Məhkəmə qərarları › İş №2(075)-27/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-27/2022

10.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-27/2022 10.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh nümayəndəsi (arvadı) X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evinin bünövrəsinin təmirinə, Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, son 2 ildə evinin başı üstündə qeyri-qanuni tikilən otağın və 2014-cü ildə sökülməsinə qərar verilən lakin icra edilməyən sanitar qovşağının sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 01 fevral 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin azaldılması və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona məxsus olan ünvan 1 ünvanda yerləşən evinin cavabdeh X7 yaşadığı həyət ilə aralarında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdeh tərəfindən təmir edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. 12 fevral 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evini, cavabdehin mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran divarın üzərində inşa edilmiş yaşayış evinin və həmin divarın hündürlüyünün düzgün inşa edilmədiyi hissəsinin, cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Bildirmişdir ki, evinə bitişik həyəti olan Cavabdeh valideynləri ilə birlikdə sonradan onların məhəlləsinə gəlmişlər. Sahib illərlə onun evinin divarına bitişik qeyriqanuni dülgər sexi işlətmiş, sanitar qovşağı tikmiş, evinə yaxın hissədə qanunsuz şüşəbənd tikmişdir. Cavabdeh onun həyət divarının arxa hissəsində öz həyəti tərəfindən evində nə qədər əşya, paslanmış dəmir varsa hamısını hasarın həmin hissəsinə yığmışdır. Həyət divarı, vaxtilə onun mərhum qardaşı tərəfindən tikilmişdir. Evi və həyətyanı divarın tikilməsinə dair onun təsdiqedici və hüquqi sənədləri də mövcuddur. Onun qonşusu olan Cavabdeh onun divarından 40 il hər cür istifadə etmiş, uçurmaq vəziyyətinə salsa da, həyət divarına bir daş belə qoymamışdır. O, tək qadın ola-ola, həyət divarını təmir etdirmişdir. Onun divarı təmir etdirməsi barədə cavabdehin mərhum anası Səmayənin verdiyi yazılı məlumat da mövcuddur. O,uzun illər cavabdehin bu hərəkətlərinə qonşuluq naminə dözmüşdür. Göstərmişdir ki, 2014-cü ildə isə cavabddeh onun mülkiyyətində olan evinə yaxın hamam tikən zaman dəfələrlə etdiyi xahişi nəzərə almadığı üçün məcburiyyət qarşısında qalaraq müvafiq dövlət orqanlarına: polisə şöbəsinə, məhkəməyə və icra hakimiyyətinə müraciət etmiş və nəticədə cavabdeh tərəfindən aparılan hamam tikintisi işləri dayandırılmışdır. Lakin cavabdeh tərəfindən törədilən titrəyişlər və zərbələr nəticəsində qədim və onun üçün çox doğma olan ata evi yaşayış üçün yararsız hala düşmüşdür. Ona görə də məcburiyyət qarşısında qalaraq evinin yerində həyət divarlarına bitişik sadə və imkansız alt-üst 2 otaq tikdirməli olmuşdur. Məhkəmənin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 nömrəli qətnaməsinə əsasən X3 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən evin həyətində hamam tikintisi məqsədilə quraşdırılmış dəmir dayaqlar və onun üzərində quraşdırılmış dəmir konstruksiya kəsilərək 1 metr 50 santimetr məsafədə sərhəd hasarından geri çəkilməsi və həmin həyətdə anbar binası kimi inşa olunmuş, halhazırda mişar sexi kimi fəaliyyət göstərən tikili, həmin tikilinin yanında inşa olunmuş sanitar qovşaq sökülərək götürülməsi qət edilmişdir. Sonradan yararsız halda olan köhnə, qanunsuz sex ləğv edilmişdir. Lakin yaşadığı otağın 2 addımlığında olan sanitar qovşaq, başqa qanunsuz tikililər saxlanılmış, məhkəmə tərəfindən verilən qərar icra olunmamışdır. O isə yenə də təkid etməmişdir. Hazırda onunla cavabdeh arasında olan həyət divarının cavabdeh tərəfindən olan hissəsində təmir işlərinə ehtiyac vardır. Yaşadığı həmin ev, cavabdeh olan qonşusunun həyətindən 3 metrlik məsafədə yerləşir. O, öz evində rahatlıq tapa bilmir. Cavabdeh həyətində hər gün balta ilə, motorla odun parçalayır. Bu zaman onun evinin divarı yırğalanır. O, bu məsələ barədə dəfələrlə cavabdehin bacısından, qardaşından motorunu və baltasını onun evinin yaxınlığında yox, həyətinin aşağı hissəsində işlətməyi xahiş etmişdir. Yaxın qonşusu olan usta Əfəndiyev Natiqdən köməklik istəmişdir. Əfəndiyev Natiq ona evinin arxasından öz ev divarının bünövrəsini qazmaq, evinin divarını qoruyucu ilə örtmək, möhkəmləndirmək lazım olduğunu bildirmişdir. Qonşunun həyətinə heç bir ziyan vurmamaq şərtilə, divarı təmir etdirərək möhkəmləndirməyi cavabdeh Sahibin bacısı Nəsrullayeva Bənövşədən, qardaşı Məmmədzadə İbrahimdən cavabdehi başa salmağı dəfələrlə xahiş etmişdir. Ev divarının dibini təmirə icazə verməsini, baltasının, motorunun səsini uzaqlaşdırmasını istəmişdir. Lakin onun xahişinin heç bir mənası olmamışdır. Göstərmişdir ki, hazırda əsas istəyi cavabdeh X7 yaşadığı həyət ilə onun yaşadığı həyət arasında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdehin mülkiyyətində olan torpaq hissəsində qazıntı işləri aparmaqla təmir etdirilməsini istəyir. Lakin cavabdeh buna mane olaraq onu həyətlərinə buraxmır. Bununla da aralarında olan divarın və həmin divarın bünövrəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi hissəsində qazıntı işləri aparmaqla təmir edilməsinə maneələr yaradır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddiaya münasibət bildirərək göstərmişdir ki, onu əsaslı hesab etmir. Qeyd etmişdir ki, onun evinin və həyətyanı sahəsinin qanuni sənədləri olmaqla tam mülkiyyətindədir. Evində və həyətində heç bir qeyri-qanuni tikili yodur. Əsas iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (arvadı) X2 izahat verərək göstərmişdir ki, İddiaçı ona qarşı, iddiaçıya məxsus, Giləhli küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinin bünövrəsinin, mülkiyyətçisi olduğu Giləhli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus həyətin qazılması ilə təmirinə imkan verilməsi, buna paralel, Giləhli küçəsi, ev 26 ünvanında yerləşən fərdi yaşayış evində, iddiaçının fantaziyası ilə, son illərdə inşa edilmiş, özbaşına tikililərin və həyət divarına bitişik sanitar qovşağının sökülüb götürülməsinə dair iddiasını qəbul etmir. Bildirmişdir ki, iddiaçı ilə uzun illərdir ki, qonşuluqda yaşayırlar. İddiaçı ilə onlar arasında daş hasar vardır. Onların evləri həmin hasardan 3-4 metr aralıda yerləşir. Həmin 3-4 metrlik hissə isə küçədən onlara daxil olan qapı-darvazadır. İddiaçının inşa etdiyi ev bəzi yerlərdə hasarla üst-üstə düşür. Yəni, iddiaçının evinin divarının müəyyən hissəsi hasarı əvəz edir. Qeyd etmişdir ki, iddiaçının istəyi mülkiyyətlərində olan torpaq hissəsində evinin və hasarının bünövrəsini qazaraq orada təmir işləri görməkdir. Halbuki, həmin hissəsdə onlar tərəfindən hər hansı divara doğru su axıdılmır. Ümumiyyətlə divarın onlara tərəf olan hissəsində iddiaçıya hər hansı ziyan vurulmamışdır. Buna görə də İddianı tam əsassız hesab edir. Həmçinin bildirilmişdir ki, iddiaçıya məxsus, ünvan 6 ünvanında yerləşən, fərdi yaşayış evini, mülkiyyətçisi olduğu ünvan 7 ünvanında yerləşən, fərdi yaşayış evindən ayıran divar iddiaçı tərəfindən, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsinin” tələbləri kobud surətdə pozulması ilə tikilmişdir, bundan başqa iddiaçı özünə məxsus olan fərdi yaşayış evini də, bir başa olaraq həmin divarın üzərində inşa etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, öz həyətində hansısa iş gördüyü zaman, onun başına səs düşür. Onun həyətində hansısa iş görməyi ilə əlaqədar, onun rahatlığı pozulur. Göstərmişdir ki, onlar öz həyətində gördüyü işləri ictimai asayişin qorunması məqsədi ilə, həmin işləri səhər saat 07:00-dan, axşam saat 21:00-dək görür. İddiaçının öz evində rahat olmamasının əsas səbəbi onun özünün Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsinin” tələblərini kobud surətdə pozaraq ara məsafəsi buraxmadan, qonşu ilə ara divarı üzərində fərdi yaşayış evi inşa etməsidir. Bu səbəbdən o, öz həyətində hərəkət edən zaman, iddiaçı divarın arxasında, narahat olur. Göstərmişdir ki, iddiaçı daima onlarla qonşuluq prinsipləri daim kobud surətdə pozmuş, əsassız ittihamlarla onu məhkəmələrə çəkmişdir. Bu səbəbdən hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında 0.0661 ha torpaq sahəsində yerləşən 33.7 kv.m yaşayış, 47.5 kv.m köməkçi sahələrdən ibarət olan, 2 mərtəbəli, 2 otaqlı və 13.8 kv.m yaşayış, 32.1 kv.m köməkçi sahəsən ibarət olan, 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evləri İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli, reyestr kitabının 62 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 07 avqust 2015-ci il tarixli, 294 invertar nömrəli, **********31-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan 30 yanvar 2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki şəhəri, Giləhli küçəsi, 24 saylı evdə yaşayır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 16 oktyabr 2020-ci il tarixli, 7307 invertar nömrəli, **********64-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X5 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, **********64-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında 0.033 ha torpaq sahəsində yerləşən 64.1 kv.m yaşayış, 68.9 kv.m köməkçi sahələrdən ibarət olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi Cavabdeh, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X4, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli, reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin 15 oktyabr 2014-cü il tarixli, 1/234 saylı sərəncamından görünür ki, ünvan 7-da yaşayan Cavabdeh İXM-nin 194.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun 27 aprel 2021-ci il tarixli, 34 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında uçmuş köhnə evinin yerində tikdiyi yeni tikilinin dam örtüyünün kirətmitlə əvəz olunması tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2022-ci il tarixli, 10/2140 nömrəli ekspert rəyində göstərilmişdir ki, məhkəmə qərardadının 1-ci və 3-cü suallarının cavablandırılması mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə göstərilmişdir ki, tədqiq olunan hasar tikilisinin hündürlüyünün 5.2 m olduğu nəzərə alaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinin pozulduğu müəyyən olunur. Fərdi yaşayış evinin arxa divarının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən tərtib edilən **********31-10301 reyestr nömrəli texniki pasport sənədində göstərildiyi kimi qonşu sahə ilə sərhəd xəttində inşa edildiyini və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1-ci bəndini nəzərə alaraq tədqiq olunan fərdi yaşayış evinin arxa divarının tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4249 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1) qərardadın 1-ci sualı üzrə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən məhkəmə predmeti olan daş hasar və İddiaçı inşa etmiş olduğu evin arxa divarı xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli Torpağa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərin hüdudları daxilində yerləşir. 2) Qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli X12 qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı inşa etmiş olduğu hasar və evinin cavabdehə tərəf arxa hissəsində İddiaçı məxsus olub cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yoxdur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyətində olan, ünvan 5 ünvanda yerləşən evin həyətində hamam tikintisi məqsədilə quraşdırılmış dəmir dayaqlar və onun üzərində quraşdırılmış dəmir konstruksiya kəsilərək 1 metr 50 santimetr məsafədə sərhəd hasarından geri çəkilməsi və həmin həyətdə anbar binası kimi inşa olunmuş, halhazırda mişar sexi kimi fəaliyyət göstərən tikili, həmin tikilinin yanında inşa olunmuş sanitar qovşağın sökülərək götürülməsi, iddianın öz başına inşa olunmuş mətbəxin sökülməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(107)-185/2015 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli, 2(075)-2781/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(102)-2479/2015 saylı qərarınnın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(107)-185/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həm ilkin iddia həm də qarşılıqlı iddia ilə əlaqədar tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həm ilkin iddia həm də qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh qonşudurlar. ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi iddiaçının tam mülkiyyətində olsa da, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin isə ¼ hissəsi Cavabdeh və digər şəxslərin paylı mülkiyyətlərindədir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan fərdi yaşayış evinin arxa divarı cavabdehlə qonşu sahə ilə sərhəd xəttində inşa edilmiş və həmin fərdi yaşayış evinin arxa divarı tikinti normalarına uyğundur. Müəyyən edilmişdir ki, məhkəmə predmeti olan daş hasar və İddiaçı inşa etmiş olduğu evin arxa divarı xx.xx.2015-ci il tarixli RX seriyalı N ******* nömrəli Torpağa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. Bundan başqa aydınlaşdırılmışdır ki, İddiaçı inşa etmiş olduğu hasar və evinin cavabdehə tərəf arxa hissəsində İddiaçı məxsus olub cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yoxdur. Həmçinin tədqiq olunan hasar tikilisinin hündürlüyü 5.2 m olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinin pozulduğu müəyyən olunur. İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş, həmçinin cavabdeh ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə etmişdir. Tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Həmçinin iddiaçının tikdirmiş olduğu ev və hasar tam olaraq onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Yəni iddiaçının evinin və hasarının hər hansı bir hissəsi cavabdehə məxsusd olan torpaq sahəsinin hər hansısa bir hissəsində yerləşməmişdir. Həmçinin iddiaçının hasarın cavabdehə tərəf olan hissəsində hər hansı torpaq sahəsi yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində hər hansı qazıntı işləri aparmaqla təmir işlərini görməsini istəməsində haqlı deyildir. Həmçnin müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş hasar tam olaraq onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edilsə də həmin hasarın hündürlüyü 5.2 m olmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 bəndinin tələblərinə ziddir. Lakin həmin hasar tikinti normalarına zidd inşa edilsə də cavabehin hər hansı marağına toxunmur və onun hüquqlarını hər hansısa formada məhdudlaşdırmır. Ümumiyyətlə cavabdeh həmin hasarın sökülməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Belə ki, məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə cavabdehin mübahisəli tikilinin sökülməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun belə bir tələblə məhkəməyə müraciət etmək hüququnun mövcud olub-olmaması, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən; 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu bəndində həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin həyata keçirməsi göstərilmişdir. Göründüyü kimi tikilinin sökülməsi tələbi üzrə məhkəməyə müraciət etmək hüququ yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Aydındır ki, subyektin bu və ya digər şəkildə subyektiv hüququnun olması üçün qanunvericilikdə bü münasibətləri tənzimləyən maddi hüquq norması olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. İkincisi, məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olan ünvan 1 ünvanda yerləşən evinin cavabdeh X7 yaşadığı həyət ilə aralarında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdeh tərəfindən təmir edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası, həmçinin cavabdehin mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evini İddiaçı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran divarın üzərində inşa edilmiş yaşayış evinin və həmin divarın hündürlüyünün düzgün inşa edilmədiyi hissəsinin, İddiaçı öz hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həm ilk iddia həm də qarşılıqlı iddia təmin edilmədiyindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu xərcləri iddiaçı və cavabdehin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi:

1. İddiaçı ona məxsus olan ünvan 1 ünvanda yerləşən evinin cavabdeh X7 yaşadığı həyət ilə aralarında olan hasarın bünövrəsinin və həmin hasarın cavabdeh tərəfindən təmir edilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilsin.

2. Cavabdeh mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evini İddiaçı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ayıran divarın üzərində inşa edilmiş yaşayış evinin və həmin divarın hündürlüyünün düzgün inşa edilmədiyi hissəsinin, İddiaçı öz hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X6, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar