Məhkəmə qərarları › İş №2(076)-443/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-443/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-443/2023 07.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı "xxxx" MMC–nin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 əsas borc üzrə 684 manat, cərimə borcu üzrə 68 manat olmaqla, cəmi 752 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020–ci il tarixli 22154247 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən cavabdeh X3 ilkin ödəniş olmadan, 23 ay müddətinə ödəmək şərti ilə 828 manat dəyərində 1 ədəd Soft markalı yumşaq künc dəsti nisyə satılmışdır. Cavabdeh 828 manatı 23 ay müddətində hər ay 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə olunacağı alıcı qismində çıxış etmiş cavabdeh X3 izah edilmiş və ondan razılıq alındıqdan sonra o, kredit müqaviləsini könüllü olaraq imzalamışdır. Lakin cavabdeh aldığı malın dəyərini tam şəkildə ödəməkdən boyun qaçırmış, borcundan cəmi 144 manat ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalan 684 manat əsas borcunu ödəməmişdir. Ona görə də hər gecikən gün üçün gecikdirilmiş məbləğin 1 faizi həcmində borcun üzərinə 68 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin hazırkı vaxta qədər iddiaçı cəmiyyətə olan borcu cəmi 752 manat təşkil etmişdir. Bu səbəbdən cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdeh X1 684 manat əsas borc, 68 manat cərimə borcu olmaqla, cəmi 752 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC–yə və cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə işə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli 22154247 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən cavabdeh X3 ilkin ödəniş olmadan, 23 ay müddətinə ödəmək şərti ilə cəmi 828 manat dəyərində 1 ədəd Soft markalı yumşaq künc dəsti nisyə satılmışdır. Cavabdeh isə 828 manatı 23 ay müddətində hər ay 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilə də alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, cavabdeh X4 hər ay 36 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2020–ci il tarixli 22154247 nömrəli müqavilə üzrə 684 manat əsas borc, 68 manat cərimə borcu olmlaqla, cəmi 752 manat məbləğində borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020–ci il tarixli 22154247 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 828 manat olan 1 ədəd Soft markalı yumşaq künc dəsti nisyə almışdır. Alıcı 828 manat pulu 23 ay müddətində hər ay 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcundan cəmi 144 manat ödəniş etmiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 68 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 684 manat əsas borc, 68 manat cərimə borcu olmaqla, cəmi 752 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2020–ci il tarixli 22154247 nömrəli müqavilə üzrə cavabdeh X1 684 manat əsas borc, 68 manat cərimə borcu olmaqla, cəmi 752 (yeddi yüz əlli iki) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh X1 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar