Məhkəmə qərarları › İş №2(076)-1298/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1298/2023

13.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1298/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 2022-ci il tarixdə bağlanmış, Cavabdeh Narin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 170 (bir yüz yetmiş) manat alimenti ödəməyi öhdəsinə götürməsinə dair MŞG/MT007/2022-00568 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Şiştəpə kədində yaşayır. Maraqlı şəxs Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Cavabdehla aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində mediator X1 iştirakı ilə bağladığı 14 mart 2022-ci il tarixli, MŞG/MT007/2022- 00568 saylı Barışıq Sazişinə əsasən Cavabdeh 15 aprel 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Narin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, maraqlı şəxs Cavabdeh 4 ay alimenti ödədikdən sonra öz götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşağı üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, “Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə 4 ay alimenti ödədikdən sonra alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o uşağı dünyaya gətirdikdən sonra fəaliyyət qabiliyyətini itirmişdir. Hazırda işləmir və yeriyə bilmir. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Buna görə barışıq sazişinin məcburi icraya yönəldilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh bildirdi ki, alimentin 170 manat olmasında dair barışıq sazişini mediasiyada o imzalamışdır. Lakin maddi imkanı olmadığı üçün hər ay 130 manat aliment ödəmişdir. Hazırda barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 00568/2022 nömrəli barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması və Cavabdeh xx.xx.2022ci il tarixdən başlayaraq azyaşlı uşağın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment məbləğində vəsaiti İddiaçı ödəyəcəyinə, xx.xx.2012-ci il təvəllüdlü X4 ilə hər həftənin altıncı günü saat 10:00-dan saat 16:00-dək atası Cavabdeh sərbəst ünsiyyətdə olmasına İddiaçı etirazı olmadığı barədə razılıq əldə etmişlər. İş materiallarında olan Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 985081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişi tam icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması və Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq azyaşlı uşağın saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment məbləğində vəsaiti İddiaçı ödəyəcəyinə, xx.xx.2012-ci il təvəllüdlü X4 ilə hər həftənin altıncı günü saat 10:00-dan saat 16:00-dək atası Cavabdeh sərbəst ünsiyyətdə olmasına İddiaçı etirazı olmamasına dair xx.xx.2022-ci il tarixli 00568/2022 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar