Məhkəmə qərarları › İş №2(073)-105/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-105/2023

27.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-105/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən mənzildən onların paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən onların paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,9 kv.metr olan mənzil onların ailəsinin ümumi birgə mülkiyyətindədir. O və digər İddiaçı2 uzun müddət öncə evlənmişdir. Onların 4 uşaqları doğulmuşdur. İddiaçı3 və cavabdehlər onun övladlarıdır. Hazırda o və digər İddiaçı2 ona düşən paylarını qızları Əsmərə bağışlamaq istəyirlər. X2rla yaşayır və onlara qulluq edir. Digər cavabdehlərin isə hər birinin öz ailəsi və yaşayış evləri vardır. Bununla bağlı birlikdə Cəlilabad rayonu 1 saylı notariat ofisinə müraciət etmişlər. Lakin cavabdehlər hazırda onlara birgə mülkiyyətlərində olan mənzildən paylarının müəyyən edilməsinə etiraz etmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 İddiaçı1 ilə eyni məzmunlu ifadələr verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, **********41-05101- 093004 reyetr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 27 fevral 2022-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanına dair mülkiyyətçilər arasında razılaşma olmadığından notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 rəsmi nikah bağlamaqla ailə münasibətindədir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,9 kv.metr olan mənzil iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Hazırda həmin mənzilin bölgüsü ilə bağlı iddiaçılar ilə cavabdehlər arasında mübahisə vardır. Belə ki, mənzilin ümumi mülkiyyətdə olduğu üçün iddiaçılar öz paylarını müəyyən edə bilmir. İddiaçılar onların mülkiyyət payının müəyyənləşdirilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli mənzilin tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan mənzildəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin mənzildən onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Mübahisəli mənzil 6 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payları bərabər olduğundan iddiaçının payı 1/6 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar dövlət rüsumunun onlara aid edilməsi barədə ərizə verdiklərindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən xüsusi mülkdən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin payı 1/6 hissədən ibarət olmaqla müəyyən edilsin. İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar