Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-778/2023 16.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və mənəvi zərərə görə 500 (beş yüz) manat pulun, 35 (otuz beş) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh mebel ustası kimi fəaliyyət göstərir və iddiaçının qızının Xırdalan şəhərində yerləşən evində mebel yığmış və gördüyü işdən razı qaldıqları üçün iddiaçı öz evində də mebel yığılmasını istəmişdir. Bu məqsədlə mebel sifariş etmək üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehi faktiki yaşadığı Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsində yerləşən evinə dəvət etmiş və cavabdeh ölçüləri götürərək ümumi işlər üçün ödənişin 1500 manat təşkil etdiyini və material almaq üçün 1000 manat pul lazım olduğnu bildirmişdir. İddiaçı 1000 (bir min) manatı cavabdehə ödəmiş və cavabdeh 10-15 gün ərzində mebeli hazırlayıb gətirəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh mebeli hazırlamamış, gətirib quraşdırmamış, nə də ki, iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Hətta telefon zənglərinə belə cavab verməmişdir. Bu mübahisə ilə bağlı iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və mübahisənin mülki xarakterli olması əsas göstərilərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Araşdırma aparılan zaman cavabdeh verdiyi izahatında iddiaçıdan 1000 manat pul almasını etiraf etmişdir. Bundan başqa, cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stress keçirmiş, əsəb, gərginlik keçirdiyinə görə mənəvi zərərə məruz qalmışdır. İddiaçının aldadılmağı, pulundan məhrum edilməsi və uzun müddət mebelin quraşdırılmaması iddiaçının şüuruna mənfi təsir etmiş və sağlamlığı pozulmuşdur. Cavabdeh iddaçı tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq Cavabdeh əməlində cinayət tərkibinin olmadığı müəyyən edilərək, cinayət işinin başlanası rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma aparılan zaman Cavabdeh verdiyi izahatında 2022-ci ilin mart ayında İddiaçı sifarişi əsasında Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsində yerləşən fərdi evində olduğunu, 1500 manat dəyərində sifarişi qəbul etdiyini, həmin sifarişin 1000 manatlıq hissəni qabaqcadan aldığını, sifarişi qəbul etdikdən sonra işlədiyi sexdə sex müdirinin ona kənar işləri görməsinə icazə vermədiyini və xəstələnməsi səbəbindən öhdəsinə götürdüyü sifariş gecikdirdirdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2022-ci ilin mart ayında mebel hazırlamaq məqsədi ilə İddiaçı 1000 (bir min) manat almış, lakin mebeli hazırlayaraq təhvil verməmiş, nə də İddiaçı aldığı pulu geri qaytarmamışdır. Buna görə də iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdeh tərəfindən aldadılması, pulundan məhrum edilməsi və uzun müddət mebelin quraşdırılmamasının onun şüuruna mənfi təsir etdiyini və sağlamlığının pozulduğunu göstərərək, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 (beş yüz) manat vəsait tələb etmişdir. Məhkəmə ilk növbədə iddianın 1000 (bir min) manat pul tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh 2022-ci ilin mart ayında mebel hazırlamaq məqsədi ilə İddiaçı 1000 (bir min) manat almış, lakin mebeli hazırlayaraq təhvil verməmiş, nə də İddiaçı aldığı pulu geri qaytarmamışdır. Həmin hal cavabdehin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın mənəvi zərər tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında, cavabdeh tərəfindən aldadılması, pulundan məhrum edilməsi və uzun müddət mebelin quraşdırılmamasının onun şüuruna mənfi təsir etməsi və sağlamlığının pozulduğunu göstərməklə kifayətlənmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə məruz qalması barədə izahatında göstərdiyi hallar nəticəsində onun sarsıntı və iztirab keçirməsi, mənəvi zərərə məruz qalması məhkəmə iclası zaman tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi həmin hissədə əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-778/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-778/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver