Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-364/2023 21.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. İddiaçılar tələblərini belə əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə onlara və digər ailə üzvlərinin mülkiyyətlərinə Şəmkir şəhəri ərazisindən 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Hazırda cavabdehlərlə aralarında olan narazılığa görə cavabdehlərdən ayrı yaşayırlar. Cavabdehlər isə birgə mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsindən onların istifadə etməsinə imkan verməmişlər. Bundan sonra məhkəmədə “ümumi mülkiyyətdə olan əmlakın naturada ayrılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmış, lakin torpaq sahəsinin naturada ayrılması mümkün olmamış, bu səbəbdən məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Sonradan həmin torpaq sahəsindən paylarına düşən hissəni satın almağı cavabdehlərə təklif etmiş, lakin cavabdehlərdən müsbət cavab ala bilməmişlər. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmağa məcbur olmuşlar. Odur ki, JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda göstərilən və paylı mülkiyyətdə olan 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilmiş puldan onların payına düşən hissənin verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, paylı mülkiyyətdə olan mübahisəli torpaq sahəsi üzərində onun və digər iddiaçının payı olmasına baxmayaraq, onlar, cavabdehlərin təqsiri səbəbindən mübahisəli torpaq sahəsindən istifadə etmək hüququndan məhrum olmuşlar. Halbuki, onların da cavabdehlər kimi bərabər şərtlər daxilində mübahisəli torpaq sahəsindən sərbəst şəkildə istifadə etmək hüququ dövlət tərəfindən tanınmışdır. Lakin cavabdehlər hazırkı vaxta qədər onların həmin torpaq sahəsindən istifadə etmələrinə imkan verməmişdir. Eləcə də, həmin torpaq sahəsinin naturada bölünməsi mümkün olmamış, habelə onların paylarının əvəzinə cavabdehlər tərəfindən pul kompensasiyası verilməmişdir. Bu səbəbdən də mübahisənin məhkəmə qaydasında həll edilməsinə üstünlük vermişdir. Hesab edir ki, JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda göstərilən və Şəmkir şəhəri ərazisində yerləşən 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş puldan onların payına düşən hissə onlara verilməlidir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı1, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”dan görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə Şəmkir şəhəri ərazisindən 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, X5, X3, İddiaçı1, X1, Cavabdeh2 və Allahverdiyeva (Məmmədova) Sevil Bostan qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–311/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, X2 və Cavabdeh2 qarşı ümumi mülkiyyətdə olan əmlakdan payların naturada bölünüb təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli 68 saylı qərarı ilə Şəmkir şəhəri ərazisindən 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, X5, X3, X1, Cavabdeh2, Allahverdiyeva (Məmmədova) Sevil Bostan qızının və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə adlarına JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Paylar bərabər olduğundan ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin hər biri 1/7 hissədə mülkiyyət hüququ əldə etmişdir. Ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsindən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədə də razılığa gələ bilməmişlər. Ona görə də iddiaçılar öz paylarının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmış, lakin onların paylarının ayrılması texniki cəhətdən mümkün olmamışdır. Cavabdehlər iddiaçılara paylarının əvəzinə müvafiq pul kompensasiyasının verilməsindən imtina etmişlər, habelə torpaq sahəsinin satılmasına da razılıq verməmişlər. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçıların tələbi əsaslıdır, onların mübahisəli torpaq üzərindəki JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli qərarı ilə mülkiyyətə verildiyi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8–ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi mülkiyyət hüququna dair sənədlər kimi qəbul edilməli və onların həmin sənədlərlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb paylarının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cü maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsinin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçılar ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçılar paylarının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdehlər iddiaçılara paylarının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişlər. Ona görə də iddiaçıların tələbi əsaslıdır və mübahisəli torpaq sahəsi açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin açıq hərracdan satılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçılarla cavabdehlərin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6–ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.4–cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli qərarı ilə iddiaçılara və cavabdehlərə verilmiş, Şəmkir şəhəri ərazisində yerləşən, paylı mülkiyyətdə olan 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş vəsaitin 2/7 hissəsi bölünüb iddiaçılara verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. JN–164 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999–cu il tarixli qərarı ilə Şəmkir şəhəri ərazisində Cavabdeh1, X5, X3, X1, Cavabdeh2, Allahverdiyeva (Məmmədova) Sevil Bostan qızının və İddiaçı1 ümumi paylı mülkiyyətinə verilmiş 2.49 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi açıq hərracdan satılsın və satış pulunun 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi İddiaçı2, qalan hissəsi isə hər birinin payı 1/7 hissədə olmaqla paylı mülkiyyətin digər mülkiyyətçilərinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-364/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-364/2023
21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver