Məhkəmə qərarları › İş №2(073)-2895/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2895/2024

11.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2895/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00639 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə faktiki olaraq evlənmiş, nikahlarını isə rəsmləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Rəvan adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından ərizəçi alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞM/MT036/2024-00639 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 180 manat alimenti hər ayın 10-dan 25-dək ərizəçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2024/00691 saylı barışıq sazişinin təsdiq edilməsi və mediasiya xərci üçün ödədiyi 100 manatın alınıb ona (ərizəçiyə) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00639 nömrəli Barışıq Sazişindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 180 manat alimenti müəyyən edilmişdir. İkinci tərəf Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 180 manat alimenti hər ayın 10-dan 25-dək birinci tərəf Ərizəçi poçt vasitəsilə və ya bank kartına ödəməyə dair öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00639 nömrəli barışıq sazişi Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat alimentin tutularaq Ərizəçi verilməsi hissəsində təsdiq edilsin. Maraqlı şəxs mediasiya üçün ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci alınıb Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar