ərzində müvafiq dövlət orqanına göndərməlidir. 4. Birinci Tərəf öhdəlik götürür ki, hazırki tələbi ilə bağlı İkinci Tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir idda tələbi və şikayəti olmayacaqdır.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı Şəhəri 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış 14 may 2025-ci il tarixli, MŞB/11/2025-00530 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərti aşağıdakı kimi müəyyən edilsin:
1. “Tərəflər bəyan edirlər ki, onlar arasında bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 713-K nömrəli əmr dəyişdirilməlidir.
2. Birinci Tərəfin təklifi əsasında Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən xitam verilməlidir.
3. İkinci Tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10 (on) gün ərzində müvafiq dövlət orqanına göndərməlidir.
4. Birinci Tərəf öhdəlik götürür ki, hazırki tələbi ilə bağlı İkinci Tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir idda tələbi və şikayəti olmayacaqdır.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Bayramov