Məhkəmə qərarları › İş №2(074)-1827/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1827/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1827/2024 29.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi dövlət rüsumunun ödənilməmiş hissəsini ödəmək üçün vaxt istəmiş, lakin sonradan məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X1 izahat verərək və ödəniş qəbzlərini məhkəməyə təqdim edərək bildirdi ki, barışıq sazişi bağlanan vaxtdan indiyədək Maraqlı şəxs tərəfindən aliment vaxtlı-vaxtında ödənilir. Hazırda yalnız 180 manat borc olduğunu müəyyən etmişlər ki, o da qısa zamanda ödəniləcəkdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyərək və iş materaillarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərkən xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Məhkəməsinin hesabına 50 manat rüsum ödəmişdir. Ərizəyə əlavə edilmiş digər ödəniş qəbzlərindən görünür ki, ərizəçi xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatının hesabına ümumilikdə 100 manat rüsum ödəmişdir. Həmçinin ərizəyə əlavə edilmiş barışıq sazişindən görünür ki, tərəflər arasında barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat haqqında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin iş materiallarında olan rüsumun ödənilməsi barədə qəbzlərdən görünür ki, ərizəçi Sumqayıt 1 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə ödədiyi ümumilikdə 100 manat rüsum barışıq sazişinin bağlanması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərdən də göründüyü kimi, ərizəçi xüsusi icraat haqqında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsumunu az ödəmiş, məhkəmə iclası zamanı isə bu nöqsanı aradan qaldırmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmalı, ərizəçiyə bu halı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 517, əməliyyat İD 677358950, GPP qəbz nömrəsi ********** olan) 50 manat rüsum Ərizəçi qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 517, əməliyyat İD 677358950, GPP qəbz nömrəsi ********** olan) 50 manat rüsum Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar