Məhkəmə qərarları › İş №2(076)-368/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-368/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-368/2023 30.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3.170 manat məbləğində pulun və ödənilmiş 53 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, cavabdeh dəfələrlə ondan nisyə xırdabuynuzlu heyvanlar almış, pulunu isə hissə–hissə qaytarmışdır. Sonuncu dəfə 2022–ci il ərzində cavabdeh ondan ayrı–ayrı vaxtlarda 300 manat, 900 manat, 100 manat, 370 manat və 1.500 manat olmaqla, cəmi dəyəri 3.170 manat olan xırdabuynuzlu heyvanları nisyə almış və bu barədə yazılı qəbz vermişdir. Lakin cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozaraq ona olan borcunu ödəməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehdən 3.170 manat pulun və 53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh xx.xx.2022–ci il tarixdə ondan 900 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 100 manat və 370 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 1.500 manat dəyərində, xx.xx.2022–ci il tarixdə isə 300 manat dəyərində nisyə xırdabuynuzlu heyvan, pulunu isə qısa müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdeh müvafiq tarixlərdə yazılı iltizam da vermişdir. Lakin cavabdeh vəd etdiyi vaxtda onun pulunu qaytarmamışdır. Dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh onun etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh iltizamlardakı yazıların və imzanın ona məxsus olmamasını iddia etmiş və bununla bağlı məhkəmə–xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə–xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə yazıların və imzanın cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan sonra cavabdeh borcunu qaytara bilmədiyi üçün özünə məxsus əmək haqqı və pensiya kartlarını guya ona verməsini və onun da 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində kartlardan pulu çıxarmasını iddia etmiş, lakin məhkəmə sorğusu əsasında banklardan əldə edilmiş görüntülərlə həmin hal təkzib edilmiş, pulun cavabdeh tərəfindən çıxarılması görüntülərdə öz əksini tapmışdır. Qeyd etdiyi hallar isə bir daha onu sübut edir ki, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmaq istəyir. Odur ki, Cavabdeh 3.170 manat məbləğində pulun və ödənilmiş 53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi, təqdim etdiyi etiraz ərizəsində və verdiyi izahatında göstərdi ki, həqiqətən 2022–ci il ərzində iddiaçıdan ümumi dəyəri 2.000 manat təşkil edən xırdabuynuzlu heyvanları nisyə almışdır. Lakin borcunu qaytara bilmədiyi üçün özünə məxsus əmək haqqı və pensiya kartlarını iddiaçıya vermiş, iddiaçı da 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində onun kartlarından pulu çıxaraq borcunu artıqlaması ilə almışdır. Sonradan iddiaçı ondan borcun faizini də tələb etmiş, o isə faizlə bağlı aralarında hər hansı müqavilənin olmamasını və ona faiz ödəməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı qərəzli şəkildə ona qarşı məhkəmədə iddia qaldırmış, guya onun 3.170 manat məbləğində borcu olmasını iddia etmişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, izahatında göstərilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və Cavabdeh tərəfindən yazılmış iltizamlardan görünür ki, o, xx.xx.2022–ci il tarixdə iddiaçıdan 900 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 100 manat və 370 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 300 manat dəyərində nisyə xırdabuynuzlu heyvan almasını, xx.xx.2022–ci il tarixdə isə Valehə 1.500 manat verəcəyi olmasını qeyd etmişdir. İşdə olan 063877 saylı vəsiqədən görünür ki, Cavabdeh müharibə veteranıdır. İşdə olan 66349 saylı vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Vətən Müharibəsi X1 üzvüdür. İşdə olan 016793 saylı vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin üzvüdür. İşdə olan 453 saylı vəsiqədən görünür ki, Cavabdeh xx.xx.2020–ci il tarixdə AVMVİB–nin sədri tərəfindən “Müharibə veteranı” medalı ilə təltif olunmuşdur. İşdə olan 439 saylı vəsiqədən görünür ki, Cavabdeh xx.xx.2020–ci il tarixdə AVMVİB–nin sədri tərəfindən “Milli Ordu–100” medalı ilə təltif olunmuşdur. İşdə olan 351 saylı vəsiqədən görünür ki, Cavabdeh xx.xx.2022–ci il tarixdə AVMVİB–nin sədri tərəfindən “Böyük Zəfər xatirə” medalı ilə təltif olunmuşdur. İşdə olan məhkəmə–xətşünaslıq ekspertizasının 05 sentyabr 2023–cü il tarixli 4/1394 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4–cü vərəqində olan xx.xx.2022–ci il tarixli, 5–ci vərəqində olan 2.05.2022–ci il tarixli və 6–cı vərəqində olan xx.xx.2022–ci il tarixli yazılar və 6–cı vərəqində olan xx.xx.2022–ci il tarixli iltizamda “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşdə olan və "xxxx" ASC tərəfindən xx.xx.2023–cü il tarixdə məhkəməyə təqdim edilmiş əməliyyatlara dair görüntülərin əks olunduğu CD diskdən görünür ki, 01 iyun 2022–ci il tarixdən 30 noyabr 2022–ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus əmək haqqı kartından onun özü və arvadı tərəfindən pul çəkilmişdir. İşdə olan və "xxxx" ASC tərəfindən xx.xx.2023–cü il tarixdə məhkəməyə təqdim edilmiş əməliyyatlara dair görüntülərin əks olunduğu CD diskdən görünür ki, 01 iyun 2022–ci il tarixdən 30 noyabr 2022–ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus pensiya kartından onun özü və arvadı tərəfindən pul çəkilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 3.170 manat məbləğində xırdabuynuzlu heyvanların nisyə verilməsini, həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı 2022–ci il ərzində ayrı–ayrı vaxtlarda cavabdehə xırdabuynuzlu heyvanları nisyə vermiş, cavabdeh isə qısa zamanda pulu qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə həmin halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin xırdabuynuzlu heyvanların cəmi dəyəri və borcun qaytarılıması barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Məhkəmə, həmin halı işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf 2022–ci il ərzində cavabdehə ayrı–ayrı vaxtlarda 300 manat, 900 manat, 100 manat, 370 manat və 1.500 manat olmaqla, cəmi dəyəri 3.170 manat olan xırdabuynuzlu heyvanları nisyə satmasını bildirmiş və bununla bağlı cavabdeh tərəfindən yazılmış iltizamları məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməmiş, iddiaçıya 2.000 manat borcunun olmasını, habelə iddiaçının 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində onun kartlarından pulu çıxaraq borcunu almasını bildirmişdir. Lakin bununla bağlı hər hansı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin həmin iddiası əsasında müvafiq banklara sorğu verilmiş və əldə edilmiş CD disklərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində cavabdeh əmək haqqı və pensiya kartlarından pulu özü və arvadı çıxarmışdır. Həmin görüntülərə baxış keçirilən zaman cavabdeh də görüntülərdə olan şəxslərin özü və arvadı olmasını etiraf etmişdir. İddiaçının isə qeyd olunan kartlardan pul çıxarması halına rast gəlinməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh həmçinin, iltizamlardakı yazıların və imzanın ona məxsus olmamasını iddia etmiş və bununla bağlı məhkəmə–xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə– xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə yazıların və imzanın cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ilk öncə iltizamlardakı yazıların və imzanın ona məxsus olmamasını bildirmiş, əldə edilmiş müvafiq rəylə qeyd olunan yazıların və imzanın cavabdehə məxsus olması müəyyən edildikdən sonra cavabdeh yeni bir iddia irəli sürməklə iddiaçının ona məxsus kartlardan pulu çəkməsini bildirmiş, lakin kartlarla aparılmış əməliyyatların görüntüsünə baxış keçirən zaman pulun cavabdeh və arvadı tərəfindən çəkilməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmaq istəmişdir. Bütün bu qeyd olunan hallar isə bir daha onu deməyə əsas verir ki, cavabdeh şəxsən iltizamlar yazmaqla iddiaçıdan nisyə heyvan almasını qeyd etmiş və onun borcunu qaytarması heç bir əsaslı mənbədən əldə edilmiş sübutlarla təsdiq edilməmişdir. Cavabdeh formal mülahizə şəklində izahat verərək iddiaçıya borcunun olmamasını, eləcə də, iddiaçının ona məxsus kartlardan pulu çəkməsini bildirsə də, işin tam, hərtərəfli və obyektiv araşdırması nəticəsində bütün bu hallar təkzib edilmişdir. Göründüyü kimi cavabdeh 3.170 manat dəyərində nisyə aldığı heyvanların pulunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı xırdabuynuzlu heyvanları cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu iddiaçıya ödəməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 3.170 manat məbləğində xırdabuynuzlu heyvanları İddiaçı nisyə alması, həmin pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 3.170 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə–xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 126 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3.170 (üç min yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 53 (əlli üç) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar