Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-619/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Nəcəfov Rizvan Ramazan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və “X13 Stansiyaları Silsiləsi” MMC-yə qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və “X13 Stansiyaları Silsiləsi” MMC-dən onun xeyrinə 90.000 (doxsan min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X13 Stansiyaları Silsiləsi” MMC-dən iddiaçının xeyrinə 90.000 (doxsan min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, Aydın Musayevlə o ər-arvad olmuşlar. Lakin onlar azərbaycanalılarda ailəyə verilən dəyərə görə həyat yoldaşı olmuşlar. Həyat yoldaşı ana, ata, bacı, qardaş və ya digər qohumlara deyil, məhz ailə qurulan şəxsə deyilir. Onun həyat yoldaşı itirməyini yalnız həmin hissləri keçirən bir şəxs başa düşə bilər. Ağır duyğular, ağır mənəvi sarsıntı, ağır iztirablardır. Həyat yoldaşı vəfat edərkən mənəvi sarsıntını həmin anda keçirtmiş, iztirabın anlayışına gəldikdə isə 37 illik ailə həyatı qurduğu şəxsin anidən, özü də faciəvi surətdə itirməyin iztirabını isə hələ də yaşamaqdadır. Həyat yoldaşı başını və bədəninin doğranmış üzvlərini görəndə isə bu sarsıntı və iztirabları dillə söyləmək, izah etmək mümkün deyil, bunu sadəcə yaşayan insan bilər. "X13 Stansiyaları Silsiləsi" MMC-nin böyük iş ustası vəzifəsində işləmiş X3 öz vəzifə öhdəliklərini yerinə yetirməmiş "Elektrik qurğularımı istismarında təhlükəsizlik texnikası qaydalarının" 4.1.9-cu bəndində göstərilmiş vəzifə öhdəliklərini yerinə yetirməmiş, "Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının" 1.10.1-ci bəndinin, "İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri, 12.0.003-91 DÜSR" ün konstruksiyaya və onun ayrı-ayrı elementlərinə (hissələrinə) dair tələblərə dair 2.1-ci Başlığını 2.1.5-ci bəndinin, "Elektrik qurğularım istismarında təhlükəsizlik texnikası qaydalarının” 1.5, 4.1.1, 4.6.4-cü bəndlərinin tələblərini pozması nəticəsində həyat yoldaşı Aydın Musayevin ölümünə səbəb olmuşdur. Şəmkir rayon məhkəməsinin 01 avqust 2014cü il tarixli, 1(076)-72/2014 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərəǝk 03 (üç) il dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 mart 2014-cü il tarixli 10 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sağ gicgah-təpə nahiyəsinin, alın nahiyəsinin sağ yarısım əzilmiş yaraları, üz nahiyəsinin sol yarısım yumşaq toxumalarının-sol yanağın, burunun sol yarısının yumşaq toxumlarının, üst və alt dodağın sol yarısım, dilin uc nahiyəsinin toxuma defektli əzilib-didilmiş yaraları, kəllə papağı və kalle sümüklərinin sinqları, sol almacıq, burun sümük və qığırdaqlarının, sol əng, damaq və alt çənə sümüklərinin toxuma deffektli smıqları, beyinin yumşaq qişasma qansızmalar, beyin toxumasını əzilməsi, sol bud sümüyünün yuxarı üçdə birinin açıq yerini dəyişmiş sınığı, hər iki çiyinüstü ahiyyənin, döş qəfəsinin ön və arxa səthinin, hər iki aşağı ətrafların sıyrıqları və zəilmiş sıyrılmış yaraları küt əşyaların təsirindən törənmişlər, 11 mart 2014-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb aldığı ağır kəllə beyin travması nəticəsində beyin toxumasının əzilməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8 may 2014-cü il tarixli 8004 saylı ekspert rəyindən görünür ki, statorun üst hava ayrıcısım dəmir lövhəsinin üzərindəki diametri 70 sm olan lyukunun boltlarla bağlı olan qapağı çıxarılaraq, avadanlığın hərəkətdə olan fırlanan) hissələrinin üzərinin açılması və "X13 Stansiyaları Silsiləsi" MMC-nin elektrik çilingəri Musayev Aydının nəzarətsiz olaraq nərdivanla havaayrıcısının dəmir lövhəsinin üzərinə qalxaraq həmin lyukdan fırlanan rotorun üzərinə düşməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Şəmkir Rayon xx.xx.2014-cü il tarixli, 1(076)-72/201 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "X13 Stansiyaları Silsiləsi" MMC-əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun mənəvi sarsıntı və iztirablar keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları həzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Qeyd olanları nəzərə alaraq cavabdeh “X13 Stansiyaları Silsiləsi” MMC-dən onun xeyrinə 90.000 (doxsan min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı (bundan sonra “İddiaçı”) Cavabdehnə (bundan sonra “Cavabdeh”) qarşı mənəvi zərərə görə 90.000 manat kompensasiya ödənilməsi barədə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X10 ölmüşdür və onun ölümünə səbəb Cavabdehin işçisi olan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) törətməsi olmuşdur. X1 qeyd edilən cinayəti törətməkdə təqsirli olması Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 1(076)-72/201 nömrəli hökmü ilə təsdiq edilir. İddiaçı ərinin ölməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir və bu səbəbdən ona mənəvi zərərin əvəzi ödənilməlidir. İşəgötürən öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından mənəvi zərər ona işəgötürən olan Cavabdeh tərəfindən ödəməlidir. Aşağıdakı səbəblərə görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İlk növbədə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin (bundan sonra – “MPM” 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. MPM-in 152.1.5-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır və 152.2-ci maddəyə əsasən isə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3cü maddəsinin müddəalarına görə ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olurlar. Göründüyü kimi, o iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır ki, həmin iddialar ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində olsun. İddiaçı isə əri X7 ailəni dolandıran şəxs olmasını, yəni ailənin yeganə qazanc mənbəyi olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Belə olan halda İddiaçı dövlət rüsumu ödəməli olduğu halda, bunu etməmişdir. Bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hakim tərəfindən geri qaytarılmalıdır. İddiaçının mənəvi zərərlə bağlı tələbi əsassızdır. Bununla yanaşı, qeyd edilməlidir ki, iddia mümkün sayıldığı halda belə, rədd edilməlidir. Belə ki, İddiaçı iddia etmişdir ki, ona mənəvi zərər vurulmuşdur. Lakin o özünün hansı şəxsi-qeyri əmlak hüquqlarının pozuntusunu və onun mənəvi sarsıntı və iztirabının nədə ifadə olunmasını, habelə sarsıntı və iztirabın 90.000 manat xərcə səbəb olmasını sübut etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi “Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, mənəvi zərərin mövcudluğu üçün 2 şərtin birgə mövcudluğu tələb olunur: şəxsin qeyri-maddi nemətlərinə aid hüquqları pozulması və belə pozuntunun şəxsə mənəvi sarsıntı və iztirab verməsi. Yəni, istənilən mənəvi sarsıntı və iztirab deyil, yalnız qeyri-maddi nemətlərə aid hüquqlarının pozuntusu nəticəsində yaranmış mənəvi sarsıntı və iztirab mənəvi zərərə səbəb ola bilər. Xüsusilə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi “Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən Mülki Məcəllənin 23-cu maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər başa düşülür. Mülki Məcəllədə digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsi nəzərdə tutulmadığından həmin hüquqların müdafiəsinin də müəyyən edilməsi Milli Məclisə həmin qərarda tövsiyə edilmiş, lakin indiyədək şərəf, ləyaqət və işgüzar nüfuzdan başqa, digər qeyri-əmlak hüquqlarının müdafiəsi Mülki Məcəllədə təsbit edilməmişdir. Ali Məhkəmə Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı iddia ərizəsində onun hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını, o cümlədən şərəf, ləyaqət və işgüzar nüfuzunun pozulub pozulmamasını, pozulduğu halda bunun nədə ifadə olunmasıın nə göstərə bilmiş, nə də ki, həmin halı sübut etmişdir. Eyni zamanda, İddiaçı hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını və bunun nədə ifadə olunmasını, habelə mənəvi sarsıntı və iztirabın 90.000 manat xərcə səbəb olduğunu sübut etməmişdir. Halbuki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, İddiaçı hansı qeyrimaddi nemətlərinə aid hüquqlarının (şəxsi qeyri-əmlak hüquqlarının) pozulmasını, hansı mənəvi sarsıntı və iztirablara məruz qalmasını və bunun nədə ifadə olunmasını, habelə mənəvi sarsıntı və iztirabın 90.000 manat xərcə səbəb olmasını sübut etmədiyindən iddia rədd edilməlidir. İddiaçı ərinə qarşı cinayət törədilməsinə görə kompensasiyanı cinayət mühakimə icraatı çərçivəsində cavabdehdən deyil, dövlətdən almaq hüququna malikdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçı əgər qeyri-maddi nemətlərinə aid hüquqlarının pozulmasını və bunun mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübut etsə, o ərinə qarşı cinayət törədilməsinə görə kompensasiyanı cavabdehdən deyil, dövlətdan ala bilər. Cinayət nəticəsində zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq (ziyanın ödənilməsi) hüququ ilə yanaşı, ona qarşı cinayət törədilməsinə (cinayətdən ziyan vurulmasına) görə dövlət hesabına 55 manat kompensasiya almaq hüququ da vardır və bu hüquqdan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi də istifadə edə bilər. Bu baxımdan iddiaçı onun ərinə qarşı cinayət törədilməsinə görə mənəvi zərərə görə dövlətdən kompensasiya almaq hüququnu həyata keçirə və 55 manatı cavabdehden deyil, dövlətdən tələb edə bilər. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Digər prosessual məsələlər. MPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilsin. Hər hansı bir səbəbdən iddianın geri qaytarılması mümkün olmazsa, iddia tələbi təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 647354 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixində ölmüşdür. Ölüm səbəbi baş beyinin əzilməsi, acıq kəllə beyin travması. İş materiallarında olan İ-ЖГ seriyalı 399501 nömrəli Nikahın Bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 xx.xx.1977-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Musayev”, arvada “Musayeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 11 mart 2014-cü il tarixli 10 saylı meyitin ekspertizası rəyindən görünür ki, X2 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində sağ gicgah-təpə nahiyyəsinin, alın nahiyyəsinin sağ yarısının əzilmiş yaraları, üz nahiyyəsinin sol yarısının yumşaq toxumalarının sol yanağın, burunun sol yarısının yumşaq toxumalarının, üst və alt dodağın sol yarısının, dilin uc nahiyyəsinin toxuma defektli əzilibdidilmiş yaraları, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, sol almacıq, sümuk və qığırdaqlarının, sol eng, damaq və alt çənə sümüklərinin toxuma defektli sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol bud sümüyünün yuxarı üçdə birinin açıq yerini dəyişmiş sınığı, hər iki çiyinüstü nahiyyənin, döş qəfəsinin ön və arxa səthinin, bel nahiyyəsinin geniş ölçülü sıyrıqları, hər iki əl pəncəsinin arxa səthinin, hər iki aşağı ətrafların sıyrıqları və əzilmiş-sıyrılmış yaraları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 11 mart 2014-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb aldığı ağır kəllə beyin travması nəticəsində beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X7 ölümü meyitin müayinəyə başlanmasından 1-3 saat əvvəl baş vermişdir. X7 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 1(076)-72/2024 nömrəli xx.xx.2014-cü il tarixli hökmündən məlum olur ki, X3 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə təqsirli bilinib, 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətiə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin ödənilməsi barədə birbaşa göstəriş olmasa da «İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr MMnin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. MM-nin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş z ərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının əri X7 baş vermiş hadisə nəticəsində ölməsi işin sübuta yetirilmiş halıdır. Bununla bağlı “X13 Stansiyaları Silsiləsi” MMC-nin işçisi X3 məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı işdə zərərçəkənin ərinin ölümünün cavabdeh təşkilatın işçisinin təqsirli şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. 37 illik (A. Musayevlə iddiaçı arasında nikah 1977-ci il tarixdə bağlanıb, A. Musayev 2014-cü il tarixdə ölüb) ərinin hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən hallar (nikahın pozulması, məhkəmədə bununla bağlı hər hansı iddia, onlar arasında mübahisənin olması ilə bağlı hər hansı sübut və.s) müəyyən edilməmişdir. Ona görə məhkəmə yalnız vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə aparılmasına zərurət görmüşdür. Məhkəmə qeyd edir ki, mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Hazırki işdə zərərçəkmiş şəxsin faciəli şəkildə ölməsi halı ekspertiza rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə qeyd edir ki, iztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Hazırki işdə iddiaçı zərərçəkmiş şəxslə 37 il ailə münasibətində olmuş, onların arasında hər hansı mübahisə olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Eyni zamanda təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Bundan başqa məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X13 Stansiyaları Silsiləsi” MMC-nin böyük iş ustası X3 11 mart 2014-cü il tarixli 69 nömrəli naryad-buraxılış üzrə stansiyanın 2 saylı hidrogeneratorun isti hava soyuducularında cari təmir (təmizləmə) işlərinin aparılmasına rəhbərlik edərkən “Elektrik qurğularının istismarında təhlükəsizlik tenikası qaydaları”nın 4.1.9-cu bəndində göstərilmiş vəzifə öhdəliklərini yerinə yetirməmiş, “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nın 1.10.1-ci bəndinin, “İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri, 12.0.003-91 DÜSR”-ün konstruksiyaya və onun ayrı-ayrı elementlərinə (hissələrinə) dair tələblərə dair 2.1-ci Başlığının 2.1.5-ci bəndinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 1.5, 4.1.1, 4.6.4-cü bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Aydın Musayevin ölümünə səbəb olmuşdur. Hadisənin baş vermə şəraitinə görə, "X13 Stansiyaları Silsiləsi” MMC-nin elektrik çilingəri X10 tərəfindən texniki təhlükəsizlik qaydaları pozulması halı müəyyən ediməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, 9 000 manat məbləğində pul vəsaitinin vurulmuş mənəvi ziyanın əvəzi kimi Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə ödənilməsi ağlabatan hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 9 000 manat məbləğində pul Cavabdeh MMC dən alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 9 000 (doqquz min) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-619/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-619/2024
13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver