Məhkəmə qərarları › İş №2(076)-117/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-117/2024

22.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-117/2024 22.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əşyaları ilə birlikdə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus, ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması və onların həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X8 Cavabdeh ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və onlara məxsus Şəmkir rayonu Hacıalılar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2003-cü ildə cavabdeh və oğlu onlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşlər. Onların iki qız övladları artıq yetkinlik yaşına çatmışlar. Məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdehin özünə məxsus fərdi yaşayış evi olsa da onlara məxsus evdən çıxmaq istəmir və onları öz evinə buraxmır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-214/2018 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında Şəmkir rayon Hacıalılar kənd İƏV üzrə nümayəndəlikdə bağlanmış xx.xx.2000-ci il tarixli, 01 saylı nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X5 anası Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 05 fevral 2018-ci ildən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü Almaz və xx.xx.2003-cü il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan seriya RX ******* nömrəli, **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-213-40/2-5306/23 saylı daşınmaz əmlakın dövlət reyestindən arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh adına tam mülkiyyət hüququ ilə 22 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3365/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əlavə edilmiş sənədlərdən görünür ki, RX1207708 nömrəli **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2-da yerləşən ev X7 (məhrum) tam mülkiyyətindədir, torpaq sahəsi İddiaçı1, İddiaçı2, X7 ümumi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il). xx.xx.2018-ci il tarixli 2V-136 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr əsasında X7 vərəsələri İddiaçı2 1/2 hissədə və İddiaçı1 1/2 hissədə miras əmlakdan pay almışlar. Miras **********11- 10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda qeyd edilmiş, ünvan 2 ünvanda yerləşən əmlak olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, RX ******* nömrəli, **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2000-ci ildə iddiaçıların oğlu X8 ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Cavabdeh 2003-cü ildə əri X8 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə köçüb orada yaşamışlar. Onların birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Almaz və xx.xx.2003-cü il təvəllüdlü Nərmin adlı uşaqları doğulmuşdur. Tərəflər mübahisəli mənzildə birgə ailə şəraitində yaşamışlar. Sonradan Cavabdeh ilə X8 arasında narazılıqlar yaranmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-214/2018 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. X11 Süleymanovanın birgə nikahlarından doğulmuş uşaqları yetkinlik yaşına çatmışlar. Hazırda iddiaçılar cavabdeh X2 ona məxsus cehiz əşyaları ilə birlikdə yaşayış evindən çıxarılmasını və onların həmin evə köçürülmələrini tələb edirlər. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçıların cavabdehin evdən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçıların cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi Cavabdeh onlara məxsus evdən çıxarılması və onların həmin evə köçürülməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ bir-birindən fərqləndirilmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla MM-nin 228.5-ci maddəsində sadalanmış mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmadığından onun iddiaçıya məxsus torpaqdan və evdən istifadəsinin hüquqi əsası kimi mülki-hüquqi əqdlər çıxış edə bilərdi. Məhkəmə baxışı nəticəsində tərəflərin arasında hər hansı əqdin olmadığı, Cavabdeh yalnız iddiaçıların şifahi razılığına əsasən həmin torpaq sahəsindən və evdən istifadə etdiyi müəyyən edilmişdir. Buna görə də Cavabdeh həmin evdən istifadə hüququnun olmadığı müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh **********11-10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iddiaçılar X1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməlidirlər. Məhkəmə iddia tələbinin cavabdehə məxsus cehiz əşyalarının evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar X6 və İddiaçı2 iddia tələbində cavabdehə məxsus cehiz əşyalarının onların mülkiyyətində olan evdən çıxarılmasını tələb etmiş olsalar da, həmin cehiz əşyalarının konkret olaraq hansı əşayalardan ibarət olması və əşyaların fərdi xüsusiyyətləri iddia ərizəsində göstərilmədiyindən və bu baxımdan iddia tələbi həmin hissədə qeyri müəyyən olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. **********11-10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar