Məhkəmə qərarları › İş №2(076)-741/2023

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-741/2023

02.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-741/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilməsi, avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pulun cavabdehdən alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 20 noyabr 2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Ramal və xx.xx.2011–ci il tarixdə Cəlal adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan rəsmi nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması qət edilmişdir. Eləcə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Sonradan cavabdeh məhkəmədə ona qarşı “birgə nikah dövründə inşa edilmiş özbaşına tikilinin qiymətləndirilməsi və müəyyən olunmuş məbləğin bölünməsi” tələbinə dair iddia qaldırmış, Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan cəmi 7.058 manat pulun alınaraq cavabdehə verilməsi qət edilmişdir. Həmçinin, qeyd edir ki, birgə nikah dövründə, yəni xx.xx.2011–ci il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Lakin cavabdeh həmin avtomobili xx.xx.2019–cu il tarixdə satmışdır. Hesab edir ki, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən, eləcə də avtomobilin pulu onun valideynləri tərəfindən ödənildiyindən həmin avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməklə, avtomobil üzərində onun da payı müəyyən edilməlidir. Həmçinin, qeyd edir ki, avtomobil bir neçə dəfə başqa şəxslərin adına keçsə də, hazırda cavabdehin istifadəsindədir. Odur ki, birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilsin, həmin avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilsin, avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pulun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə etdi və əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxslə cavabdeh 20 noyabr 2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Ramal və xx.xx.2011–ci il tarixdə Cəlal adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Tərəflər birgə nikah dövründə, yəni xx.xx.2011–ci il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Lakin cavabdeh həmin avtomobili iddiaçının məlumatı olmadan xx.xx.2019–cu il tarixdə satmış, habelə əldə etdiyi vəsaitdən iddiaçının payına düşən hissəni ödəməmişdir. Belə ki, cavabdeh avtomobili satan zaman iddiaçı ilə faktiki olaraq ayrılmışlar və həmin vaxt ayrı yaşamışlar. Bu səbəbdən təmsil etdiyi şəxs məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilsin, həmin avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilsin, avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pulun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)–5674/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2009–cu il təvəllüdlü Ramal və xx.xx.2011–ci il təvəllüdlü Cəlal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(004)–264/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 noyabr 2007–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009–cu il təvəllüdlü Ramal və xx.xx.2011–ci il təvəllüdlü Cəlal adlı uşaqların İddiaçı yanında saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2011–ci il tarixli AB 677115 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İşdə olan Nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobili X1. İşdə olan “X4 Mərkəzi”nin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 11.000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh 20 noyabr 2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Ramal və xx.xx.2011–ci il tarixdə Cəlal adlı uşaqları doğulmuşdur. Tərəflərin nikahları xx.xx.2020–ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Tərəflər birgə nikah dövründə əldə etdikləri vəsait hesabına xx.xx.2011–ci il tarixdə 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmiş, həmin avtomobil xx.xx.2011–ci il tarixli AB 677115 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən cavabdehin adına qeydə alınmışdır. Tərəflərin nikahları pozulduqdan sonra mübahisəli avtomobil cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Onlar arasında həmin əmlakın bölünməsi barədə bu vaxta qədər məhkəmədə mübahisə olmamışdır. Eləcə də, tərəflər avtomobilin dəyərinin bölünməsində razılığa gələ bilməmişdir. Ona görə də iddiaçı avtomobildən payının müəyyən edilməsini tələb edir. Həmçinin, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019– cu il tarixli alqı–satqı müqaviləsinə əsasən mübahisəli avtomobili başqa şəxsə satmış, lakin əldə etdiyi vəsaitdən iddiaçının payına düşən hissəni verməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Ona görə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər– arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2011–ci il tarixdə 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Mübahisəli avtomobil xx.xx.2011–ci il tarixdə cavabdehin adına qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. İddiaçı da cavabdehlə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli avtomobil cavabdehin adına qeydiyyatda alınmışdır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulduqdan sonra mübahisəli avtomobil yalnız cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Hazırda iddiaçı mübahisəli avtomobildən payının müəyyən edilməsini, habelə avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pulun cavabdehdən alınmasını tələb edir. Ona görə də iddiaçı tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil birgə mülkiyyət hesab edilməli, həmin avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilməli, avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı və Cavabdeh birgə mülkiyyəti hesab edilsin, həmin avtomobildən İddiaçı payı ½ hissədə, Cavabdeh payı ½ hissədə müəyyən edilsin, həmçinin 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 5.500 (beş min beş yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Şəmkir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar