Məhkəmə qərarları › İş №2(075)-8/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-8/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-8/2020 23.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 7595 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun cavabdej Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 9595 manat, əldən çıxmış faydanın əvəzi olaraq isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 9595 (doqquz min beş yüz doxsan beş) manat, mənəvi zərərin əvəzi olaraq isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə “Niva2121” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən, saat 09:20 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində Şəki rayonu Baş Göynük kəndi istiqamətindən Şəki rayonu, Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən asfalt yolda özünün hərəkət istiqamətində ara məsafəsini gözləmədən və yüksək surətlə onun eyni istiqamətdə idarə etdiyi “Mercedes GLK 350” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vuraraq onun avtomobilinə xəsarət yetirmiş, nəticədə ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı HK-1/1182 nömrəli material ayrılmış və həmin material üzrə xx xxxxxx 2018-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri lduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. Lakin Cavabdeh həmin qərardan və ondan sonra qəbul edilən bütün qərarlardan birinci və apellyasiya məhkəmələrinə şikayət etdiyindən iddia ərizəsi üzrə mülki işə baxılması mümkün olmamışdır. Nəhayət xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri lduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. Cavabdeh həmin qərardan yenidən şikayət vermiş və Şəki rayon məhkəməsinin 6(075)-11/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 HK-1/1182 cinayət işi üzrə çıxarılmış olduğu “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apelyasiya Məhkəməsinin 21 sentyabr qərarı ilə onun şikayəti təmin edilməmişdir. Bildirmişdir ki, cavabdeh qərəzli olaraq ona vurulmuş zərəri ödəməkdən yayınmaq üçün şikayətlər etmişdir. Bundan başqa cavabdeh onun avtomobilinə zərər vurmaqla, həmçinin ona mənəvi də zərər vurmuşdur. Belə ki, cavabdeh vurmuş olduğu zərəri qarşılamaq, onunla razılığa gəlmək əvəzinə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan şikayət verməklə daima onu polis şöbəsinə və ya məhkəmələrə getməyə məcbur etmişdir. Beləliklə də hadisə baş verən xx.xx.2017-ci il tarixdən bu günədək 3 il müddətində mülki işə baxmaq mümkün olmamış və cavabdeh tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Btün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki bütün məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə təxminən saat 08:30 radələrində Niva markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə asfalt yolla Aşağı Göynük kəndi istiqamətinə saatda 60 km/saat surətlə gedərkən iddiaçı İslamın idarə etdiyi “Mercedes” markalı avtomaşının əks hərəkət istiqamətindən Baş Göynük kəndi tərəfə qalxdığını görmüşdür. İslamın idarə etdiyi avtomobil onun maşınının ona çatmağına təxminən 3 metr qalmış İslam avtomaşınını öz hərəkət istiqamətindən qəfildən döndərib onun hərəkət istiqamətinə çıxmışdır. O, isə çaşdığı üçün tormoz verməyi unutmuşdur. Buna görə də onun idarə etdiyi avtomobil İslamın idarə etdiyi avtomobilin arxa tərəfindən dəymiş və nəticədə özü xəsarət almışdır. Bundan başqa onun özünün müalicəsi üçün müəyyən xərc çəkilmişdir. Göstərmişdir ki, baş vermiş hadisənin günahkarı o yox İslamın özüdür. Belə ki, İslamın avtomobilini qəfil döndərməsi və onun hərəkət zolağına çıxması nəticəsində qeyd olunan hadisəni törətmişdir. Hesab etmişdir ki, iddia əsassızdır və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahata uyğun oxşar izahat verərək qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan “xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı, X204 kuzalı, **-OX-*** dövlət qeydiyyat nişanlı Mercedes GLK markalı avtonəqliyyat vasitəsinə qəza zamanı dəymiş zərər nəticəsində lazım olan detalların və təmir işlərinin xx xxxxxx 2018-ci il tarixinə olan dəyəri müvafiq olaraq 7595 manat təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/1182 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri lduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarınadan görünür ki, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 HK- 1/1182 cinayət işi üzrə çıxarılmış olduğu “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(107)- 12/2020 saylı qərarından çıxarışdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi hadisə xx.xx.2017-ci il tarixdə baş vermiş, hadisə nəticəsində iddiaçıya 7595 manat maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, baş vermiş yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mənəvi istirab çəkməsi qaçılmazdır. Bundan başqa iş materialları ilə də müəyyən olunur ki, cavabdeh vurmuş olduğu zərəri qarşılamaq və ya iddiaçı ilə müəyyən razılığa gəlmək əvəzinə baş vermiş hadisə ilə əlaqədar qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan” şikayət verməklə iddiaçının polis şöbəsinə və məhkəmələrə getməsinə və ya gəlməsinə səbəb olmuşdur. Beləliklə də hadisə baş verən xx.xx.2017-ci il tarixdən bu günədək, yəni xx.xx.2020-ci il tarixinədək olan müddətdə iddiaçının mənəvi istirab və zərər çəkməsi labüddür. Məhkəmə iddia tələbinin 2000 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək və yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd edir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də cavabdehin qeyrihüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa ziddi hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məruz qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 500 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinin iddia tələbində göstərilən həddə, yəni 2000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 7595 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində alınaraq İddiaçı ödənilməli, iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 7595 (yeddi min beş yüz doxsan beş) manat və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar