Məhkəmə qərarları › İş №2(072)-429/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №2(072)-429/2025

27.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(072)-429/2025 27.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 01 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 28 noyabr 2017-ci ildə “Eşqin” və 25 oktyabr 2019-cu ildə “Mədəd” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə onların rəsmi nikahına xitam verilmişdir. Tərəflərin rəsmi nikahlarından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X1, 25 oktyabr 2019-cu il təvəllüdlü X2 Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından ümumilikdə 440 (dörd yüz qırx) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsi barədə mediasiya prosesi nəticəsində 28 avqust 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günədək barışıq sazişinin “alimentin ödənilməsi” hissəsini könüllü şəkildə icra etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu səbəbdən də, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, “tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X1, 25 oktyabr 2019-cu il təvəllüdlü X2 (ana) Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Ərizəçi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Ərizəçi teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və ərizə tələbini müdafiə edərək, ərizə tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə Ərizəçi, o cümlədən Maraqlı şəxs iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ərizə tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş və Cəbrayıl rayonu, Horovlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumatdan görünür ki, Maraqlı şəxs xx xxx 1994-cü ildə Kürdəmir rayonu, Mollakənd kəndində anadan olmuş və Cəbrayıl rayonu, Horovlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi”nin surətindən görünür ki, tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X3 və 25 oktyabr 2019-cu il təvəllüdlü X4 iddiaçı (ana) Ərizəçi yanında qalmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı (ana) Ərizəçi xeyrinə ödənilməlidir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-693/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, 28 avqust 2024-cü il tarixli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X1, 25 oktyabr 2019-cu il təvəllüdlü X2 iddiaçı (ana) Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, cavabdeh (ana) Ərizəçi xeyrinə ödənilməsinin nəzərə alınması qət edilmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə Ərizəçi ər-arvad olmuşlar, onların rəsmi nikahından 28 noyabr 2017-ci ildə “Eşqin”, 25 oktyabr 2019-cu ildə “Mədəd” adlı 2 (iki) oğlan uşağı anadan olmuş və uşaqlar ərizəçi (ana) Ərizəçi himayəsindədirlər. Bundan başqa, “Mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi”nə əsasən tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X3, 25 oktyabr 2019-cu il təvəllüdlü X4 (ana) Ərizəçi yanında qalmalı və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməlidir. Bundan başqa, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmamışdır. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişinin imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmaması məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi imzalandığı gündən 10 gün müddətində Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığı üçün Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında “tərəflərin rəsmi nikahından anadan olmuş 28 noyabr 2017-ci il təvəllüdlü X1, 25 oktyabr 2019-cu il təvəllüdlü X2 (ana) Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Maraqlı şəxs qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Ərizəçi xeyrinə ödənilməsinə dair” mediasiya prosesi nəticəsində bağlanılmış 28 avqust 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar