Məhkəmə qərarları › İş №2(074)-142/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-142/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-142/2022 01.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10.04.1951-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində anadan olmuş Babaşova Böyükxanım Ənvər qızının 29 iyul 2021-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndinində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Məlcək kəndində yaşayır. Həyat yoldaşı Babaşova Böyükxanım Ənvər qızı 29 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Ondan torpaq sahəsi miras qalmışdır. Ona vərəsəlik açılmalıdır. Bunun üçün sənəd hazırlanarkən onun ölüm qeydiyyatı aparılmadığı məlum olmuşdur. Ona görə də Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirilib ki, ölüm qeydiyyatı gecikdiyindən hazırda yoldaşının ölümünü qeyd etdirmək mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. Mərhum həyat yoldaşı Babaşova Böyükxanım Ənvər qızı 10.04.1951-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində anadan olmuş, uzun illər şəkərli diabet xəstəliyi ilə müalicə olunmuşdur. Ölümündən iki gün əvvəl şəkəri yüksəlmiş, müalicə mümkün olmamışdır. 28 iyul 2021-ci il tarixdə göndərişlə Bakı şəhərinə aparmış, amma heç bir nəticəsi olmamış və onu evə qaytarmışlar. 29 iyul 2021-ci il tarixdə gecə vaxtı yoldaşı vəfat etmiş, kənd camaatının və qohum əqrəbanın iştirakı ilə 29 iyul 2021-ci il tarixdə Qaravəlli kənd qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxtı o, da xəstə olduğundan yasa başı qarışdığından yoldaşının ölümünü vaxtında qeyd etdirə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, yas mərasiminə baş qarışdığından ölüm kağızını ala bilməyiblər. Babaşova Böyükxanım Ənvər qızı uzun sürən xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, Babaşova Böyükxanım Ənvər qızı onun bibisidir. O, şəkər xəstəsi olmuş və 29 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Bibisi Qaravəlli kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, Babaşova Böyükxanım Ənvər qızı xəstəliyi səbəbindən vəfat etmişdir. Mərhum Qaravəlli kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babaşova Böyükxanım Ənvər qızı 10.04.1951-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində anadan olmuşdur. İş materiallarında olan X6, X1 və X3 tərəfindən 22.11.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şamaxı rayonu Məlcək kənd sakini Babaşova Böyükxanım Ənvər qızı 29 iyul 2021-ci il tarixdə Məlcək kəndində vəfat etmişdir və Qaravəlli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarından olan 23.11.2021-ci il tarixli 27 saylı Şamaxı rayonu Mirikənd Bələdiyyəsinin arayışından görünür ki, Ərizəçi həyat yoldaşı Babaşova Böyükxanım Ənvər qızı 29 iyul 2021-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində vəfat etmiş və Qaravəlli kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı RMX publik hüquqi şəxsin 23.11.2021-ci il tarixli 3925 saylı arayışından görünür ki, Ərizəçi həyat yoldaşı Babaşova Böyükxanım Ənvər qızı 28.07.2021-ci il tarixində Şamaxı RMX-na müraciət olunmuş və Bakı şəhəri, Respublika Klinik Xəstəxanasına şəkərli diabet ağır forma diaqnozu ilə əlaqədar göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 24.11.2021-ci il tarixli 05/Q-1041/69 saylı arayışından görünür ki, Ərizəçi və X2 arasındakı nikah 19.08.1967-cu il tarixdə Şamaxı rayonu Məlcək kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19.08.1969-cu il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Babaşov”, arvada “Babaşova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 24.11.2021-ci il tarixli 05/Q-1291/15 saylı məktubdan görünür ki, qeydiyyat şöbəsi tərəfindən Ərizəçi 29.07.2021-ci ildə Şamaxı rayonu Məlcək kəndində ölmüş arvadı Babaşova Böyükxanım Ənvər qızının ölümünün qeydə alınması ilə bağlı müraciətinə baxıldığı, ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin təqdim edilməli olduğu və ya bu sənəd olmadıqda isə ölüm faktının məhkəmə qaydasında təsdiq ediməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum həyat yoldaşı Babaşova Böyükxanım Ənvər qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Babaşova Böyükxanım Ənvər qızının 29 iyul 2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 aprel 1951-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində doğulmuş Babaşova Böyükxanım Ənvər qızının 29 iyul 2021-ci il tarixdə Şamaxı rayonu Məlcək kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar