Məhkəmə qərarları › İş №2(074)-1108/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1108/2025

05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1108/2025 05.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞS/MT0430/2025-00303 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli MŞA MT043-2025- 00303 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ayın 2-si tarixinə kimi hər ay 200 manat sabit pul məbləğində alimentin onun bankdakı hesabına köçürülməsi və eyni zamanda, ona məxsus iki ədəd 583 əyarlı sarı qızıldan olan, çəkisi 5 qram üzükləri və ya onların xx.xx.2025-ci il tarixə olan bazar qiymətində dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Uşağın saxlanılması üçün aliment ödəmir və 2 ədəd qızıl üzüyünü qaytarmaq istəmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, Ərizəçi onun uşaqları ilə görüşməsinə maneçilik törətdiyindən, mediasiya təşkilatında bağlanmış barışıq sazişində göstərilmiş aliment məbləğini ödəmir. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə MŞA.MT.043.2025-00303 saylı barışıq sazişi bağlanmışdır: - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 200 manat sabit pul məbləğində alimentin Ərizəçi “KapitalBank”dakı 4169 7388 6470 3545 nömrəli hesabına, hər ayın 2 (ikisi) tarixinə qədər ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Ərizəçi yanında saxlanılmasına razıdır. - Mediasiya sessiyasında (prosesində) Ərizəçi Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-a kimi sərbəst görüşüb ünsiyyətdə olmasına maneçilik törətməyəcinə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs Ərizəçi məxsus olan iki ədəd, sarı qızıldan ibarət olan, 583 əyyarlı, çəkisi 5 qram olan üzükləri qaytarmağa və ya onların xx.xx.2025-ci il tarixə olan orta bazar qiymətində dəyərini ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, barışıq sazişi könüllü qaydada icra edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞA.MT.043.2025-00303 saylı barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq, Ərizəçi verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış MŞA.MT.043.2025-00303 saylı barışıq sazişi təsdiq edilsin: - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 200 manat sabit pul məbləğində alimentin Ərizəçi “KapitalBank”dakı 4169 7388 6470 3545 nömrəli hesabına, hər ayın 2 (ikisi) tarixinə qədər ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası Ərizəçi yanında saxlanılmasına razıdır. - Mediasiya sessiyasında (prosesində) Ərizəçi Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-a kimi sərbəst görüşüb ünsiyyətdə olmasına maneçilik törətməyəcinə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. - Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs Ərizəçi məxsus olan iki ədəd, sarı qızıldan ibarət olan, 583 əyyarlı, çəkisi 5 qram olan üzükləri qaytarmağa və ya onların xx.xx.2025-ci il tarixə olan orta bazar qiymətində dəyərini ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq, Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar