Məhkəmə qərarları › İş №2(075)-2916/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2916/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2916/2021 22.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Ərizəçi “ölüm faktını təsdiq edən sənədlərin verilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “ölüm faktını təsdiq edən sənədlərin verilməsində” onlara köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Ərizəyə nəzər saldıqda məlum olur ki, ərizəçinin ərizəsi aydın və qeyri-dəqiq deyildir. Belə ki, ərizəçi ona hansı faktın müəyyən edilməsini və həmin faktın hansı səbəbə görə ona lazım olması ilə bağlı ərizəsində hər hansı fikir ifadə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa ərizəçi ərizə üzrə kimin və ya hansı müvafiq orqanın maraqlı şəxs olmasını göstərməmiş, həmçinin müvafiq orqana münasibətdə pretenziya qaydasına riayət edib-etməməsi ilə bağlı məlumatı ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Göründüyü kimi ərizəçinin ərizəsi aydın deyil, qeyri-dəqiqdir, ərizədən hansı orqanın maraqlı şəxs olması müəyyən deyil, həmçinin ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair hər hansı sənədi işə əlavə etməmişdir. Beləliklə də ərizəçi tərəfindən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149-cu mаddəsinin tələbinə əməl edilməmişdir. Belə olan halda ərizə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “ölüm faktını təsdiq edən sənədlərin verilməsi” tələbinə dair ərizəsinin icraata götürülmədən geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə ərizə vermək hüququ ərizəçiyə izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar