Məhkəmə qərarları › İş №2(074)-157/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-157/2025

07.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-157/2025 07.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdulayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılıma, torpaq sahəsindən istifadəyə son qoyulması, torpaq sahəsinin onun istifadəsinə qaytarılması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamı ilə 5 il müddətinə icarəsinə verilmiş “Ağcagül” adlı qış otlaq sahəsində yerləşən 175 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulması və torpaq sahəsinin onun istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin hazırlıq mərhələsində iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbləri ilə yanaşı, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 3281,25 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı X2, qardaşı oğlu X1 Çaylı kəndində bir həyətdə yaşayır və təsərrüfatı, heyvan-qarası bir yerdədir. Qardaşı oğlu ilə birlikdə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib, heyvan-qaranın saxlanması üçün örüş sahəsi verilməsini xahiş etmişdirlər. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamı ilə qardaşı oğlu müharibə iştirakçısı olduğuna görə, onun adına “Ağcagül” adlı qış otlaq sahəsindən 175 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. Bu barədə həmin tarixli 006/2023 saylı torpaq İcarə müqaviləsi bağlanmış, icarəyə götürdüyü torpaq sahəsi DƏDRX-də qeydiyyata alınmışdır. Həmin vaxtdan torpaq sahəsinə dair xəritə-albomu da var, lakin həmin qış otlaq sahəsinin qonşuluğunda torpaq sahəsini icrayəyə götürmüş Cavabdeh1 icarəyə verilmiş torpaq sahəsi Şamaxı Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 2016-cı il tarixdə müqaviləsi ləğv olunmuşdur. Hal-hazırda cavabdehin rəsmi olaraq hər hansı icra sənədi yoxdur. Buna baxmayaraq, Cavabdeh1 24 noyabr 2023-cü il tarixli sərəncamla onun istifadəsinə verilmş qış otlaq sahəsindən qanunsuz olaraq istifadə edir. Onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə imkan vermir. Cavabdeh1 heç bir heyvan-qarası olmadığı halda ona sərəncamla təyin edilmiş torpaq sahəsini bütünlüklə qanunsuz olaraq özbaşınalıq edib, Quşçu kənd sakini Cavabdeh2 adlı vətəndaşa icarəyə verib, pulunu alaraq, istifadə edir. Bununla da, onun qanunla qorunmalı olan hüquqları tapdalanır. Cavabdehlər onun icarəsinə verilmiş torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsindən istifadəyə son qoymalı və torpaq sahəsi onun istifadəsinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 4 saylı Ərazi Vergilər İdarəsinin ona verdiyi xx.xx.2025-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, torpaq sahəsinin icarəsinə görə onun dövlət büdcəsinə 3281,25 manat borcu yaranmışdır. Odur ki, həmin məbləğdə pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan “Ağcagül” qış otlaq sahəsində yerləşən torpaq sahəsi ona məxsusdur, hazırda da onun istifadəsindədir, Cavabdeh2 isə həm onun, həm də, özünün heyvanlarını orada saxlayır. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan “Ağcagül” qış otlaq sahəsində yerləşən torpaq sahəsi Cavabdeh1 məxsusdur və həmin torpaq sahəsində o, Səxavətə və özünə məxsus heyvanları saxlayır. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı RİHB-nın 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamının surətindən görünür ki, Şamaxı rayonunun inzibati ərazisinə aid “Ağcagül” adlı qış otlaq sahəsindən ümumilikdə 175 hektar torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan icarəçi İddiaçı ilə bağlanmış 24 noyabr 2023-cü il tarixli, 006/2023 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyə verən dövlət mülkiyyətində olan və Şamaxı rayonunun inzibati ərazisində yerləşən “Ağcagül” adlanan qış otlaq sahəsindən 175 ha sahəni 5 il və ya icarəçinin ömrü müddətinə (hansı hadisə baş versə, həmin müddət tətbiq edilir) icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə etdiyi müraciətlə (daxil olma tarixi **********) əlaqədar, Şamaxı rayonunun inzibati ərazisində yerləşən və vətəndaşın icarəsinə verilmiş yerquruluşu planında göstəriln 175 ha torpaq sahəsinin döngə nöqtələri naturada (yerində) GPS aləti vasitəsilə ölçülərək, vətəndaşa tanıdılmışdır. İşin araşdırılmış hallarından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamı ilə iddiaçıya Şamaxı rayonunda “Ağcagül” adlı qış otlaq sahəsindən 175 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. Hazırda isə həmin torpaq sahəsindən qanuni əsas olmadan cavabdehlər istifadə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin icarəsinə görə 3281,25 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, həmin məbləğdə pulun onun tərəfindən dövlət büdcəsinə ödənilməsi halı məhkəmə iclasında müəyyən olunmamış və belə olan halda, iddiaçının cavabdehlərdən həmin məbləğin tələb edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya aid tərpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması öz təsdiqini tapdığından, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı RİHB-nın 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamı ilə 5 il müddətinə İddiaçı istifadəsinə verilmiş “Ağcagül” adlı qış otlaq sahəsində yerləşən 175 ha torpaq sahəsindən çıxarılmalı, cavabdehlərin həmin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulmalı və torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı RİHB-nın 24 noyabr 2023-cü il tarixli, 158 saylı sərəncamı ilə 5 il müddətinə İddiaçı istifadəsinə verilmiş “Ağcagül” adlı qış otlaq sahəsində yerləşən 175 ha torpaq sahəsindən çıxarılsın. Cavabdehlərin həmin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulsun və torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar