Məhkəmə qərarları › İş №2(074)-1931/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1931/2025

05.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1931/2025 05.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01238 nömrəli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024-01238 nömrəli barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin iyun ayından başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişindən 1 il 5 ay ötmüşdür. Sadəcə 2 ay, 2024-cü ilin oktyabr, noyabr aylarında ödəniş edib. Nə ondan əvvəl, nə də sonra ödəniş etməmişdir. İsmət öhdəliyinə əməl etmir. Alimenti ödəmir. Hesab edir ki, İsmət barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə etiraz edərək, ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq, işləməməsi və qazancının olmaması səbəbindən alimenti ödəyə bilməməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1326/2024 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızı arasında xx.xx.2018-ci il tarixdə Şamaxı rayon İHB-nın Mirikənd kəndi İƏD-si üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ilə İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızı arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01238 saylı barışıq sazişində göstərilir ki, mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2018-ci il tarixli, 14 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvəsində həll ediləcəkdir; mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızının yanında yaşamasına razıdırlar; İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızı xx.xx.2018-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 09.00-dan 16.00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin iyun ayından başlayaraq, hər ay 160 manat olmaqla sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızına ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan, AZ-İV № 229212 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilən Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01238 saylı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə uyğun olaraq forma və məzmun şərtlərinə əməl edilməklə bağlanmış və həmin Qanunun 33.3-cü maddəsinin tələbinə əsasən qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamışdır. Mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtləri dəqiq göstərilməklə yuxarıda göstərilən qaydada olmuşdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərindən olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin iyun ayından başlayaraq, hər ay 160 manat olmaqla sabit pul məbləğində alimentin (hər ayın sonuncu günündən gec olmayaraq) anası İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızına ödəmək barədə öhdəlik götürsə də, göstərilən şərltərə (öhdəliyə) əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01238 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 234.2.1-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızı ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/01238 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızının yanında saxlanılsın. Maraqlı şəxs övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 09.00-dan 16.00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs 2024-cü ilin iyun ayından başlayaraq hər ay 160 olmaqla sabit pul məbləğində aliment tutularaq, İsmayılova (hazırda Xalıqova) Aytac Yalçın qızına ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar