Məhkəmə qərarları › İş №2(076)-76/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-76/2025

02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-76/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan, iddia ərizəsində qeyd olun 5000 (beş min) manat dəyərində, 48 qram çəkidə 7 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl klon və 2 cüt qızıl sırğa olan qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 17 manat etibarnamə üçün ödənilmiş notariat rüsumunun və 72 manat dövlət rüsumunun, ümumilikdə 5089 (beş min səksən doqquz) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İş üzrə Cavabdeh ilə 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güvən” lombardın sahibidir. Təxminən bir neçə ay bundan əvvəl Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən “Güvən” lombardın binasında cavabdeh X3 48 qram çəkidə 11 adda qızıl-ziynət əşyaları verdi. Əvəzində o, ona 31 qramlıq sep vermişdir. Sonradan ona məlum oldu ki, cavabdehin ona verdiyi qızıl sep qızıl deyilmiş, belə ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində həmkəndlisi olan Ofelya ilə birlikdə lombarda Natavan Abbasovanın yanına gedib, irad bildirmiş, 48 qram qızılının geri qaytarılmasını xahiş etmişdir. Bu zaman aralarında dava düşdümş və Natavan onu döymüşdür, ona müxtəlif xəsarətlər yetirmişdir. Həmin hadisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Cavabdeh bu günə kimi onun 48 qram çəkidə olan qızıl-ziynət əşyalarını özünə qaytarmaqdan imtina edir. Hazırda 48 qram qızılını naturada, bu mümkün olmadıqda onların dəyəri olan 5000 manat pulun cavabdehdən alınıb ona verlməsinə dair qərar qəbul olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun ifadə verərək əlavə edir ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Güvən” lombardına yaxınlaşmış və cavabdeh Abbasova Natavandan ona məxsus qızılların qaytarılmasını tələb etmişdir. Lakin tərəflər arasında mübahisə baş vermiş və həmin fakta əsasən Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Hazırkı iş üzrə faktlar tərəflərin izahatlarında öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək iddia ərizəsində qeyd olun 5000 (beş min) manat dəyərində, 48 qram çəkidə 7 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl klon və 2 cüt qızıl sırğa olan qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 17 manat etibarnamə üçün ödənilmiş notariat rüsumunun və 72 manat dövlət rüsumunun, ümumilikdə 5089 (beş min səksən doqquz) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçını uzun müddətdir tanıyır və aralarında çoxsaylı alqı-satqı əməliyyatları olmuşdur. Təxminən üç il əvvəl iddiaçıya "reket" formalı boyunbağı satmışdır. Həmin reket formalı sep qızıldır, hər hansı saxtalıq edilməmişdir. İddiaçı həmin qızıl zinət əşyasının tərkibində mis qatqısının olmasını bildirsə də ekspertiza rəyindən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya satılan sep 583 əyarlı qızıldır. İddiaçı və cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən baxış iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, o, iddiaçını uzun müddətdir tanıyır və aralarında çoxsaylı alqı-satqı əməliyyatları olmuşdur. Təxminən üç il əvvəl iddiaçıya "reket" formalı boyunbağı satmışdır. Həmin reket formalı sep qızıldır, hər hansı saxtalıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində X2 ifadə verərək bildirmişdir ki, tərəflərnən tanış deyil. Belə ki, cavabdehin lombardına qızıl qoymağa gedərkən tərəflər arasında olan mübahisənin şahidi olmuşdur. Mübahisənin isə iddiçıaya cavabdeh tərəfindən saxta qızıl verməsi səbəb olmasını sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində X1 ifadə verərək bildirmişdir ki, Güldənə onun qonşusudur. X5 dalaşmasını bilmişdir. Belə ki, Güldənə lombarda qızılı qoymuşdur. Qızılları götürəndə 48 qram qızılın əvəzinə saxta qızılların verilməsini görmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qədd edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ona Cavabdeh tərəfindən verilmiş 31 qramlıq qızıl sepin tərkibində mis qatqısının olmasını əsas gətirərək mağazaya getdikdə aralarında mübahisə yaranmış, mübahisə barədə Şəmkir Rayon Polis Şöbəsinə müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin xx.xx.2025-ci il tarixli 6/539-9/784 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan boyunbağı- üzərində “583” əyar damğası həkk olunmuşdur, metal 583 əyarlı qızıla uyğundur, çəkisi 31.09 qramdır. Beləliklə, məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 1 ədəd 31 qramlıq 583 əyarlı qızıl sep almış, bunun əvəzində iddiaçının deməsinə görə özünə məxsus qızıl-zinət əşyalarını vermiş, cavabdehin deməsinə görə isə qızıl sepin dəyəri ödənilməklə satılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona verilmiş 31 qramlıq 583 əyarlı qızıl sepin razılaşmaya uyğun olmayan keyfiyyətdə verilməsini əsas gətirərək həmin əşyanın əvəzində verdiyi qızılları naturada, onlar olmadıqda isə onların dəyərini tələb etmişdir. Məhkəmə, iddia tələbinə aid olan hissə ilə bağlı qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində, iddiaçı və iddiçının nümayəndəsi izahatında cavabdeh tərəfindən ona təqdim edilən qızılın tərkibində mis qarışığının olmasını, lazımi keyfiyyətdə olmamasını, həmin qızıl-zinət əşyasının əvəzində cavabdehə müxtəlif qızılzinət əşyalarını verməsini göstərmiş olsa da, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/539-9/784 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi qızıl sep tədqiqata təqdim edilmiş, həmin 1 ədəd sarı rəngli metaldan boyunbağı- üzərində “583” əyar damğası həkk olunmuşdur, metal 583 əyarlı qızıla uyğundur, çəkisi 31.09 qramdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 662.1-ci maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 662.2-ci maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 663-cü maddəsinə əsasən Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. 587-ci maddəsinə əsasən Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş, qızıl zinət əşyasının lazımi keyfiyyətdə ona təqdim edilməməsini, həmin qızıl-zinət əşyasının əvəzində cavabdehə qızıl-zinət əşyalarını verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən, İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM–in 124.2–ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar