Məhkəmə qərarları › İş №2(074)-987/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-987/2025

16.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-987/2025 16.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs İnqilab qızı arasında bağlanmış xx.xx.2023-cii il tarixli MŞS/MT030/2023-01036 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01036 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs İnqilab qızı xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 ilə onun hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmağına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Barışıq sazişindən sonra uşaqlarla bir neçə ay ünsiyyətdə olub. Artıq bir ilə yaxındır ki, keçmiş yoldaşı Sabirabad rayonunda bir nəfərlə qeyri-rəsmi ailə qurub və orda yaşayır, uşaqlarını da aparıb yanına və onun yanında yaşayırlar. Ona uşaqlarını görmək istədiyini desə də, o deyir ki, “Uşaqlarını görmək istəyirsənsə gəl Sabirabad rayonunda gör”. O, isə xəstə adamdır. Sabirabad rayonuna getməyə nə imkanı nə də gücü yoxdur. Rozanın qeydiyyatı Şamaxı olduğu halda o niyə uşaqlarını Sabirabad rayonunda görməlidir. Artıq bir ilə yaxındır ki, uşaqlarını görmür, dəfələrlə uşaqlarını görmək istəyinə baxmayaraq. Hesab edir ki, Roza barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir .Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs uşaqları görməklə bağlı ona mane olmur. Ancaq o, uşaqlarla birlikdə Sabirabad rayonunda yaşayırlar. O məsafə uzaq olduğundan Sabirabad rayonuna gedə bilmir. Uşaqları Şamaxı rayonunda olanda isə xəstə olduğundan uşaqlarını görmək üçün gedə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, o, hazırda uşaqları ilə birlikdə Sabirabad rayonunda yaşayır. Ərizəçi oraya gəlmir, heç zəng də etmir. Buna görə də ərizənin təmin edilməməsini xahiş edir. O, Şəmsəddinin uşaqlarını gəlib görməsinə heç bir etirazı yoxdur. Şəmsəddin uşaqları görmək üçün indiyədək heç vaxt ona müraciət etməyib. Hətta bir dəfə Şamaxı rayonuna anasıgilə gələndə anası Şəmsəddinin valideyninə zəng vuraraq uşaqların Şamaxıya gəldiyini gəlib görmələrini bildirdi, lakin Şəmsəddin yenə də gəlmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1238/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 04 oktaybr 2019-cu il tarixdə Şamaxı rayonu, Adnalı kənd İcra nümayəndəliyində 05 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarından görünür ki, mediasiya prosesində tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs qarşılıqı olaraq könüllü surətdə razılığa gələrək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunununun 33-cü maddəsinə uyğun olaraq Barışıq Sazişi bağlamış və imzalamışlar. Mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı Şamaxı rayon, Adnalı kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış 05 nömrəli akt qeydi ilə tərtib edilmiş nikah qeydinin pozulmasına razıdırlar. Ailə Qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs yanında yaşamasına razıdırlar. Tərəflər mediasiya prosesində qarşılıqlı surətdə razılaşmışlar ki, ata Ərizəçi, qızı 05 yanvar 2022-ci il təvəllüdlü X3 və qızı 06 may 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 12 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ana Maraqlı şəxs 90,00 (doxsan) manat sabit pul məbləğində, ümumilikdə 180,00 manat (yüz səksən) alimenti ödəmək barədə öhdəlik götürür. Maraqlı şəxs, X3 və X1 atası Ərizəçi ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Maraqlı şəxs, X3 və X1 atası Ərizəçi ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüş və onun tərəfindən maneçilik törədilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış barışıq sazişində Ərizəçi uşaqları ilə məhz Şamaxı rayonunda görüşməli olmasına dair şərt nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar