Məhkəmə qərarları › İş №2(074)-734/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-734/2024

02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-734/2024 02.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986cı il təvəllüdlü X1 xx.xx.2014-cü il tarixdə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4,X2 və X5 nəvələridir. Hazırda bu uşaqlar valideyn himayəsindən məhrum olunmuş vəziyyətdədirlər. Ataları Seymur ölmüş, anaları Elmira isə həbsdədir. Uşaqlara müavinat verilməlidir. Lakin, atalarının ölümü barədə şəhadətnamə olmadığından, bu müavinatın alınması mümkün deyildir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, hazırda qeydiyyat aparılması mümkün deyil, şəxsin ölmüş elan olunması barədə məhkəmə qərarı tələb olunur. X3 xx.xx.1986-cı il tarixdə Ermənistanda anadan olmuşdur. X11 ilə 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar, rəsmi nikaha isə xx.xx.2013-cü il tarixdə daxil olmuşdurlar. İki uşaqları yaşadıqları Sumqayıt şəhərində doğulmuş, sonradan isə qızı ailəsi ilə birlikdə Suriyaya getmiş və üçüncü uşaqları olan Uqqaşa Suriyada doğulmuşdur. X6 döyüşlər zamanı xx.xx.2014-cü il tarixdə ölmüş və bundan sonra onun qızı Elmiranı İraqa aparmışdırlar. Hazırda orada həbsdədir. Bunları biləndən sonra, dövlət orqanlarının, xüsusilə də, İraqdakı səfirliyin yardımı ilə uşaqları Azərbaycana gətizdirmişdir. Hal-hazırda uşaqlar onun yanındadır və onun himayəsindədir. Valideyn himayəsindən məhrum olunmuş uşaqlar kimi, müavinatın təyin olunması üçün, uşaqların atası X1 ölmüş elan olunması barədə məhkəmə qərarının qəbul edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi əlavə olaraq bildirdi ki, qızı Elmira əri Seymurla birlikdə Sumqayıt şəhərində yaşamışlar, sonradan işləmək adı ilə Türkiyəyə getmişlər, oradan isə Suriyaya keçmişlər, sonradan isə mobil telefon vasitəsi ilə qızı Elmira ilə danışarkən, Elmira əri Seymurun Suriyada döyüşlər zamanı xx.xx.2014-cü il tarixdə həlak olmasını demişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Göründüyü kimi, qanunvericilikdə şəxsin ölmüş elan edilməsi üçün əsas verən hallar göstərilmişdir. Lakin, Ərizəçi xx.xx.1986-cı il təvəllüdlü X1 Suriya Respublikasına getməsini, onun orada hərbi əməliyyatlarda iştirak etməsini təsdiq edən və hərbi əməliyyatlarda həlak olmasını güman edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, ərizəçi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X1 ölmüş elan edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, ərizə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar