Məhkəmə qərarları › İş №2(074)-953/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-953/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-953/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 yanvar 1995-ci il tarixdə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş qızı X2 27 fevral 1995-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə 08.10.1993-cü il tarixdə ailə qurmuşdur. X1 19.03.2017-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 ilə aralarında olan nikahdan 3 övladları doğulmuşdur. 1-ci uşaq 02.01.1995-ci il tarixdə Kübura adlı qız uşağı, 2-ci uşaq 02.12.1996-ci il tarixdə Elnur adlı oğlan uşağı, 3-cü uşaq 25.11.1997-ci il tarixdə Elvin adlı oğlan uşağı doğulmuşdur. Kübura adlı ilk övladı xəstəliyi ilə bağlı 27.02.1995-ci il tarixdə vəfat etmişdir. Onu Şamaxı rayonu Qaleybuğurd kəndində yerləşən kənd qəbirstanlığında dəfn ediblər. Küburanın yaşı heç tam 2 ayına çatmadığından və ümumiyyətlə çox erkən öldüyündən ona heç baş daşı belə qoyulmamışdır. Küburanın vəfatı onlara çox pis təsir etmişdir. Çünki, onların ilk övladı idi. Bu və digər səbələrdən ona vaxtında ölüm haqqında şəhadətnamə almaq fikirlərindən çıxmışdır. Rəhmətlik qızı Küburanın dəfnində və yas mərasimində yaxınları, tanışları və qonşuları iştirak etmişlər. Hazırda müəyyən sənədləşmə işlərilə bağlı mərhumə qızı Küburanın ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, həmin sənədi məhkəmədən kənar başqa qaydada əldə etmək də, mümkün deyil. Onlar Küburanın ölüm şəhadətnaməsini əldə etmək üçün Şamaxı rayon Qeydiyyat Şöbəsinə müraciət ediblər, lakin onlara X2 ölümü haqqında akt qeydinin 1992-1998-ci illər Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyi üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, X6 1995-ci ildə vəfat etmişdir. Şamaxı rayonu, Qaleybuğurd kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, X6 onun qardaşı qızıdır. Uşaq doğulandan vir neçə gün sonra evdə rəhmətə gedib. Şamaxı rayonu, Qaleybuğurd kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 01.03.1995-ci il tarixli X3 arayışından görünür ki, X6 02.01.1995-ci il tarixdə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş və 27.02.1995-ci ildə “Pnevmaniya” səbəbindən vəfat etmişdir. İş materiallarında olan 07.06.2021-ci il tarixli, 07 saylı Şamaxı rayon Qaleybuğurd bələdiyyəsinin arayışından görünür ki, 1995-ci il təvəllüdlü X6 27.02.1995-ci ildə vəfat etmiş və Qaleybuğurd kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli Şamaxı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X6 02.01.1995-ci il tarixdə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuşdur. Bu barədə 06.02.1995-ci il tarixli Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyi tərəfindən № 02 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 06.07.2021-ci il tarixli № 05/Q-571/69 saylı Şamaxı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X2 ölüm haqqında akt qeydi 1992-1998-ci illər Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyi üzrə Şamaxı rayon Qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmayıb. İş materiallarında olan 04.08.2021-ci il tarixli, 23/03 saylı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 03.04.2017-ci il tarixli AZ-İ № 861595 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.03.2017-ci il tarixdə “düz bağırsağın bəd xassəli törəməsi” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 02.01.1995-ci il tarixdə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş X2 27 fevral 1995-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1995-ci il tarixdə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş X2 27 fevral 1995-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar