Məhkəmə qərarları › İş №2(074)-768/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-768/2023

03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-768/2023 03.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01073 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01073 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 ilə onun hər həftənin şənbə və bazar günləri, məhdudiyyət qoyulmadan ünsiyyətdə olmağına mane olmayacağı barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixdə övladı ilə görüşmək üçün Gülyanaqgilin evinə getmiş, İnci üçün də müəyyən hədiyyələr almışdır. Lakin, uşaqla görüşməyinə imkan vermədilər, özünü isə təhqir edib, həyətdən qovmuşdurlar. Ona açıq şəkildə bildirilmişdir ki, bir daha uşağın üzünü görməyəcəksən. Hətta, Gülyanağın anası onu hədələmişdir ki, bir də bu qapıdan içəri ayağını qoysa, onu güllə ilə vuracaqdır. Gülyanaq barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx.xx.2021-ci il tarixdə Şamaxı Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 187 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə X2 doğulmuşdur. İş materiallarından görünür ki, mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01073 saylı Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə, hər iki tərəf birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs yanında yaşamasına razıdırlar; Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X1 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri məhdudiyyət qoymadan, sərbəst şəkildə görüşüb, ünsiyyətdə olmasına maneə olmayacağı barədə öhdəlik götürür; Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır; Sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, lakin könüllü icra müddətində Maraqlı şəxs Sazişin icrasından imtina edərək, götürdüyü öhdəliyi yerinə yetirməmiş və hazırda Ərizəçi bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023- 01073 saylı Barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01073 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar