Məhkəmə qərarları › İş №2(076)-80/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-80/2024

15.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-80/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ümumi əmlakdakı payın naturada bölgüsü, mümkün olmadıqda cavabdehdən kompensasiya alınması, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq dəyərinin paylara mütənasib bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ümumi əmlakdakı payın naturada bölgüsü, mümkün olmadıqda cavabdehdən kompensasiya alınması, bu da mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq dəyərinin paylara mütənasib bölünməsi tələbinə dair ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda həmin torpaq sahəsinin və fərdi yaşayış evinin kompensasiya pulunun cavabdehdən alınması, cavabdeh kompensasiya ödənilməsinə razı olmadıqda, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylara uyğun bölünməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi onun, ½ hissəsi isə cavabdehin ümumi birgə mülkiyyətindədir. Bu barədə adlarına xx.xx.2015–ci il tarixli, Seriya RX saylı ******* saylı Çıxarış da tərtib edilmişdir. Lakin o, hazırda mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, cavabdehdən payına düşən hissənin naturada ayrılmasını tələb etsə də, cavabdeh razı olmamışdır. Həmçinin, cavabdeh ona kompensasiya verməkdən də boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda həmin torpaq sahəsinin və fərdi yaşayış evinin kompensasiya pulunun cavabdehdən alınması, cavabdeh kompensasiya ödənilməsinə razı olmadıqda, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylara uyğun bölünməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının, cavabdehin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətindədir. İşdə olan xx.xx.2015–ci il tarixli, 504–1–877 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 3–16– 16/2–10/5520 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 212,2 kv.m olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh payına uyğun şəkildə naturada ayrılması “İnşaat norma və Qaydaları” 2.08.01.89–un 1.1, 2.2, 2.4 və 2.9–cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 212,2 kv.m olan fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Belə ki, fərdi yaşayış evi iki mərtəbəli olduğu üçün və yardımçı tikililərin bölünməsi zamanı təyinatı üzrə istifadəsində məhdudiyyətlər yaranacağı üçün naturada payların bölgüsü mümkün deyildir. İşdə olan Təklifin surətindən görünür ki, İddiaçı Cavabdeh təklif göndərərək, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin real bazar dəyəri olan 70.000 manatın kompensasiya qismində ona ödənilməsini təklif etmişdir. İşdə olan poçt qəbzindən görünür ki, Cavabdeh xx.xx.2024–cü il tarixdə təklifi almışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətindədir. Tərəflər fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Lakin əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmiş, bundan sonra iddiaçı cavabdeh təklif göndərərək, Şəmkir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 114,3 kv.m sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin real bazar dəyəri olan 70.000 manatın kompensasiya qismində ona ödənilməsini təklif etmişdir. Cavabdeh xx.xx.2024–cü il tarixdə təklifi alsa da, susmuş və hər hansı hərəkət etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən və fərdi yaşayış evindən payının naturada ayrılmasını, yaxud cavabdehdən kompensasiya alınması, bu da mümkün olmadıqda, həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılmasını, satışdan əldə edilmiş pulun bölünüb payının ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1–ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri ilə işin məhkəmədə müəyyən edilmiş hallarının sistemli təhlil edərək hesab edir ki, hazırkı mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh mübahisəli əmlak üzərində bərabər hüquqlu paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Ona görə də iddiaçının tələbi bu hissədə əsaslıdır. Belə olan halda isə mübahisəli həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilmiş pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə, həm də öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli torpaq sahəsinin açıq hərracdan satılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6–cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–220.4–cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ½ hissəsi iddiaçının, ½ hissəsi cavabdehin ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 212,2 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilmiş satış pulunun ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh verilməlidir Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 212,2 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılsın, əldə edilmiş satış pulunun ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh verilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar