Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-706/2022 13.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi (Maraqlı şəxs) “şəxsin ölümünün qeydə alınması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin ölümünün qeydə alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 1944-cü ildə Şamaxı rayonunun Padar kəndində anadan olmuş, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində qeydiyyatda olan X1 28 mart 2022-ci il tarixdə vəfat etməsinə dair ölüm faktının qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcəllənin 308-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 4.8-ci bəndində məhkəmələrə izah edilir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun qərarına əsaslanaraq məhkəmə qeyd edir ki, şəxsin ölümünün qeydə alınması o zaman müəyyən oluna bilərki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. Lakin ərizəçi tərəfindən şəxsin ölümü əvvəllər qeydə alınması, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamasını təsdiq edən sübutlarını ərizəsində göstərmədiyindən və bu cür sübutları ərizəsinə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “şəxsin ölümünün qeydə alınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-706/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-706/2022
13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver