Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-59/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və inşa edilmiş tikililələrin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonu Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha pay torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Şəmkir rayonu Abbaslı kəndində Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarı ilə JN-670 KOD 50413068 saylı Dövlət Aktı əsasında onun və ailə üzvlərinin mülkiyyətinə 1.14 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.7622 ha hissəsini Abbaslı kənd sakini Cavabdeh Məmməd qızı zəbt etmiş və həmin torpaq sahəsində yaşayış evi və digər tikililər inşa etdirmişdir. Dəfələrlə onunla görüşüb iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini boşaltmağını xahiş etsə də, onlar anlaşa bilməmiş və məsələni öz aralarında həll edə bilməmişlər. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin yerini dəqiqləşdirmək üçün o Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdi. Onlara məxsus olan torpaq sahəsinin həqiqətən də Cavabdeh Məmməd qızı tərəfindən zəbt edildiyini dəqiqləşdirmişdir. Bu səbəbdən də o məhkəməyə müraciət etməli oldu. Qeyd edilənlərə əsasən Cavabdeh ona və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonu Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha pay torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunan qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehə onun torpaq sahəsinin qiymətləndirilərək pulunun verilməsini təklif etmiş, lakin cavabdeh buna etiraz etmişdir. Həmin torpaq sahəsinin yeri ona bəlli deyildi, Torpaq sahəsinin yerini bildikdə artıq cavabdehə məxsus tikililər həmin torpaq sahəsində idi və tikililər olduğu üçün cavabdehlə razılığa gəlmək istəmiş, cavabdeh bununla razılaşmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan JN-670 KOD 50413068 saylı Dövlət Aktın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarı ilə Şəmkir rayonu Abbaslı kəndində yerləşən 1.14 ha torpaq sahəsi X1, X2, İddiaçı, X4, X7, X5, X3, X6 və X8 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3527/24 saylı DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-670 KOD 50413068 saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3898 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, J N-670 KOD 50413068 saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə ayrılmış Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsinin 0.3137 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, J N-670 KOD 50413068 saylı Dövlət Aktı ilə Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi ümumi mülkiyyətdədir. Həmin torpaq sahəsini Cavabdeh tərəfindən istifadə edir. İddiaçı cavabdeh tərəfindən tikilən tikililər barədə torpaq sahəsinə dair çıxarış alınması üçün müraciət etdikdə torpaq sahəsinin yeri ona məlum olduqda bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kənd ərazisində yerləşən 0.7622 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli, İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikili Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu, Abbaslı kəndi ərazisində yerləşən 0.7622 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. İddiaçı və ailə üzvlərinə məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.7622 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan tikililər Cavabdeh vəsaiti hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-59/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-59/2025
03.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver