Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-618/2020 15.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndələri x6 və vəkili x7, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin nümayəndəsi x10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-yə qarşı “işə bərpaya dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-yə qarşı “işə bərpaya dair” iddia qaldıraraq, işdən azad edilməsi barədə olan, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 №-li x35 İstismarı” MMC-nin xx xxx 2020-ci il tarixli 26 saylı əmrinin ləğv edilməsi və əvvəlki xadimə işinə bərpa edilməsi, xx xxx 2020-ci ildən hazırki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı icra olunan günədək məcburi iş buraxmağa görə hər ay üçün 260 manat aylıq əmək haqqının hesablanaraq cavabdehdən xeyrinə tutulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi “19 №-li x35 İstismarı” MMC-nin xx xxx 2020-ci il tarixli 26 saylı əmri ilə xadimə işindən öz xahişi ilə azad edilmişdir. Həmin əmr əmək kitabçası və son haqq hesabı bu günədək təqdim edilməmişdir. İşlədiyi müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, işinin öhdəsindən daima yüksək səviyyədə gəlmişdir. Aztəminatlı ailə olduqları üçün, işləmək və gəlir əldə etmək onun üçün çox zəruri olmuşdur. Heç vaxt işdən çıxmaq niyyəti olmamışdır. İşdən azad edilməyi ilə bağlı ərizə ona hədə-qorxu əsasında zorla imzalatdırılmışdır. Belə ki, “19 №-li x35 İstismarı” MMC-nin direktoru Nazim Eynallı onu xidməti kabinetinə çağıraraq, qaynı oğlu x11 “19 №-li x35 İstismarı” MMC-nin direktor müavini Kazım Cəbrayılovun barəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına və başqa dövlət orqanlarına şikayət yazdığını bildirmiş və bu səbəbdən onun işdən çıxarıldığını demişdir. Qaynının oğlunun şikayətinə görə onu işdən çıxarmalarının əsassız olduğunu, işə ehtiyacının olduğunu və işdən çıxmaq niyyətinin olmadığını desə də Nazim Eynallı onu kobud əmək pozuntusu ilə işdən azad edəcəyini, bundan sonra heç yerdə işləyə bilməyəcəyini, onu şərləyib barəsində cinayət işi açdıracağını bildirmiş və yeganə çıxış yolunun işdən azad olunması ilə bağlı ərizəni imzalamalı olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qalaraq, işdən azad olma barədə ərizəni imzalamış və idarə binasını tərk etmişdir. Lakin ona qarşı edilmiş bu haqsızlığa qarşı hüquqi müstəvidə mübarizə aparmaq qərarına gəldiyi üçün, dərhal poçt xidməti vasitəsilə cavabdeh “19 №-li x35 İstismarı” MMC-yə teleqram vuraraq, işdən azad edilmə barədə ərizənin nəzərə alınmamasını xahiş etmişdir. Telefon vasitəsilə Nazim Eynallıya zəng edərək, onu işə qaytarmasını xahiş etsə də, onu işə qaytarmayacağını, qaynının oğlunun əməlinin bağışlanmaz olduğunu bildirmişdir. Nazim Eynallı ilə telefon danışıqlarını qeydə almış və təqdim edə bilər. Heç bir əsas olmadan işə buraxılmaması və əsassız olaraq işdən azad edilməsi onu əmək kollektivinin gözündən salmış, bir insan kimi şəxsiyyətinə mənəvi ziyan vurulmuş, hətta ona qarşı olan bu qanunsuzluğa görə yaxınları, qohumları və ailə üzvləri dərin əzab və iztirab çəkməyə məhkum edilmişdir. Cavabdehin bu qanunsuz hərəkəti ilə ona vurulmuş mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirir. Odur ki, işdən azad edilməsi barədə olan, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “19 №-li x35 İstismarı” MMC-nin xx xxx 2020-ci il tarixli 26 saylı əmrinin ləğv edilməsi və əvvəlki xadimə işinə bərpa edilməsi, xx xxx 2020-ci ildən hazırki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı icra olunan günədək məcburi iş buraxmağa görə hər ay üçün 260 manat aylıq əmək haqqının hesablanaraq cavabdehdən xeyrinə tutulması və vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri x6 və vəkili x7 iddia ərizəsinin tam əsaslı olduğunu bildirərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin nümayəndəsi x21 iddia tələbini qəbul etmədi və iddia ərizəsinə etiraz edərək bildirdi ki, ərizədə göstərilənlər qərəzçiliklə yazılmışdır. Belə ki, “19 №-li x35 İstismarı” MMC Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən yaradılmış və həmin idarə xx xxxx 2020-ci il tarixdən fəaliyyətə başlamışdır. İdarənin ştat cədvəlinə uyğun olaraq işçilər işə qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə İddiaçı idarəyə 3 ay sınaq müddətində xadimə işinə qəbul edilmişdir. Həmin vaxtdan da öz işinə başlamışdır. xx xxx 2020-ci il tarixdə İddiaçı rəhbərin iş otağına gələrək işdən çıxması barədə ərizə təqdim etmişdir. Rəhbər də, işdən çıxmasının səbəbini soruşduqda İddiaçı bildirmişdir ki, səhhətində problem var və ona işləməyə imkan vermir. Ona görə də xahiş etmişdir ki, işdən azad edilsin. İddiaçı ərizəsini təqdim edərkən rəhbərin iş otağında idarənin işçilərindən x15, x30, x19, iddiaçının bacısı idarədə xadimə işləyən x3, Salmanov Şövqi Fərhad oğlu və x22 olmuşlar. Həmin işçilər o cümlədən iddiaçının bacısı rəhbərin ona heç bir hədə-qorxu, zor, təzyiq göstərmədiyini, ondan ərizə tələb etmədiyini, hədə-qorxu gəlmədiyini təsdiq edə bilərlər. Əgər rəhbərin İddiaçı ilə hər hansı bir ədavəti var idisə onun bu qədər qohumu cəmiyyətdə işləyə bilməz. Belə ki, İddiaçı bacısı x4 (xadiməci), bacısı oğlu x1 (DDK.), bacısı qızı x12 (texnik-kompüter), bacısı oğlu x23 (mühasib), kürəkəni x16 (mühafizəçi), bacısı oğlu x24 (mühafizəçi), idarədə işləyən iddiaçının adları sadalanan bu qohumları işdən azad edilərdi. Bu faktlar onu göstərir ki, iddiaçıya heç bir təzyiq və təsir göstərilməyib. O, öz istəyi ilə ərizəsini təqdim edib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinə əsasən sınaq müddəti qutaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Göründüyü kimi idarə tərəfindən iddiaçı ilə sınaq müddətinin pozulmasına dair təşəbbüs göstərilməmiş, iddiaçı özü könüllü ərizə verərək sınaq müddətinin pozulmasını tələb etmişdir. 19 saylı x35 İstismarı MMC Əmək Məcəlləsinin 53.1-ci maddəsinin tələblərinə görə 3 gün müddətində iddiaçı ilə sınaq müddətinə bağlanmış əmək müqaviləsinin pozulması barədə əmr vermiş və İddiaçı işdən azad edilmişdir. İddiaçı işdən çıxması haqqında təqdim etdiyi ərizəsini geri götürməsi barədə idarəyə heç bir rəsmi müraciət etməmişdir. Rəhbərlik heç vaxt İddiaçı ərizə yazmağa məcbur etməmiş, əgər onu hədə qorxu ilə ərizə yazmağa məcbur etmişdirsə bu barədə həmin vaxt hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Rəhbərliyin onunla heç bir qərəzçiliyi olmamışdır. Əgər hansısa qərəzçiliyi olsaydı onun bacısını və digər qohumlarını da işdə saxlayıb işlətməzdilər. İddiaçı sınaq müddətinin bitməsinə 12 gün qalmış öz istəyi ilə müqavilənin pozulmasını xahiş etmiş, iddiaçıya heç bir təzyiq göstərilməmişdir. 2 ay 18 gün sınaq müddətində işlədiyi işdə hansı məzuniyyətdən söhbət gedə bilər ki, o məzuniyyət pulu tələb edir. İddia ərizəsindən da görünür ki, bütün yazdıqlarının heç bir hüquqi əsası yoxdur. x2 dəfələrlə işləməsi üçün tibbi arayiş tələb edilsə də, hər dəfə bir bahanə edərək vaxtı uzadaraq gətirməmişdir. Bu da, onun səhhətində bir çox problemlərin olmasına sübutdur. İddiaçı əvəllər tutduğu peşənin əvəzinə səhəri gün x8 təyin edilmişdir. İddiaçı idarədə işlədiyi 2 ay 18 gün sınaq müddətinin əmək haqqını almışdır. İşə girərkən əmək kitabçasını idarəyə təqdim etməmiş və bildirmişdir ki, əmək kitabçasını gətirəcək. Lakin işdən çıxdığı günədək əmək kitabçasını təqdim etməmişdir. İddiaçı qanunsuz işdən azad edilməsi və dəymiş zərərin ödənilməsi barədə qaldırdığı iddiasının heç bir hüquqi əsası olmadığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadə verib bildirdi ki, Cəmilə xalasıdır. Münasibətləri normaldır. Ərizəni yaza bilmədiyindən ərizəni o, yazmış iddiaçı da imzalamışdır. İddiaçıya ərizə yazmaqdan ötrü heç bir təzyiq olmamışdır. Ərizə iddiaçının öz iradəsilə dediyi sözlər əsasında yazılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin əmrdən çıxarış sənədindən görünür ki, “19 №-li x35 İstismarı” MMCnin xx.xx.2020-ci il tarixli 02 saylı əmrinə əsasən İddiaçı 3 ay sınaq müddətinə xadimə təyin edilmiş, İddiaçı əmək haqqı ştat cədvəlinə əsasən müəyyən edilmişdir. Əsas: İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin direktoru x17 ünvanlanmış xx.xx.2020-ci il tarixli əlyazma ərizəsində İddiaçısəhhətində olan problemlə əlaqədar xx xxx 2020-ci il tarixindən 19 №-li x35 İstismarı MMC-də xadimə işindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin xx xxx 2020-ci il tarixli 26 saylı əmrin surətindən görünür ki, İddiaçı öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdən xadimə işindən azad edilmiş və onunla 3 ay sınaq müddətinə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin xx xxx 2020-ci il tarixli 28 saylı əmrin surətindən görünür ki, x18 xx.xx.2020-ci il tarixdən 2 ay sınaq müddətinə xadimə işinə təyin edilmiş, x5 vəzifə maaşı Ştat cədvəlinə əsasən müəyyən edilmişdir. Əsas: S.Ş.Hüseynovanın xx.xx.2020-ci il tarixli ərizəsi. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin xx xxxx 2020-ci il tarixli 69 saylı arayışından görünür ki, İddiaçı işdən çıxdığı gündən bu günə qədər ərizəsinin geri götürülməsi barədə cəmiyyətə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-nin xx xxxx 2020-ci il tarixli 68 saylı arayışından görünür ki, x12 hazırda “19 №-li x35 İstismarı” MMC-də Texnik-kompüterçi peşəsində işləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini heç vaxt işdən çıxmaq niyyətinin olmaması, işdən azad edilməsi ilə bağlı ərizənin ona hədə-qorxu əsasında zorla imzalatdırılması, eləcə də idarə binasını tərk etdikdən dərhal sonra poçt xidməti vasitəsilə cavabdehə işdən azad edilmə barədə ərizəsinin nəzərə alınmamasına dair teleqram göndərməsi, əsassız olaraq işdən azad edilməsinin onu əmək kollektivinin gözündən salması, nəticədə mənəvi ziyana uğraması ilə əsaslandısa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Cavabdeh, iddiaçıya heç bir hədə-qorxu, zor, təzyiq göstərilməməsi, ondan ərizə tələb edilməməsi, iddiaçının özünün səhhətində problemlə bağlı işdən çıxması barədə ərizə təqdim etməsi əsası ilə iddiaya etiraz etmişdir. Yanaşı yoxlanılmış şahid ifadəsi ilə iddiaçıya işdən çıxmaq barədə ərizə verməsi üçün hədə-qorxu, zor, təzyiq göstərilməsi halı təsdiq edilməmişdir. Məhkəmə, eyni zamanda cavabdehin yalnız iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verdiyi halda, digər qohumları ilə əmək münasibətlərini davam etdirməsini də nəzərə alaraq qaynı oğlunun şikayət yazdığına görə cavabdehin onunla bağladığı əmək müqaviləsinə xitam verdiyinə dair iddiaçının dəlillərini işin hallarına uyğun saymır. Beləliklə, iş üzrə olan sübutlarla cavabdeh tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur edilməsi təsdiq edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin tarixdən xadimə işindən azad olunmasını xahiş etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli 26 saylı əmri ilə iddiaçı ərizəsinə əsasən həmin tarixdən xadimə işindən azad edilmiş və onunla 3 ay sınaq müddətinə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qeyd edilən maddi hüquq normasına əsasən əmək müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş digər hallara istinad etməklə ləğv edilməsini tələb etmək hüququ olan iddiaçı, işdən çıxarılmasını səhhətində olan problemlə əlaqələndirmiş, cavabdeh də bu əsasla razılaşmışdır. Bundan başqa, əmək müqaviləsinin işçi tərəfindən bu qaydada ləğv edilməsini mübahisələndirmək hüququ cavabdehə aid olmuş, cavabdeh isə bu hüququndan istifadə etməmiş və mübahisəli əmri qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 290-cı maddəsininin “qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İş üzrə olan sübutlarla cavabdehin əmək münasibətləri prosesində iddiaçıya mənəvi ziyan vurması halı sübut edilmir. Beləliklə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur edilməsi, cavabdehin əmək münasibətləri prosesində iddiaçıya mənəvi ziyan vurması təsdiq edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 №-li x35 İstismarı MMC-yə qarşı “işə bərpaya dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-618/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-618/2020
15.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver