Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-420/2024 31.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X2 X4 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh X2 X4 İdarəsinə qarşı “işə bərpa və məcburi proqul müddətində əmək haqqı” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh X2 X4 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə bərpa olunması, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının verilməsi, 51 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-ci ilin fevral ayından xx.xx.2019cu ilə kimi cavabdeh idarədə müvəqqəti nəzarətçi-çilingər vəzifəsində işləmişdir. xx.xx.2019-cu ildən 2023-cü ilin iyun ayına kimi idarədə daimi olaraq nəzarətçi-çilingər vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hisəsi ilə əmək müqaviləmə xitam verilməklə işimdən azad edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməyinə, vəkil sorğusu təqdim etməyinə, mediasiyaya müraciət etməyinə baxmayaraq, işdən çıxmağı haqqında, işə qəbul haqqında, orta aylıq əmək haqqı barədə və xasiyyətnamə ala bilməmişdir. Buna görə də iddia ərizəsində barəsində verilən əmrə istinad edə bilməmişdir. Cavabdeh tərəfindən işdən azad olunarkən hesab edir ki, qaydalar pozulmuşdur. Əvvala ona görə ki, o, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişdirsə, bəs nə üçün onun izahatı alınmayıb? Onun vəzifəsindən azad olunmağı işlədiyi kollektivində, həmkarlar təşkilatında müzakirə olunmayıb? Onların bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Eyni zamanda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, 2019-cu ildən cavabdeh təşkilatda işləyir, 2-ci qrup əlildir, əvvəlki illlərdə töhmət alsa da 500-ə yaxın abonentlə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Necə olur ki, əvvəlki illər yararlı olur, 5 ili tamam olmağına az qalmış yararsız olur?! 25 iyun 2023-cü ildə onu çağırdılar və dedilər ki, işdən azad edilirsən, lakin o buna inanmadığından ona təqdim edilmiş əmri və əmək kitabçasını götürmədi. iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə da iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, iddiaçının işdən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdeh təşkilata tərəfindən sorğu verilmişdir, lakin əmri gec almışlar. Bundan başqa, 27 iyul 2023-cü ildə mediasiyayya müraciət edilsə də həmin ilin oktyabr ayında məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. Ona görə də yenidən noyabrda müraciət edilmişdir. Hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Cavabdeh X2 X4 İdarəsinin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahat verərərk bildirdi ki, əvvala işdən azad edilmə əmri tam qanuni və əsaslıdır. Digər tətəfdən də iddiaçı qanunla nəzəzrdə tutulmuş 1 aylıq iddia müddətini də ötürmüşdür. Ona görə də iddia rədd edilməlidir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən X5İstismarı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və əmrin verilməsi üçün əsas xx.xx.2019-cu il tarixli 1 il müddətinə bağlanmış müddətli əmək müqaviləsi olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1K-852023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh İB-nin X5İstismarı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli 14 nömrəli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan A 036324 nömrəli bakalvr diplomunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetinin “iqtisadiyyat” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh mediasia sessiyasında iştirak etməmiş, 50 manat məbləğində olan mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 047452 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ dərəcəli əlildir. İş materiallarında olan Sabirkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Şəmkir rayonu, Sabirkənd İƏD üzrə nümayəndəlikdə daimi qeydiyyatda olmaqla həmin ərazidə yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14-2-2-132-490/2023 nömərli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının əslinin götürülməsi üçün Şəmkir RQİİ-nin İnsan resursları şöbəsinə yaxınlaşması təklif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı işlədiyi dövrdə son 1 illik aylıq əmək haqqısı cədvəldə qeyd edildiyi kimi, cəmi 636.84 manat hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ilə müraciət edərək, etiraz ərizəsindən iddiaçının iddia müddətinin ötürdüyünü, bununla iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarlavə qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən aşağıdakı hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır: a)tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsaən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkaretdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsaəsən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının,vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdətutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-biləqəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasın məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Şəmkir X4ı İdarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti 1 (bir) il müəyyən edilmişdir. Şəmkir X4ı İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1K-852023 əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarılması ilə əlaqədar olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək kitabçasının götürülməsi barədə cavabdeh tərəfindən məktublar göndərilmiş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə mediasiyaya, xx.xx.2023cü ildə isə işə bərpa tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin olaraq hazırki mübahisənin həlli ilə bağlı onu qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmış, həmin müddət başa çatdıqdan sonra da iddiaçı qeyd edilən müəssisədə öz fəaliyyətini davam etdirmiş, cavabdeh də buna etiraz etməmişdir. Bununla da, tərəflər arasında olan əmək münasibətləri əvvəl müəyyən olunmuş müddətə, yəni bir il uzadılmışdır. Göründüyü kimi tərəflər arasında münasibətlər xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək, yəni 4 il müddətinə bu qaydada davam etmişdir. Əmək Məcəlləsinin tələblərinə görə isə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Buna görə də məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçının əmək müqaviləsi müddətli əmək müqaviləsi hesab edilir. Buna görə də cavabdehin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə istinad edərək, yəni 1 illik əmək müqaviləsinin müddətinin bitdiyinə görə iddiaçının işdən azad edilməsi barədə əmri əsaslı olmuşdur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddia həmçinin iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. İddiaçının öz izahatından da göründüyü kimi, həmin gün ona işdən azad edilməsi bildirilmiş və ona əmrin surəti və əmək kitabçasının verilməsi təklif edilmiş, lakin o buna inanmadığından əmri və əmək kitabçasını qəbul etməkdən imtina etmişdir. Ona rəsmi qaydada işdən azad edilməsi barədə əmrin dəqiq nə vaxt verilməsi müəyyən edilməsə də, məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçı məhkəmədən əvvəl mediasiya sessiyasında iştirak etmişdir. “Mediasiya haqqında” AR Qanunun 21.5-ci maddəsinə əsaəsn mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Mülki işdən isə görünür ki, mediasiyanın tətbiqi barədətəklif xx.xx.2023-cü il tarixində göndərilmişdir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mülki işdən isə görünür ki, ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixində, saat 12:00-13:00-da Bakı 8 saylı Mediasiya Təşkilatında keçirilmişdir. İddiaçı iddia ərizəsi isə xx.xx.2023-cü ildə onun tərəfindən imzalanmış və həmin tarixdə məhkəməyə daxil olmuşdur. Hər nə qədər mediasiya prosesinin tətbiqi iddia müddətinin dayandırılmasına səbəb olsa da, iddiaçı İMS-nin keçirilməsi barədə arayışın tərtibindən, yəni xx.xx.2023-cü ildən çox sonra xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bundan başqa, məhkəmə iddianın məcburi proqul müddətində əmək haqqı ödənilməsi hissəsinə də qiymət verərək hesab edir ki, iddia işə bərpa hissəsində təmin edilmədiyindən bu hissədə də təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh X2 X4 İdarəsinə qarşı “işə bərpa və məcburi proqul müddətində əmək haqqı” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-420/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-420/2024
31.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver