Məhkəmə qərarları › İş №2(074)-468/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-468/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-468/2023 19.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 iyun 2020-ci il tarixli 167 nömrəli Güzəştli kredit müqaviləsi üzrə əsas borc 7971,19 manat, faiz borcu 119,95 manat olmaqla, cəmi 8091,14 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin Cavabdeh məxsus ipoteka predmeti olan Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 18.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan 8091,14 manat kredit borcunun və 100.91 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) ilə Şamaxı rayon sakini Cavabdeh arasında 24 iyun 2020-ci il tarixli 167 nömrəli Güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 7979,99 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh arasında 24 iyun 2020-ci il tarixli 167 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bağlanmış 24 iyun 2020-ci il tarixli 167 nömrəli Güzəştli kredit müqaviləsinin təminatı olaraq ona məxsus Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə bağlanmış 24 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18.000,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə bağlanmış Güzəştli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən, borclu bu Müqavilə üzrə kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2020-ci il tarixli 167 saylı Güzəştli kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsini müdəfiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, 7971,19 manat əsas və 119,95 manat faiz borcu ilə razıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə müəyyən edilmiş ipoteka predmetinin qiyməti ilə razıdır. O, borcunun ödənilməsindən imtina etmir. Lakin hazırda borcunu ödəməyə maddi imkanı çatmır. Ona möhlət verilərsə borcunu ödəyəcəkdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatınin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 167 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 1 % olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə 7979,99 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli 167 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh ilə bağlanmış 24 iyun 2020-ci il tarixli 167 nömrəli Güzəştli kredit müqaviləsinin təminatı olaraq ona məxsus Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 18.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evi Cavabdeh məxsusudur və ipoteka müqaviləsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə tutmanın ipoteka predmeti olan Şamaxı rayonu, Şirvan kəndində yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının “Şamaxı” filialının Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı QSC yaranmış borcun ödənişini təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsinə başlandığını ipoteka qoyanın nəzərinə çatdırmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc 7971,19 manat, faiz borcu 119,95 manat olmaqla, cəmi 8091,14 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərətlər arasında mübahisə olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 18000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu kimi ödədiyi 100.91 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə əsas borc 7971,19 manat, faiz borcu 119,95 manat və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100,91 manat pul olmaqla, cəmi 8192,05 manat pul tutulmalı, tutma ipoteka predmeti olan Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 18.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına 8192,05 manat borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7971,19 manat əsas, 119,95 manat faiz borcu, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100,91 manat olmaqla, cəmi 8192,05 manat pul alınaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Şamaxı rayonu, Şirvan kəndində 0,07 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 39,1 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 18000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan pul hesabına 8192,05 manat pul İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar