Məhkəmə qərarları › İş №2(073)-3130/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3130/2023

25.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3130/2023 25.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 17 noyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02801 salı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 28 mart 2015-ci il təvəllüdlü X5, 14 fevral 2018-ci il təvəllüdlü X6 və 01 iyun 2023-cu il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə 450 manat aliment tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 17 noyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02801 salı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 28 mart 2015-ci il təvəllüdlü X5, 14 fevral 2018-ci il təvəllüdlü X6 və 01 iyun 2023-cu il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə 450 manat aliment barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Maraqlı şəxs ilə el adətinə uyğun ailə qurmaqla evlənmişlər, nikahlarını isə 24 iyul 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 28 mart 2015-ci il təvəllüdlü X5, 14 fevral 2018-ci il təvəllüdlü X6 və 01 iyun 2023-cu il təvəllüdlü X7 adlı 3 uşaqları doğulmuşdur. Sonradan Ərizəçi ilə aralarında olan narazılıqlara görə ayrılmışlar. 17 noyabr 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi, mülki qaydada könüllü razılaşma əsasında hər iki tərəfin imzası ilə imzalanmış akta əsasən, razılaşmada qeyd edilən öhdəlikləri icra etməyi öz üzərlərinə götürmüşlər. İcranın gecikdirilməsi əsas verir ki, o, barışıq sazişində qeyd edilmiş öhdəliklər barədə mübahisəsiz qaydada məhkəməyə müraciət etsin. Ödənişə yalnız bir ay müddətində güzəşt etmək mümkün olduğu bildirilməklə, tərəflərə Mediasiya haqqında Qanunun mahiyyəti və barışıq sazişinin şərtləri izah edilmiş, barışıq sazişinin şərtlərinə dair tərəflərdən heç bir etiraz daxil olmamışdır. Onlarla, yəni iş üzrə tərəflərlə aparılmış söhbət zamanı heç bir təzyiq və məcburetmə olmamışdır. Lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən tam icra edilməmişdir. Sonda ərizəçi qeyd edilənlərə əsasən 17 noyabr 2023-cü il tarixli, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs tələbi etiraf edərək verdiyi izahatında bildirdi ki, iddiaçı ilə el adətinə uyğun ailə qurmaqla evlənmişlər, nikahlarını isə 24 iyul 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 28 mart 2015-ci il tarixdə X5, 14 fevral 2018-ci il tarixdə X6 və 01 iyun 2023-cu il tarixdə X7 adlı 3 uşaqları doğulmuşdur. Sonradan Ərizəçi ilə aralarında olan narazılıqlara görə ayrılmışlar. Bundan sonra Ərizəçi mediasiya təşkilatına müraciət etmiş və mediasiya prosesi dövründə 17 noyabr 2023-cü il tarixdə MŞL/MT014/2023-02801 salı barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən Ərizəçi ilə aralarında 24 iyul 2013-cü il tarixdə bağlanmış nikahın davam etdirilməsinə razı olmamışlar, onların birgə nikahından doğulmuş 28 mart 2015-ci il təvəllüdlü X1, 14 fevral 2018-ci il təvəllüdlü X2 və 01 iyun 2023-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə 450 manat aliment pulunu Ərizəçi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin sonradan və hazırda da iş yeri olmadığından işləyə bilmir və bu səbəbdən də aliment pulunu ödəyə bilməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 2122/12 saylı nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarını 24 iyul 2013-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 45 saylı qeydiyyat aparılaraq, arvada Ağayeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 2119/12 saylı doğum haqqında arayışdan görünür ki, X5 28 mart 2015-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 2120/12 saylı doğum haqqında arayışdan görünür ki, X6 14 fevral 2018-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 2121/12 saylı doğum haqqında arayışdan görünür ki, X7 01 iyun 2023-cu il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan 17 noyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02801 salı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə nikahın pozulması və aliment mübahisəsinə Lənkəran 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs ilə aralarında 24 iyul 2013-cü il tarixdə bağlanmış nikahın davam etdirilməsinə razı olmamışlar, tərəflərin birgə nikahından doğulmuş 28 mart 2015-ci il təvəllüdlü X5, 14 fevral 2018-ci il təvəllüdlü X2 və 01 iyun 2023-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 150 manat, üç uşağa görə 450 manat aliment pulunu birinci tərəf Ərizəçi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi ailə qurmuşlar. Onların birgə nikahından 28 mart 2015-ci il tarixdə X5, 14 fevral 2018-ci il tarixdə X6 və 01 iyun 2023-cu il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Hazırda ərizəçi azyaşlı uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs könüllü olaraq uşaqların saxlanmasında ona kömək etmədiyindən, o, alimentlə bağlı Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 17 noyabr 2023-cü il tarixdə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesində MŞL/MT014/2023-01204 salı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə cəmi 450 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin barışıq sazişini imzalandıqları vaxdan hazırki vaxta kimi Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 noyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02801 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 28 mart 2015-ci il təvəllüdlü X1, 14 fevral 2018-ci il təvəllüdlü X2 və 01 iyun 2023-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay bir uşağa görə 150 manat olmaqla, üç uşağa görə cəmi 450 manat aliment alınıb Ərizəçi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 74 manat məbləğində dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 noyabr 2023-cü il tarixli, MŞL/MT014/2023-02801 salı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 28 mart 2015-ci il təvəllüdlü X1, 14 fevral 2018-ci il təvəllüdlü X2 və 01 iyun 2023-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, üç uşağa görə cəmi 450 (dörd yüz əlli) manat aliment alınıb Ərizəçi verilsin. Cavabdeh Maraqlı şəxs 74 (yetmiş dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar