Məhkəmə qərarları › İş №2(075)-14/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-14/2023

13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-14/2023 13.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payın müəyyən olunması və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-213A KOD 40402048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətlərinin alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilməsini, Şəki rayon Qayabaşı kəndində yerləşən, JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 6.06 hektar torpaq sahəsindən ona düşən payın və həmin torpağın mərhum anasından miras qalmış hissəsindən ona, qardaşı X7 və bacısı X6 düşən payların və JN-213A KOD 40402048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.10 hektar həyətyanı torpaq sahəsindən ona, qardaşı X7 və bacısı X6 düşən payların, həmin torpağın mərhum anasından miras qalmış hissəsindən ona, qardaşı X7 və bacısı X6 düşən payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-213A KOD 40402048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətlərinin alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu verilməsini, Şəki rayon Qayabaşı kəndində yerləşən, JN-0009 KOD 40402048 saylı pağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 6.06 hektar torpaq sahəsindən ona düşən payın koordinatlarının müəyyən olunması və naturada ayrılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 56120 kv.metr torpaq sahəsində onun 1/3 hissədə payının müəyyən olunması və naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1993-cü il tarixdə Şəki rayon Qayabaşı kəndində anadan olmuşdur. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarı ilə 3 nəfər ailə üzvünə (atası-hazırkı iş üzrə cavabdeh, mərhum anası və o) 6.06 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adına torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət aktına əsasən onlara iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi verildikdən sonra səkkiz il müddətində istifadə etmişlər. 2006-cı ilin may ayında atası ilə anası arasında olan nikah pozulmuşdur. Bundan sonra anası xəstələnmiş, onun müalicə olunması üçün pula ehtiyac olmuşdur. Həmin vaxt atası, hazırkı iş üzrə Cavabdeh 600 (altı yüz) manat borc pul almışlar. Bir ay sonra cavabdeh onlardan borcu tələb etmiş, lakin imkanları olmadığı üçün ödəyə bilməmişlər. Bundan sonra cavabdeh borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar da imkanı olmaması səbəbindən borc bitənədək cavabdehə torpaqlarını əkib-becərməsinə razılıq vermişlər. Həmin vaxt onun 13 yaşı olduğu üçün bütün bu qeyd edilən məsələlər onun ana nənəsinin vasitəçiliyi ilə olmuşdur. Nənəsi Dövlət aktının əslini də cavabdehə vermişdir. 03 iyul 2006-cı il tarixdə anası İlyasova (Bayramova) Aliyə Fərman qızı vəfat etmişdir. Növbəti ildə taxıl biçini zamanı onlar cavabdehə müraciət etdikdə o, etiraz etmiş, torpağı qaytarmaq fikrinin olmadığını demiş və heç bir yardım etməyəcəyini bildirmişdir. Beləliklə 2007-ci ildən başlayaraq hər il taxıl biçilən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin hər dəfə müxtəlif bəhanələrlə cavabdeh, torpağı qaytarmaqdan yayınmışdır. Bu yaxınlarda o, cavabdehə yenidən müraciət etmiş, cavabdeh torpağın qardaşı X4 tərəfindən əkildiyini və ona aid olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən 6.06 hektar torpaq sahəsində ona düşən payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa mərhum anasından miras qalmış torpaq sahəsindən də ona, qardaşı X7 və bacısı X6 düşən pay müəyyən olunmalıdır. Bundan başqa Şəki rayon Qayabaşı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinə cavabdehin, mərhum anasının, onun, qardaşının və bacısının adına JN-213A KOD 40402048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktını və JN-213A KOD 40402048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni, o, əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Dövlət Aktına əsasən verilən torpaq sahəsi 56116.99 kv.m və 0.45 ha ölçüdə olmaqla iki hissədə yerləşir. 0.45 ha torpaq sahəsinin yerləşdiyi yeri ümumiyyətlə bilmir. Atası onları atıb getmiş, anası isə dünyasını dəyişmişdir. Hazırda, o, ekspertin rəyi ilə müəyyən olunan torpağın 56116.99 kv.m hissəsində payının müəyyən olunmasını və naturada ayrılıb ona verilməsini xahiş edir. Yerquruluşu planında İİ-ci hissə kimi göstərilən sahənin ona verilməsini xahiş edir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının nənəsi həmin Dövlət Aktı ilə müəyyən olunan torpağı onun qardaşı X1. Torpağın mülkiyətçisi Salehdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizası şöbəsinin eksperti X11 göstərdi ki, JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, aktda göstərilən 6.06 ha torpaq sahəsi ayrı-ayrı yerlərdə yerləşən iki hissədən, yəni 4508 kv.m və 56116.99 kv.m sahələrdən ibarətdir. 56116.99 kv.m sahədən ibarət olan torpağa baxış keçirilmiş və məhz həmin torpaq sahəsinin bölünməsinin mümkünlüyü müəyyən olunmuşdur. Həmin torpaq sahəsi hər biri 18707 kv.m hissədən ibarət olan üç hissəyə, yerquruluşu planında göstərilən qaydada naturada bölünə bilər. Aktda göstərilən 4508 kv.m hissədən ibarət olan torpaq sahəsinin dəqiq yeri müəyyən olunmadığından döngə nöqtələrinin götürülməsi mümkün olmamaışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 iyul 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş JN-0009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Cavabdeh, X5 və İddiaçı 6.06 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin planından görünür ki, ümumilikdə 6.06 ha sahəsi olan torpaq 56116.99 kv.m və 4508 kv.m hissələrdən ibarət olmaqla ayrı-ayrı yerlərdə yerləşir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəki şəhəri Qayabaşı kəndində yerləşən mehkəmə pretmeti olan (9C) torpaq sahəsi naturada 56120 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən ümumibirgə mülkiyyətdə olan 56116.99 kv.m (9C) torpaq sahəsinin 1/3 paya uyğun hissəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş cədvəldə göstərilmişdir. İddiada qeyd edilən 0.45 hektar torpaq sahəsini naturada yerli baxışda iştirak edən Qayabaşı kənd bələdiyyəsinin sədri X15 və Qayabaşı kənd sakini X9 və İddiaçı tanımadığı uçün həmin hissənin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə ölçülərək götürülməsi mümkün olmamışdır. İş üzrə qanuni və ədalətli qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(075)-56/2022 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 10/7259 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Şəki rayonu, Qayabaşı kəndində yerləşən məhkəmə predmeti olan (9C) torpaq sahəsi naturada 56120 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-009 KOD 40402048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən ümumibirgə mülkiyyətdə olan 56116.99 kv.m (9C) torpaq sahəsinin 1/3 paya uyğun hissəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş cədvəldə göstərilmişdir. İddiada qeyd edilən 0.45 hektar torpaq sahəsini naturada yerli baxışda iştirak edən Qayabaşı kənd bələdiyyəsinin sədri X15 və Qayabaşı kənd sakini X9 və İddiaçı tanımadığı üçün həmin hissənin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə ölçülərək götürülməsi mümkün olmamışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən JN-009 KOD 40402048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 6.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam qanuni əsaslarla tərəflərin ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsi 56116.99 kv.m və 4508 kv.m hissələrdən ibarət olmaqla ayrı-ayrı yerlərdə yerləşir. İddiaçı Dövlət Aktı ilə müəyyən olunan 6.06 ha torpaq sahəsindən 56116.99 kv.m hissəsində ona düşən payın müəyyən edilməsi və ayrılaraq ona verilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Mübahisə predmeti olan torpaq sahələri tam qanuni əsaslarla tərəflərə məxsusdur. Lakin, hazırkı vəziyyətdə iddiaçı mülkiyyətində olan bu torpaq sahələrindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahələrində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, iddiaçının torpaq sahəsinə sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Bu səbəbdən də, iddiaçı ümumi mülkiyyətində olan payının müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə payının müəyyən olunmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Belə olduğu təqdirdə yuxarıda sözü gedən torpaq sahələrinin 1/3 hissəsi iddiaçının payı kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəki rayonu Qayabaşı kəndində yerləşən KOD 404020** JN ***9 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 6.06 ha torpaq sahəsindən 56116.99 kv.metr torpaq sahəsində İddiaçı 1/3 hissədə payı müəyyən edilməli, həmin torrpaq sahəsinə münasibətdə tərtib edilən yer quruluşlu planın ikinci hissəsində göstərilən 18707 kv.metr torpaq sahəsinin döngə nöqtələri nəzərə alınmaqla naturada ayrılaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəki rayonu Qayabaşı kəndində yerləşən KOD 404020** JN ***9 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 6.06 ha torpaq sahəsindən 56116.99 kv.metr hissəsində İddiaçı 1/3 hissədə payı müəyyən edilsin. Şəki rayonu Qayabaşı kəndində yerləşən KOD 404020** JN ***9 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 6.06 ha torpaq sahəsinin 56116.99 kv.metr hissəsinin İddiaçı aid 1/3 hissəsi (döngə nöqtələri-1 (X-698347.29, Y-4528319.39), 2 (X-698298.14, Y-4528270.53), 3 (X-698514.38, Y-4528106.69), 4 (X-698565.61, Y- 4528153.96)) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/7259 nömrəli rəyində göstərilən qaydada və mütəxəssiz rəyinə əlavə edilmiş yerquruluşu planına (ikinci hissəsində göstərilən 18707 kv.m) uyğun vəziyyətdə naturada ayrılaraq iddiaçıya verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar