Məhkəmə qərarları › İş №2(075)-1621/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1621/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1621/2020 16.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı xx.xx.1984-cü il tarixdə doğulmuş X1 xx.xx.1993-cü il tarixdə vəfat etməsi üçün cavabdeh tərəfə qarşı qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli, 03 saylı QƏRARİ-nın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Ərizəçi bundan əvvəl də eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-370/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Həmin qərardad da ərizədə olan nöqsanlar ərizəçinin nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilmişdir. Bundan sonra Ərizəçi təkrarən eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-635/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Həmin qərardad da ərizədə olan nöqsanlar ərizəçinin nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilmişdir. Bundan sonra Ərizəçi təkrarən eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş, mülki işin hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Həmin qərardadda ərizədə olan nöqsanlar ərizəçinin nəzərinə çatdırılmış və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilmiş, həmçinin ərizədə olan nöqsanlar iclas zalında ərizəçinin özünün də nəzərinə çatdırılmışdır. Sözügedən qərardaddan narazı qalan Ərizəçi apellyasiya şikayəti vermiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-722/2020 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-722/2020 nömrəli, xx xxx 2020-ci il tаrixli qərаrdаdındаn Ərizəçi tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1398/2020 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-722/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ərizəçi təkrarən eyni tələblə, eyni formada məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1408/2020 saylı qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi ərizəçi ərizəsində X1 oğlunun “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etmiş, lakin həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, yalnız ərizəsinə Şəki rayonu, Kiş kənd icra nümayəndəliyi tərəfindən məhkəməyə təqdim etmək üçün verilmiş arayışı əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə ərizəçinin nəzərinə onu da çatdırır ki, ərizəçi yenidən məhkəməyə vicdansızcasına əsassız iddia qaldırarsa məhkəmə tərəfindən qanuna müvafiq qaydada cərimələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın mahiyyətindən belə başa düşülür ki, ərizəçi ilk öncə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət etməli, həmin müəssisədən ərizəçiyə imtina barədə məktub verilməli və bundan sonra isə ərizəçi mahiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Beləliklə də ərizəçi tərəfindən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149-cu mаddəsinin tələbinə əməl edilməmişdir. Belə olan halda ərizə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Ərizəçi mərhum övladı xx.xx.1984-cü il tarixdə doğulmuş X1 xx.xx.1993-cü il tarixdə ölməsi haqqında ölüm şəhadətnaməsinin verilməsi üçün cavabdeh tərəfə qarşı qərar çıxarılması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar