Məhkəmə qərarları › İş №2(073)-1939/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1939/2024

08.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1939/2024 08.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs olan Maraqlı şəxs iştirakları ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-00465 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq evlənmişlər, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Kənan adlı uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə tərəflər ayrılmışlar və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(073)-53/2015 saylı qətnaməsilə nikahları pozulmuş, uşaq anasının yanında qalmışdır. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(073)- 1523/2019 saylı qətnaməsilə Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(073)- 1031/2022 saylı qətnaməsilə alimentin məbləği artırılaraq 140 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin aliment uşağın saxlanılması üçün kifayət etmədiyindən Ərizəçi xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş tərəflər arasında barışıq Sazişi bağlanmışdır. Sazişə əsasən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1031/2022 saylı qətnaməsilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 200 manat məbləğində müəyyən edilmişdir. Maraqlı şəxs Sazişin şərtlərinə əməl etmədiyindən, cavabdehin əmək haqqından tutulma aparılması məqsədilə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Ərizəçi ilə rəsmi nikaha daxil olaraq evlənmişlər, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Kənan adlı uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə ayrılmışlar və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(073)-53/2015 saylı qətnaməsilə nikahları pozulmuş, uşaq anasının yanında qalmışdır. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(073)-1031/2022 saylı qətnaməsilə ondan 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. Ərizəçi ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1031/2022 saylı qətnaməsilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 200 manat məbləğində müəyyən edilmişdir. Dövri maliyyə çətinlikləri ilə qarşılaşır, buna görə də rəsmi əmək haqqından tutulma aparılmasına etiraz etmir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)- 1031 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 140 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2010cu ildə bağlanmış nikah Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci ildə pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-00465 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(073)-1031 saylı qətnaməsilə müəyyən edilmiş 140 manat alimentin məbləği artırılaraq 200 manat məbləğində müəyyən edilmiş, Maraqlı şəxs 2024-cü ilin iyul ayıda daxil olmaqla hər ayın 05-dən 15-dək 200 manat alimentin Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-00465 saylı barışıq sazişi təsdiq edilsin. 05 iyul 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar