Məhkəmə qərarları › İş №2(076)-435/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-435/2023

18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-435/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: X3 və onun nümayəndəsi X4 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızının nümayəndəsi X9 iştirakı ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 103 adda cehiz əşyalarının, 10 adda birgə nikah dövründə alınmış əşyaların, 11 adda geyim əşyalarının, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi X8 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, 103 adda cehiz əşyalarının tam halda, 11 adda geyim əşyalarının tam halda, qızı Gülmiranın payına düşən 10 adda birgə nikah dövründə alınmış əşyaların tam halda, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X6 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 22.290 manat olan 103 adda cehiz əşyalarının, cəmi dəyəri 1.445 manat olan 16 adda geyim əşyalarının, qızı Gülmiranın payına düşən cəmi dəyəri 2.150 manat olan 10 adda birgə nikah dövründə alınmış cehizlik əşyaların, cəmi dəyəri 9.670 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X6 məhkəməyə yenidən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2022–ci il tarixli aktla 14 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. Odur ki, iddiası təmin olunarkən həmin 14 adda əşyaların iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 11.115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10.620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 ilə 06 sentyabr 2009–cu il tarixdə faktiki olaraq evlənməklə, 24 noyabr 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013–cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Toy günü valideynləri tərəfindən ona cehiz əşyaları alınmış, həmin əşyalar cavabdehlərin evinə yerləşdirilmişdir. Belə ki, ona 1 dəst dəyəri 1.000 manat olan mətbəx mebeli, 1 ədəd dəyəri 70 manat olan sintifon yorğan, 2 ədəd dəyəri 20 manat olan qaz tükündən balınc, 6 ədəd dəyəri 70 manat olan yun döşəkcə, 2 ədəd dəyəri 40 manat olan yun mütəkkə, 1 ədəd dəyəri 80 manat olan Hobbi markalı divanüstü adyal, 1 ədəd dəyəri 120 manat olan Tac markalı qalın adyal, 2 ədəd dəyəri 60 manat olan Tac markalı qalın tək adyal, 1 ədəd dəyəri 250 manat olan sellhome firmasından süd rəngli yataq, 1 ədəd dəyəri 100 manat olan Tac markalı yay üçün tək adyal, 4 ədəd dəyəri 60 manat olan Karaca firmasından güldan güllərlə künclük, 1 ədəd dəyəri 200 manat olan Alibaba firmasından uşaq çarpayısı, 12 ədəd dəyəri 37 manat olan Hobbi markalı stəkan məhrəbası, 1 ədəd dəyəri 20 manat olan Hobbi firmasından böyük can məhrəbası, 2 ədəd dəyəri 40 manat olan orta ölçülü can məhrəbası, 22 ədəd dəyəri 198 manat olan Hobbi firmasından əl-üz məhrəbası, 2 dəst dəyəri 32 manat karobkada məhrəba dəsti, 2 dəst dəyəri 60 manat olan Karaca firmasından böyük ölçülü şirəli qazan, 2 dəst dəyəri 60 manat olan Karaca firmasından kiçik şirəli qazan, 2 ədəd dəyəri 50 manat olan Karaca firmasından şüşə tort qabı, 2 ədəd dəyəri 100 manat olan Karaca firmasından Tefal qazan dəsti, 5 cüt dəyəri 85 manat olan Karaca firmasından böyük dəm çayniki, 1 ədəd dəyəri 200 manat olan elektrik samovar çaynik, 1 ədəd dəyəri 50 manat olan kiçik Tefal elektrik çaynik, 1 ədəd dəyəri 50 manat olan Tefal ütü, 1 ədəd dəyəri 40 manat olan Yevrolüks blender, 1 ədəd dəyəri 50 manat olan İltimat duxovka, 1 ədəd dəyəri 1.100 manat olan Samsung markalı soyuducu, 1 ədəd dəyəri 200 manat olan Premyer ət maşını, 2 ədəd dəyəri 40 manat olan şirəli vedrə, 1 ədəd dəyəri 25 manat olan Karaca firmasından su krafinkası, 2 ədəd dəyəri 100 manat olan Embavud firmasından yataq üçün asılqan, 1 ədəd dəyəri 70 manat olan Dəvəçioğlu firmasından ütü stolu, 6 ədəd dəyəri 36 manat olan Karaca firmasından içki rumkaları, 6 ədəd dəyəri 36 manat olan Karaca firmasından sarı rəngli rumka, 1 ədəd dəyəri 360 manat olan Susler qaz sobası, 1 ədəd dəyəri 40 manat olan Evroluks mikser, 3 ədəd dəyəri 36 manat olan Xarkov şirəli ləyən, 3 ədəd dəyəri 75 manat olan Xarkov şirəli aşsüzən, 4 ədəd dəyəri 100 manat olan Xarkov alminium ləyən, 24 ədəd Tom firmasından sadə xrustal stəkan, 6 ədəd dəyəri 50 manat olan Tom firmasından xrustal içki rumkası, 12 ədəd dəyəri 30 manat olan Tom firmasından xrustal duz qabı, 4 ədəd dəyəri 130 manat olan Tom firmasından xrustal meyvə qabı, 2 ədəd dəyəri 40 manat olan Tom firmasından ləpə qabı, 6 ədəd dəyəri 60 manat olan Tom firmasından qənd qabı, 2 ədəd dəyəri 40 manat olan Tom firmasından kül qabı, 24 ədəd dəyəri 200 manat olan Tom firmasından xrustal çay stəkanı, 1 ədəd dəyəri 120 manat olan yay stolu, 1 ədəd dəyəri 300 manat olan 3x5 ölçülü xalça, 1 ədəd dəyəri 160 manat olan 2x3 ölçülü xalça, 2 ədəd dəyəri 80 manat olan 1,5x0,80 ölçülü xalça, 1 ədəd dəyəri 130 manat olan Karaca firmasından kompot dəsti, 1 dəst dəyəri 70 manat olan Karaca firmasından kompot dəsti, 2 ədəd dəyəri 350 manat olan 25 metr yataq pəncərəsi üçün pərdə, 4 ədəd dəyəri 600 manat olan 35 metr zal üçün pərdə, 1 ədəd 1.000 manat olan LG markalı 92 ekran televizor, 1 ədəd dəyəri 85 manat olan LG markalı televizoraltı, 2 ədəd dəyəri 350 manat olan LG markalı boz rəngli, diskli, kasetli DVD, 1 ədəd dəyəri 80 manat olan Hayallife firmasından gəlincik pastel üzü, 6 ədəd dəyəri 300 manat olan Hayallife firmasından pastel üzləri, 1 ədəd dəyəri 60 manat olan Qrovn firmasından sərinkeş, 1 ədəd dəyəri 600 manat olan LG markalı 240 volt kondisioner, 1 ədəd dəyəri 100 manat olan Samsung markalı tozsoran, 1 ədəd dəyəri 40 manat olan Hobbi firmasından elektrik adyal, 1 ədəd dəyəri 100 manat olan 300 voltluq istilik radiatoru, 50 ədəd dəyəri 250 manat olan Karaca firmasından nəlbəki, 2 ədəd dəyəri 50 manat olan rəngli tumboçka, 1 cüt dəyəri 30 manat olan Karaca firmasından tort boşqabı, 12 ədəd dəyəri 25 manat olan Karaca firmasından mürəbbə qabı, 1 ədəd dəyəri 55 manat olan böyük şüşə göy meyvə qabı, 3 ədəd dəyəri 50 manat olan üçmərətəbli qab, 24 ədəd dəyəri 50 manat olan Karaca firmasından sadə güllü boşqab və 1 ədəd dəyəri 120 manat olan böyük mebel divar saatı cehiz olaraq valideynləri tərəfindən alınmışdır. Həmin cehiz əşyaları hazırda cavabdehlərin evindədir və tələb etməsinə baxmayaraq, cavabdeh ona məxsus cehiz əşyalarını qaytarmaqdan imtina etmişlər. Həmçinin, cavabdehlə birgə nikah dövründə birgə vəsait hesabına 1 ədəd LG markalı 240 ekran televizor, 1 ədəd LG markalı 102 ekran televizor, 1 dəst Mafeyra firmasından 2 şkaf və televizoraltı, 1 dəst Madeyra firmasından mətbəx mebeli, Madeyra firmasından mətbəx üçün 6 stul, 1 stol və 1 divan, 1 ədəd Madeyra firmasından böyük stol, 1 dəst mafeyra firmasından yataq mebel dəsti, 1 ədəd Samsung markalı soyuducu, 1 ədəd gümüşü rəngli mikrovalinovka, 1 ədəd Ankaster markalı qaz peçi, 1 ədəd Samsung markalı aspirator, 1 ədəd Susler qaz peçi, 1 ədəd zal üçün 12 lampalı lüstr, 1 ədəd 3x4 ölçülü xalça və 1 dəst hamam üçün güzgü və şkaf almışlar. Hesab edir ki, həmin 15 adda əşya birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyindən həmin əşyaların dəyəri olan 10.620 manat pulun yarısı ona çatmalıdır. Bundan başqa, əri ilə birgə nikah dövründə olarkən qayınanasına məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Həmin vaxt əri Rusiya Federasiyasında olmuş, evin inşasına pul göndərmiş, o isə burada lazımi ləvazimatlar almış, eləcə də ustalara qulluq etmişdir. Belə olan halda həmin evin dəyərinin yarısı da ona çatmalıdır. Həmçinin, əri ilə birgə nikah dövründə, yəni xx.xx.2015–ci il tarixdə birgə vəsait hesabına VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Lakin əri onun xəbəri olmadan avtomobili ilk öncə qayınanasının adına özgəninkiləşdirilmiş, daha sonra isə qonşuya satmışdır. Belə olan halda həmin avtomobilin dəyəri olan 8.000 manat pulun yarısı, yəni 4.000 manat məbləğində pul ona verilməlidir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona məxsus cehiz əşyalarını, eləcə də, ona çatası pul məbləğini könüllü olaraq verməkdən boyun qaçırmışlar. Odur ki, cəmi dəyəri 11.115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10.620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının və birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ– 845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçı X3 nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızının nümayəndəsi X15 məhkəmə iclası zamanı təmsil etdiyi şəxslərə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən Cavabdeh1 ilə X6 2009–cu il tarixdə faktiki olaraq evlənməklə, 24 noyabr 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013–cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Hazırda iddianı qəbul etmir. Belə ki, iddiaçıya məxsus hər hansı cehiz əşyası cavabdehlərin evində qalmamışdır. İddiaçı toy günü hansı cehiz əşyasını gətirmişdirsə, hamısını cavabdehlərin evindən çıxarmışdır. Həmçinin, iddiaçı birgə nikah dövründə 15 adda ev əşyası alınmasını iddia etsə də, həmin iddianın heç bir əsası yoxdur. Çünki qeyd olunan əşyalar ümumiyyətlə alınmamışdır. Hazırda cavabdehlərin evində iddiaçıya məxsus heç bir əşya qalmamışdır. Həmçinin, mübahisəli fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, həmin ev Cavabdeh2 Məmmədəli qızının torpaq sahəsində onun tərəfindən inşa edilmişdir. İddiaçının və Məzahirin həmin evin inşasında iştirakı olmamış, habelə evin inşasına onların vəsaiti sərf olunmamışdır. VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobil isə başqa şəxsə satılmışdır. Hazırda hesab edir ki, iddiaçı qərəzli şəkildə təmsil etdiyi şxəslərə qarşı iddia qaldırmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, iddiaçı onun qardaşı qızıdır. Həqiqətən Müjgan 2009–cu il tarixdə Cavabdeh1 ilə evlənmiş, o da toy mərasimində yaxından iştirak etmişdir. Toy zamanı Müjgana valideynləri tərəfindən cehiz əşyaları alınmış, sonuncu da həmin əşyaları cavabdehlərin evinə yığmışdır. Lakin, həmin cehiz əşyalarının konkret olaraq nədən ibarət olmasını xatırlamır. Eləcə də, qeyd edir ki, iddiaçı cavabdehlərin yaşadığı köhnə evə gəlin köçmüş, sonradan həyətdə yeni ev inşa etdirmişlər. Belə ki, Müjganın deməsindən eşitmişdir ki, həmin vaxt Məzahir Rusiya Federasiyasında olmuş, oradan pul göndərmiş və birgə nikah dövründə həmin evi inşa etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının xalası X10 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, mübahisəli fərdi yaşayış evinin tikintisində yaxından iştirak etmişdir. Həmin evi inşa edərkən həyətə başqa köhnə ev də olmuş, onların həyətdə yeni fərdi yaşayış evi inşa etmişlər. Evin inşası zamanı Müjgan İsmayılova həmin evdə olmuş, təmir-bərpa işləri ilə yaxından maraqlanmış və ustalara qulluq etmişdir. Belə ki, ev inşa olunan zaman Məzahir Rusiya Federasiyasında olmuş, oradan pul göndərmiş və həmin pul evin inşasına xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, mübahisəli evin hörgüsünün inşasına, eləcə də beton tökülməsində usta kimi işləmişdir. Həmin vaxt həyətə başqa ev də olmuş, onlar sol tərəfdən yeni ev inşa etmişlər. Evin inşası zamanı Müjgan İsmayılova həmin evdə olmuş, təmir-bərpa işləri ilə yaxından maraqlanmış və ustalara qulluq etmişdir. Belə ki, ev inşa olunan zaman Məzahir Rusiya Federasiyasında olmuş, oradan pul göndərmiş və həmin pul evin inşasına xərclənmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 ilə Dəmirova (İsmayılova) Müjgan Rafiq qızının birgə nikahından xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013–cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə Dəmirova (İsmayılova) Müjgan Rafiq qızı arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2021–ci il tarixli pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşın Cavabdeh2 Məmmədəli qızının adına qeydiyyata alınmış və avtomaşına 57–CH–944 dövlət qeydiyyat nişanı verilmişdir. İşdə olan Şəmkir RİHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayonu, Düyərli kənd sakini Cavabdeh2 Məmmədəli qızının adına JN-155 saylı Şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi vardır, həmin sahədə yeni və köhnə yaşaış binaları vardır. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Məmmədəli qızının Dəmirova (İsmayılova) Müjgan Rafiq qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən Dəmirova (İsmayılova) Müjgan Rafiq qızı tərəfindən apelyasiya şikayəti verilmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı 15 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı 50 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, qeyd olunan tarixdə baxış keçirilməsi üçün ünvana gedilmiş, lakin cavabdeh tərəfindən fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən ekspertizanın aparılması mümkün olmamışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli məlumatından və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, qeyd olunan tarixdə baxış keçirilməsi üçün ünvana gedilmiş, lakin evin qapısı bağlı olduğundan baxış keçirilməsi və ekspertizanın aparılması mümkün olmamışdır. İşdə olan "xxxx" MMC-nin rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 47.490 manat qiymətləndirilmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 06 sentyabr 2009–cu il tarixdə faktiki olaraq evlənməklə, 24 noyabr 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013–cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Tərəflər birgə rəsmi nikah dövründə əldə etdikləri vəsait hesabına, Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evini inşa etmişlər. Mübahisəli evin tikintisinə sərf olunan vəsaitin məbləği 47.490 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, mübahisəli evin inşa olunmaqla əldə edilməsi üçün zəruri olan vəsait iddiaçının və cavabdehin birgə gəlirləri hesabına mümkün olmuşdur. Belə ki, cavabdehin və ya iddiaçının təkbaşına mübahisəli evi əldə etməsi üçün zəruri vəsaitə malik olması, o cümlədən həmin vəsaitin bağışlama və ya vərəsəlik qaydasında yalnız tərəflərdən birinin əldə etməsi müəyyən olunmamışdır. Hazırda mübahisəli ev cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı isə evi deyil, onun inşasına sərf olunan məbləğin yarısını tələb edir. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidlərin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X11 və X2 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evini inşa etmişlər. Lakin tərəflər ayrıldıqdan sonra iddiaçı həmin evdən çıxmış və ev cavabdehin istifadəsində qalmışdır. İddiaçı isə birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitdən payına düşən hissənin verilməsini tələb edir. Ona görə də iddiaçı tələbində qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi “birgə nikah dövründə inşa edilmiş evin dəyərinin yarısının alınması” hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı birgə nikah dövründə inşa edilmiş evə 55.000 manat məbləğində vəsait xərclənməsini iddia etsə də, işdə olan "xxxx" MMC-nin rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 47.490 manat qiymətləndirilmişdir. Belə olan halda, 47.490 manat pulun yarısı Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisəli evin inşasına sərf edilmiş məbləği müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5–ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyini sübut növü kimi qəbul edir və mübahisənin həlli zamanı nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia həmin hissədə Cavabdeh2 Məmmədəli qızına münasibətdə təmin edilməməlidir. Belə ki, qanunvericilik yalnız ər-arvadın nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti saymış, belə olan halda Cavabdeh2 Məmmədəli qızına qarşı yönələn tələb yoxdur və iddia “birgə nikah dövründə inşa edilmiş evin dəyərinin yarısının alınması” hissəsində həmin cavabdehə qarşı təmin edilməməlidir. Həmçinin, cavabdehlərin nümayəndəsi mübahisəli evin Cavabdeh2 Məmmədəli qızı tərəfindən inşa edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, həmin ev Cavabdeh2 məxsus torpaq sahəsində inşa edilməsinə baxmayaraq, sonuncunun fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmamışdır. Eləcə də, iş materialları və şahid ifadələri ilə müəyyən olunur ki, mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə birgə vəsait hesabına inşa edilmişdir. Bundan başqa məhkəmə Cavabdeh2 yaşını və təqaüdçü olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, onun təkbaşına fərdi yaşayış evi inşa etdirməsi ağlabatan və işin hallarına uyğun deyildir. Məhkəmə iddianın “VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınması” hissəsini də qismən, yəni Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Belə ki, tərəflər birgə nikah dövründə qazanılmış vəsait hesabına dəyəri 8.000 manat olan avtomaşın əldə etmişdir. İddiaçı da cavabdehlə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli avtomobil cavabdehin adına qeydiyyatda alınmışdır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulduqdan sonra mübahisəli avtomobil yalnız cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Lakin Cavabdeh1 həmin avtomaşını iddiaçının razılığı olmadan alqı–satqı müqaviləsi əsasında anasının adına özgəninkiləşdirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli avtomobil Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşın Cavabdeh2 Məmmədəli qızının adına qeydiyyata alınmış və avtomaşına 57– CH–944 dövlət qeydiyyat nişanı verilmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh1 həmin avtomobili öz doğma anasının adına özgəninkiləşdirməklə, əslində həmin avtomobilin birgə nikah dövründə qazanılmış əmlak olmasını pərdələmək niyyətində olmuş, bununla da, avtomobilin dəyərinin bölünməsinin qarşısını almaq istəmişdir. Hazırda iddiaçı mübahisəli avtomobilin dəyərinin yarısı olan 8.000 manat məbləğində pulun cavabdehdən alınmasını tələb edir. Ona görə də iddiaçı tələbində Cavabdeh1 münasibətdə haqlıdır. İddia həmin hissədə yuxarıda qeyd olunan eyni əsasla Cavabdeh2 Məmmədəli qızına münasibətdə təmin edilə bilməz. Eləcə də, məhkəmə avtomobilin dəyəri ilə bağlı qeyd edir ki, “VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 8.000 manat olması real bazar qiymətinə uyğun gəlir və məhkəmə həmin məbləği daha ağlabatan hesab edir. Məhkəmə iddianın “cəmi dəyəri 11.115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10.620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin cavabdehlərdən alınması” hissəsinə qiymət verərək, iddianı həmin hissədə əsaslı hesab etmir. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən tələb etdiyi 74 adda cehiz əşyalarının və 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların cavabdehlərdə qalmasını bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının, şahid ifadələrinin müqayisəli tədqiqi nəticəsinə müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidlərin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 və X1 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, iddiaçının konkret olaraq hansı cehiz əşyalarını aparmasını göstərə bilməmişlər. Həmçinin, həmin şahidlər iddiaçının bibisi və xalası olmaqla işin gedişində maraqlıdır, bu səbəbdən iddiaçının maraqlarına cavab verən ifadə vermişlər. Göründüyü kimi iddiaçı tərəf iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında tələb etdiyi 74 adda cehiz əşyalarının və 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların cavabdehlərdə qalmasını göstərsə də, həmin hal öz izahatından başqa heç bir mötəbər mənbədən əldə edilmiş sübutla təsdiq olunmamışdır. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 Məmmədəli qızının Dəmirova (İsmayılova) Müjgan Rafiq qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iddiaçı akt əsasında cehiz əşyalarını təhvil almışdır. Göründüyü kimi iddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. Belə olan halda iddiaçının cehiz əşyalarının bir qismini götürməsi, bir qismini isə götürməməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyini və bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olması üçün iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli əşyaların həqiqi hüquq əsasında iddiaçıya məxsus olması, həmin əşyaların iddiaçının sahibliyində olması, iddiaçının həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etməsi və iddiaçının iradəsinə zidd olaraq həmin əşyaların hazırda cavabdehlərin sahibliyində olması, eləcə də birgə nikah dövründə ev üçün 15 adda əşyaların alınması, həmin əşyaların da hazırda cavabdehlərdə olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 74 adda cehiz əşyalarının və 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin sahibliyində qalması məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X5 verilsin. İddia qalan hissədə və Cavabdeh2 Məmmədəli qızına münasibətdə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar