Məhkəmə qərarları › İş №2(074)-548/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-548/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-548/2025 14.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, övladı Qubaxanım epilepsiya xəstəsi olduğundan mütəmadi olaraq təcili tibbi yardıma zəng etmişdir. Övladı rəhmətə gedən gün, yəni xx.xx.2023-cü il tarixdə də təcili tibbi yardıma zəng etmiş lakin, həkim gələnədək övladı dünyasını dəyişmişdir. Həmin aktın surətini məhkəməyə təqdim edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyun 2024-cü il tarixli № 5-75-15/2-133/2024 saylı arayışından görünür ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasından verilmiş “Həkimə qədər ölüm halın təsdiq edən” TSQ № 017 və 6684 nömrəli akta əsasən qızı X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin TSQ 017, “Həkimə qədər ölüm halın təsdiq edən” 6684 nömrəli aktından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 ölümü xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquqmühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4.5-ci bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndinə isə izah edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə qeyd edir ki, uşağın ölümü ilə əlaqədar tibbi sənədində məlumatlar qeyd olunduğundan hazırki ərizə üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda ölümün baş vermə səbəbi məlum olan və olmayan digər hallarda tibbi şəhadətnamənin hansı orqanlar tərəfindən verildiyi müəyyən edildiyindən hazırki ərizəyə məhkəmədə baxılmalı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tibbi şəhadətnamənin verilməsi üçün ambulator tibb müəssisəsinə müraciət etməli Tibbi şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilidyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da Ərizəçi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 16091, əməliyyat İD 7********) olan 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 16091, əməliyyat İD 7********) olan 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar