Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-99/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus 8250 (səkkiz min iki yüz əlli) manat dəyərində əmlakının və ya dəyəri qədər pulun, eləcə də dövlət rüsumuna və mediyasiya görə ödədiyi 100 manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 qaynanası, Cavabdeh2 isə sabiq əridir. Cavabdeh2 ilə faktiki olaraq evlənmişlər və nikahları xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində 35 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğundan cavabdehlə faktiki olaraq ayrılmışlar. Ona görə cavabdehlə nikahın pozulması tələbinə dair 16 aprel 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. O Cavabdeh2 ilə evlənərkən toy günü onun birgə yaşadığı, anası Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçürülmüşdür. Cehiz əşyaları da həmin evə köçürülmüşdür. Cavabdehdən faktiki olaraq ayrılıb valideyinləri evinə gedərkən cavabdehlər ona məxsus olan qızıl zinət əşyalarını verməkdən imtina etmişlər. Toy hədiyyəsi olaraq ona alınmış aşağıdakı qızılzinət əşyaları cavabdehlərdə qalmışdır. 583 əyarlı 16 qramlıq 3500 (üç min beş yüz) manat dəyərində brilliant qaşlı 1 ədəd qolbağı, 583 əyarlı 2 qramlıq brilliant qaşlı 200 (iki yüz) manat dəyərində 1 ədəd qolbağı, 583 əyarlı 15 qramlı 1800 (bir min səkkiz yüz) manat dəyərində 1 ədəd boyunbağı, 583 əyarlı 7 qramlı 1 ədəd brilliant qaşlı 1000 (bir min) manat dəyərində klon, 583 əyarlı 12 qramlı 1 ədəd brilliant qaşlı 1800 (bir min səkkiz yüz) manat dəyərində sırğa üzük, 583 əyarlı 6 qramlı 1 ədəd 300 (üç yüz) manat dəyərində üzük, cəmi 8250 (səkkiz min iki yüz əlli) manat dəyərində olan əmlakı cavabdehlərdə qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, evdə əri Cavabdeh2 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı hətta cavabdeh ona məxsus telefonu özü ilə aparmağa icazə verməmişdir. Belə olan şəraitdə qızılları da götürə bilməmişdir. Bundan başqa cavabdehlə bir evdə qalan zaman ona məxsus qızıl-zinət əşyaları cavabdehin bacısının həyat yoldaşı tərəfindən lombarda girov qoyulmuş, bacısnın həyat yoldaşından soruşaq zaman borcu bağladığını və qızılları cavabdehə geri qaytardığını bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirir ki, tələb əsassızdır. İddiaçı ilə faktiki ailə qurmuş və nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Aralarında olan mübahisə ilə əlaqədar ayrılmışlar. İddiaçıya məxsus qolbaq, sep, klon və komplekti girov qoyaraq pul götürmüşdür. İddiaçı ilə aralarında mübahisə baş verən zaman iddiaçı evi tərk edərkən qızıllar girovda olmuş, iddiaçı daha sonra cehizlərini onların evindən götürməyə gələn günü girovdan çıxarıb evə qoymuş, idddiaçı cehizlərini çıxaran zaman qızılları da götürmüşdür. Lakin iddiaçı cehiz əşyalarını götürdükdə qızılların tamamını və ona da hədiyyə edilmiş qızıl üzüyü onlara vermişdir. Eyni zamanda bacısnın həyat yoldaşı tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşyaları girov qoyulmuş, lakin sonra borcu qaytardıqdan sonra bacısının həyat yoldaşı qızılları ona vermiş, o isə İddiaçı geri qaytarmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirir ki, İddiaçı ilə oğlu Cavabdeh2 faktiki ailə quraraq 2022-ci ildə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları iddiaçıya onlar tərəfindən hədiyyə olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 725206 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünü rki, X1 08 aprel 2022-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh2, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 33 nömrəli "xxxx" MMC-nin məktubundan görünür ki, 583 əyarlı 16 qramlıq brilliant qaşlı 1 ədəd qolbağı 3500 (üç min beş yüz) manat, 583 əyarlı 2 qramlıq brilliant qaşlı 1 ədəd qolbağı 200 (iki yüz) manat, 583 əyarlı 15 qramlıq 1 ədəd boyunbağı 1800 (bir min səkkiz yüz) manat, 583 əyarlı 7 qramlıq 1 ədəd brilliant qaşlı klon 1000 (bir min) manat, 583 əyarlı 12 qramlıq 1 ədəd brilliant qaşlı sırğa üzük 1800 (bir min səkkiz yüz) manat, 583 əyarlı 6 qramlıq 1 ədəd üzük 300 (üç yüz) manat, cəmi 8250 (səkkiz min iki yüz əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-00705 nömrəli mediasiya sessiyasının davam etdirilə bilməməsi baradə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə saat 15:00-da mediasiya sessiyasında iştirak etmiş, lakin mediyasiya prosesinin davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh2 tərəfindən vurulması üzrə müraciətinə baxılaraq Cavabdeh2 izahatında göstərmişdir ki, aralarında son vaxtlar mübahisələrin olması və sonuncu dəfə yəni, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Çinarənin əmisinin yas mərasimindən evə gəldikdən sonra Çinarə ilə mübahisləri yaranmış və əli ilə bir neçə dəfə Çinarəni vurmuşdur. Şəmkir Rayon Məhkəməsi 2(076)-2117/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Həmin qərardad əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 9/7470 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 02 adda zərgərlik məmulatlarının orta bazar qiyməti nəzəri qaydada təxminən 1785,00 manat müəyyən edilir. Digər 04 adda məmulatların kütləsi, üzərində olan qaşların istehsal yeri, keyfiyyəti, sayı, mənşəyi, ölçüsü və s. Barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın surətindən görünür ki, girov sahibi kimi Cavabdeh2 585 əyarlı 16,8 qram 6 qaşlı 1024.8 manat dəyərində qolbağ, 585 əyarlı 22,2 qram 6 qaşlı 1354,2 manat dəyərində sep klon, 585 əyarlı 16,2 qram 8 qaşlı 988,2 manat dəyərində komlekt qızıllar pul qarşılığında girov qoyulmuşdur. İşdə olan sənədlərlə, tərəflərin izahatları, disc və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı (iddiaçı) ilə Cavabdeh2 (cavabdeh) nikahlarını rəsmi qeyd etdirməklə, ailə qurmuşlar. Ailə quran vaxt iddiaçıya iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Tərəflər arasında olan ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olunmuş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı iddiaçı evi tərk edən vaxt iddia ərizəsində qeyd edilən qızılları özü ilə aparmamışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara (tərəflərin izahatı və fotoşəkillər) əsasən belə nəticəyə gəlir ki, 583 əyarlı 16 qramlıq 3500 (üç min beş yüz) manat dəyərində brilliant qaşlı 1 ədəd qolbağı, 583 əyarlı 2 qramlıq brilliant qaşlı 200 (iki yüz) manat dəyərində 1 ədəd qolbağı, 583 əyarlı 15 qramlı 1800 (bir min səkkiz yüz) manat dəyərində 1 ədəd boyunbağı, 583 əyarlı 7 qramlı 1 ədəd brilliant qaşlı 1000 (bir min) manat dəyərində klon, 583 əyarlı 12 qramlı 1 ədəd brilliant qaşlı 1800 (bir min səkkiz yüz) manat dəyərində sırğa üzük, 583 əyarlı 6 qramlı 1 ədəd 300 (üç yüz) manat dəyərində üzükdən ibarət qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuş və iddiaçıya hədiyyə edilmişdir. Həmin əşyaların mövcudluğu və iddiaçıya hədiyyə edilməsi ilə bağlı iddiaçının göstərdiyi xüsusatlar cavabdehlər tərəfindən məhkəmə iclasında mübahisələndirilməmişdir. Qeyd edilən qızıl əşyalarının dəyərinə gəldikdə isə məhkəmə həmin əşyaların dəyəri ilə bağlı iddiaçının məhkəmə iclasında verdiyi izahatı inandırıcı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, qızıl əşyalarının dəyəri xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan boyunbağı 1800 manat, 1 ədəd 583 əyarlı çəkisi 6 qram olan 300 manat, xx.xx.2024-cü il tarixli, 9/7470 nömrəli ekspertin rəyində bir ədəd 583 əyarlı, çəkisi 15 qram olan boyunbağı 1275 manat, 1 ədəd 583 əyarlı, çəkisi 6 qram olan qızıl üzük 510 manat müəyyən edilsə də, iddiaçı iddia ərizəsində 1 ədəd 583 əyarlı, çəkisi 15 qram olan boyunbağı 1800 manat, 1 ədəd 583 əyarlı çəkisi 6 qram olan 300 manat kimi qeyd edərək tələb etmişdir. Bu səbəbdən həmin qızıl-zinət əşyalarının dəyəri bir ədəd 583 əyarlı, çəkisi 15 qram olan boyunbağına münasibətdə xx.xx.2024-cü il tarixli, 9/7470 nömrəli ekspertin rəyində qeyd edilən həcmdə, 1 ədəd 583 əyarlı, çəkisi 6 qram olan qızıl üzüyə və digər qızıllara münasibətdə isə iddia tələbində qeyd etdiyi dəyərlə müəyyən edilməlidir. Tələb edilən qızıl əşyalarının kimdə qalması məsələsinə gəldikdə isə məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, həmin qızıl əşyaları həqiqətən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qalmışdır. Belə ki, məhkəmə iclasında sübut kimi təqdim edilmiş disk tədqiq edilən zaman, orada qeyd edilən şəxs Cavabdeh2 bacısının həyat yoldaşı olduğunu və İddiaçı məxsus qızılların girovdan çıxardığını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyini bildirmişdir. Cavabdeh2 həmin səs yazıların bacısının həyat yoldaşına məxsus olduğunu qeyd edərək həmin qızılların sonradan İddiaçı verildiyini bildirmişdir. Bundan başqa iddiaçı və cavabdeh məhkəmə iclasında verdiyi izahatında xx.xx.2024-cü il tarixdə İddiaçı evi tərk edən zaman iddia ərizəsində qeyd edilən qızılları özü ilə aparmamasını qeyd etmişlər. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 583 əyarlı 16 qramlıq 3500 (üç min beş yüz) manat dəyərində brilliant qaşlı 1 ədəd qolbağı, 583 əyarlı 2 qramlıq brilliant qaşlı 200 (iki yüz) manat dəyərində 1 ədəd qolbağı, 583 əyarlı 15 qramlı 1800 (bir min səkkiz yüz) manat dəyərində 1 ədəd boyunbağı, 583 əyarlı 7 qramlı 1 ədəd brilliant qaşlı 1000 (bir min) manat dəyərində klon, 583 əyarlı 12 qramlı 1 ədəd brilliant qaşlı 1800 (bir min səkkiz yüz) manat dəyərində sırğa üzük, 583 əyarlı 6 qramlı 1 ədəd 300 (üç yüz) manat dəyərində üzük, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 8250 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 50 manat xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərəq qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 583 əyarlı 16 qramlıq 3500 (üç min beş yüz) manat dəyərində brilliant qaşlı 1 ədəd qolbağı, 583 əyarlı 2 qramlıq brilliant qaşlı 200 (iki yüz) manat dəyərində 1 ədəd qolbağı, 583 əyarlı 15 qramlıq 1275 (bir min iki yüz yetmiş beş) manat dəyərində 1 ədəd boyunbağı, 583 əyarlı 7 qramlıq 1 ədəd brilliant qaşlı 1000 (bir min) manat dəyərində klon, 583 əyarlı 12 qramlıq 1 ədəd brilliant qaşlı 1800 (bir min səkkiz yüz) manat dəyərində sırğa üzük, 583 əyarlı 6 qramlıq 1 ədəd 300 (üç yüz) manat dəyərində üzük, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 8250 (səkkiz min iki yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-99/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-99/2025
03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver