Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1416/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı1 nümayəndəsi X1 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Şəmkir rayonu Keçili Bələdiyyəsinə, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Şəmkir rayonu Keçili Bələdiyyəsinə, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Keçili Bələdiyyəsinin 31 iyul 2003–cü il tarixli 09 nömrəli qərarı və 24 dekabr 2003–cü il tarixli alqı–satqı aktına əsasən bələdiyyə ərazisindən 0,08 ha torpaq sahəsini 37.600 manata almışdır. Yerquruluşu plandan çıxarışa əsasən torpaq sahəsinin koordinantları ona tanıdılmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Həmin vaxt bələdiyyələr torpaqlara çıxarış almadığından o da torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Sorğu əsasında əldə edilmiş məktubla müəyyən olunmuşdur ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarına və iclas protokoluna əsasən həmin torpaq sahəsinin Cavabdeh1 satılması qərara alınmış və xx.xx.2019–cu il tarixli alqı–satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Sonradan məlum olmuşdur ki, bələdiyyə 2019–cu il tarixdə torpaqlara mülkiyyət sənədi əldə etmiş və 2003–cü il tarixdə onun aldığı mübahisəli torpaq sahəsini 2019–cu ildə Cavabdeh1 satmışdır. Həmin cavabdeh isə torpaq sahəsinə dair adına çıxarış almışdır. Göründüyü kimi Şəmkir rayonu Keçili Bələdiyyəsi eyni torpaq sahəsini ilk öncə ona satmış, 16 il sonra isə Cavabdeh1 satmışdır. Nəticədə onun torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə süni maneələr yaradılmışdır. Belə ki, bələdiyyə mübahisəli torpaq sahəsinin ona satılmasını, 16 il onun istifadəsində və sahibliyində olmasını nəzərə almamış, bu barədə araşdırma aparmamış və torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 satmışdır. Bununla da bələdiyyə həm əsassız varlanmış, həm də onun mülkiyyət hüququnu pozmuşdur. Odur ki, Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş xx.xx.2019–cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi X3 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2019–cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Keçili Bələdiyyəsinin 31 iyul 2003–cü il tarixli 09 nömrəli qərarı və 24 dekabr 2003–cü il tarixli alqı–satqı aktına əsasən bələdiyyə ərazisindən 0,08 ha torpaq sahəsini 37.600 manata satın almışdır. Sonradan təmsil etdiyi şəxsə məlum olmuşdur ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarına və iclas protokoluna əsasən həmin torpaq sahəsinin Cavabdeh1 satılması qərara alınmış və xx.xx.2019–cu il tarixli alqı–satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Bundan sonra cavabdeh qeyd olunan torpaq sahəsinə dair adına çıxarış almışdır. Halbuki, mübahisəli torpaq sahəsini təmsil etdiyi şəxs dəyərini ödəməklə 2003–cü il tarixdə satın almış, həmin tarixdən etibarən də torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Bununla da bələdiyyə həm əsassız varlanmış, həm də iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına dair alqı–satqı müqaviləsinin bağlanmasına əsas olmuş Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019– cu il tarixli qərarı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə ləğv edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Odur ki, Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2019–cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülümşü iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, Şəmkir rayonu, Keçili kəndində yerləşən torpaq sahəsini Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarına və iclas protokoluna əsasən dəyərini ödəməklə satın almış, daha sonra isə həmin torpaq sahəsinə dair adına çıxarış almışdır. Hesab edir ki, o, tam qanuni əsaslarla alqı–satqı müqaviləsi bağlamaqla və dəyərini ödəməklə torpaq sahəsini satın almışdır. İddiaçı isə heç bir əsası olmayan iddia qaldırmışdır. Hesab edir ki, müqavilə bağlanarakən heç bir qanun pozuntusu baş verməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Şəmkir rayonu Keçili Bələdiyyəsinə, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayonu Keçili Bələdiyyəsinin 31 iyul 2003–cü il tarixli 09 nömrəli qərarından görünür ki, bələdiyyə ərazisindən 0,08 ha torpaq sahəsinin İddiaçı1 satılması qərara alınmışdır. İşdə olan xx.xx.2019–cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.0740 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Şəmkir rayonu Keçili Bələdiyyəsinin adına qeyd edilmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli, 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Keçili Bələdiyyəsi xx.xx.2019–cu il qeydiyyat tarixli Çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.0740 ha torpaq sahəsini 4.000 manat müqabilində Cavabdeh1 satmışdır. İşdə olan xx.xx.2019–cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Xuluf kəndi ərazisində yerləşən 0.0740 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2–1(114)–2397/2022 nömrəli qərarından görünür ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarı ləğv edilmişdir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2–1(114)–2397/2022 nömrəli qərarı xx.xx.2022–ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə, təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin 31 iyul 2003–cü il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 Bələdiyyənin ehtiyat fondunun alqı–satqı predmeti olan Kənd təsərrüfatına tam yararlı 0,08 ha torpaq sahəsinin ayrılaraq satılması qərara alınmış, qeyd olunan torpaq sahəsi İddiaçı1 37.600 manat manat pulun müqabilində satılmış və alqı– satqı müqaviləsi bağlandığı andan etibarən mübahisəli torpaq sahəsi İddiaçı1 istifadəsində və sahibliyində olmuşdur. Mübahisə qaldırılan vaxta qədər iddiaçı mübahisəli torpaq sahəsindən fasiləsiz və etirazsız olaraq təyinatına uyğun formada istifadə etmişdir. Eləcə də, məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarına və iclas protokoluna əsasən mübahisəli torpaq sahəsinin Cavabdeh1 satılması qərara alınmış və xx.xx.2019–cu il tarixli alqı–satqı müqaviləsinə əsasən torpaq sahəsi sonuncuya satılmışdır. Bundan sonra cavabdeh qeyd olunan torpaq sahəsinə dair adına xx.xx.2019–cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almışdır. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı1 Gəncə İnzibati Məhkəməsində Şəmkir rayonu Keçili Bələdiyyəsinə qarşı iddia qaldıraraq bələdiyyənin xx.xx.2019–cu il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin xx.xx.2022–ci il tarixli qərarı ilə iddia təmin edilmiş və mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına dair alqı–satqı müqaviləsinin bağlanmasına əsas olmuş Şəmkir rayonu Keçili Bələdiyyəsinin xx.xx.2019–cu il tarixli qərarı ləğv edilmişdir. Hazırda Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş xx.xx.2019–cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış iddiaçı tərəfindən mübahisələndirilir. Ona görə də məhkəmə sözügedən alqı–satqı müqaviləsinin etibarlı olub–olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiqi olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, əmlakın bir şəxsdən başqasına keçməsini əks etdirən alqı–satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əqdlər haqqında ümümi müddəlarla, yanaşı əşya hüquq münasibətlərini və öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəflı iradə ifadəsidır. Əqdlər birtərəflı və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənın bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsı (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənın 324.1, 324.2, 324.4 və 324.5–ci maddələri). Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki– hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339–cu maddəsinə əsasən hakimiyyətdən sui–istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılıga gəlməsı və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340–ci maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. Həmin Məcəllənin 337.2–ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir rayonu Keçili Bələdiyyəsinin 31 iyul 2003–cü il tarixli, 09 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,08 ha torpaq sahəsi, bələdiyyənin xx.xx.2019–cu il tarixli protokol qərarına əsasən Cavabdeh1 satılmış, yəni faktiki olaraq eyni torpaq sahəsinin təkrar olaraq alqı–satqısı həyata keçirilmişdir. Qeyd olunan hal Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2– 1(114)–2397/2022 nömrəli qanuni qüvvəsini almış qərarı ilə öz təsdiqini tapmış və bələdiyyənin qeyd edilən qərarı ləğv edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2–ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinni hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fervral 2016–cı il tarixli qərarında göstərilmişdir ki, “yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən bu hüququn məzmunu Konstitusiyanın 13– cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, 0.0740 ha torpaq sahəsi ilə bağlı Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsinin bağlanmasına əsas olmuş bələdiyyənin xx.xx.2019–cu il tarixli, 19 nömrəli qərarı Gəncə İnzibati məhkəməsinin xx.xx.2022–ci il tarixli 2–1(114)–2397/2022 nömrəli qərarı ilə qanunsuz hesab edilərək ləğv edildiyindən, həmin torpaq sahəsinin Cavabdeh1 satılmasına dair Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019–cu il tarixli 4Ə–2296 reyestr nömrəli alqı–satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı– satqı müqaviləsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019–cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” ləğv edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayonu Keçili Bələdiyyəsi ilə Cavabdeh1 arasında Şəmkir Rayon 1 saylı Notariat Ofisində xx.xx.2019–cu il tarixdə bağlanmış, 4Ə–2296 nömrəli reyestrdə qeydə alınmış, Şəmkir rayonu, Xuluf kəndində yerləşən 0.0740 ha torpaq sahəsinin satılmasına dair alqı–satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019–cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1416/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1416/2023
20.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver