Məhkəmə qərarları › İş №2(076)-2896/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2896/2024

12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2896/2024 12.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizədən görünür ki, ərizəçinin mərhum oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, lakin onun ölümü müvafiq orqan tərəfindən qeydə alınmamışdır. Bu səbəbdən ərizəçi oğlu Fərid Məmmədovun xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq, ərizəçi oğlunun vəfat etməsi barədə sənəd almaq üçün müvafiq səhiyyə qurumuna müraciət etməmiş, birbaşa ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi tərəfindən müvafiq səhiyyə qurumuna müraciət edilməsi müəyyən edilməmişdir. Bununla da məhkəmə, ərizəçi tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl edilməməsi qənaətinə gəlir və hesab edir ki, həmin qaydaya əməl olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki vəziyyətdə isə ərizəçinin tələbinə hüquqi əhəmiyyətli fakt qaydasında baxılması mümkün deyildir. Ona görə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının MPM-in 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə hazırki qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar