Məhkəmə qərarları › İş №2(073)-3024/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3024/2024

25.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3024/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-01 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, o, xx xxxxxx 2001-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Cəlilabad rayon sakini Maraqlı şəxs ilə el adəti ilə ailə qurmuş, nikahlarını 08 yanvar 2022-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 09 yanvar 2022-ci il tarixdə X4 və 09 dekabr 2023-cü il tarixdə X3 doğulmuşdur. Cavadla xasiyyəti uyğun gəlmədiyindən ayrılmışdır. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxslə 03 oktyabr 2024cü il tarixdə mediasiya prosesində MŞL/MT014/2024-01 saylı barışıq sazişi imzaladılar. Maraqlı şəxs işləməklə aylıq gəliri yaxşı olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay hər uşağa görə 400 manat, cəmi 800 manat alimenti ona ödəyəcəkdir. Lakin Maraqlı şəxs aralarında bağlanılmış Barışıq Sazişinin şərtlərinə əməl etməkdən yayınır və üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək ərizəni etiraf etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Masallı regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 483315 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 08 yanvar 2022-ci il tarixdə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 saylı qeydiyyat aparılaraq, arvada Xudiyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 680175 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 yanvar 2022-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası X1r. İşdə olan 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 966525 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 dekabr 2023-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 03 oktyabr 2024-cü il tarixli, MŞL/MT014/2024-01 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Xudiyev Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş 09 yanvar 2022-ci il təvəllüdlü X4 və 09 dekabr 2023-cü il təvəllüdlü X3 adlı uşaqlarına yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 400 manat, iki uşağa cəmi 800 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür və alimentin hesablanması 2024-cü il oktyabr ayının 05-dən başlayaraq hər ayın 05-də nağd, poçt və ya bank köçürməsi yolu ilə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 03 oktyabr 2024-cü il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrası tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 03 oktyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş 09 yanvar 2022-ci il təvəllüdlü X4 və 09 dekabr 2023-cü il təvəllüdlü X3 adlı uşaqlarına yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 400 (dörd yüz) manat olmaqla, iki uşağa görə cəmi 800 (səkkiz yüz) manat aliment pulunu birinci tərəf kimi çıxış edən Ərizəçi ödəyəcəyini öhdəsinə götürür.

2. Alimentin hesablanması 2024-cü ilin oktyabr ayının 05-dən başlayaraq hər ayın 05-də nağd, poçt və ya bank köçürməsi yolu ilə ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs birinci tərəf kimi çıxış edən Ərizəçi ödəyəcəyini öhdəsinə götürür.

Ərizəçi tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar