Məhkəmə qərarları › İş №2(073)-1066/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1066/2025

06.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1066/2025 06.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT036/2025-00060 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00060 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, xx.xx.2024-cü il tarixdə anadan olan X2 və xx.xx.2024-cü il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün minumum əmək haqının 0,175 misli məbləğində, yəni 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment müəyyən edilsin və Maraqlı şəxs 2025-ci ilin fevral ayının 5 dən 15dək və gələn hər növbəti ayın da 5-dən 15 dək 140 manat məbləğində alimenti mənə nağd, poçt vasitəsi ilə və ya bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00060 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2024-cü il tarixdə anadan olan X2 və xx.xx.2024-cü il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün minumum əmək haqının 0,175 misli məbləğində, yəni 70 manat olmaqla cəmi 140 manat məbləğində aliment müəyyən edilməsi və Maraqlı şəxs 2025-ci ilin fevral ayının 5 dən 15-dək və gələn hər növbəti ayın da 5-dən 15 dək 140 manat məbləğində alimenti ona (ərizəçiyə) nağd, poçt vasitəsi ilə və ya bank kartına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00060 nömrəli Barışıq Sazişindən görünür ki, xx.xx.2024-cü il tarixdə anadan olan X2 və xx.xx.2024-cü il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs hər bir uşaq üçün minumum əmək haqının 0,175 misli məbləğində, yəni 70 manat olmaqla cəmi 140 manat məbləğində aliment müəyyən edilməsi və 2025-ci ilin fevral ayının 5 dən 15-dək və gələn hər növbəti ayın da 5-dən 15 dək 140 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi ilə və ya bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə anadan olan X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşaq üçün minumum əmək haqqının 0,175 misli məbləğində alimentin tutularaq Ərizəçi verilməsinə dair tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00060 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar